Diplom, yoxsa peşə: Peşə təhsili ali təhsili əvəzləyəcək? - GƏLİŞMƏ
9-06-2023, 08:43

Bu il Cəlilabad və Lənkəranda yeni peşə təhsili mərkəzləri açılacaq.
Bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini, direktor vəzifələrini icra edən Ceyhun Kərəmov deyib.
Onun sözlərinə görə, həmin mərkəzdə kənd təsərrüfatı, meyvə sənayesi sahələri tədris ediləcək:
"Mərkəzdə ilk dəfə heyvandarlıq ixtisası da tədris olunacaq. Bu məqsədlə mərkəzin ərazisinin yaxınlığında müasir ferma da tikilib. Tələbələr orada heyvanların saxlanılması, onlara göstərilən xidmətlərlə yaxından tanış ola biləcəklər. Mərkəzdə həmçinin əkinçilik və bitkiçilik ixtisasları da tədris olunacağından yaxınlıqda əkin sahəsi də var".
Kərəmov bildirib ki, ilin sonuna Lənkəranda da peşə təhsil mərkəzi açılacaq. Artıq peşə təhsilinin ali təhsili əvəzləməsi və ya üstələməsi haqqında müzakirələr var.
TEREF.AZ-ın məlumatına görə, Cebhe.info-ya açıqlamasında professor Şahlar Əsgərov bildirib ki, peşə təhsili ali təhsili əvəzləyə bilməz:
"O da ali təhslilin bir hissəsi sayılır. Eyni zamanda, peşə məktəbləri də zəruridir. Əvvəllər ölkəmizdə bu pillə üçün əlavə nazirlik də fəaliyyət göstərib. Azərbaycanda peşə və ali təhsilin faiz göstəriciləri dəyişmiş ola bilər. Bu da qorxulu deyil. Bizim cəmiyyətimiz üçün lazım oldan ixtisaslı insanların hazırlanması üçün ali məktəb qədər o da vacibdir. Hər halda bu iki sahə ayrıdır və sözsüz ki, hər cəhətdən fərqlənir.
Rayonlarda peşəyə ehtiyac daha çoxdur, işlə təminat da bu sahələr üçün yüksək olduğundan peşə məktəblərinin açılması zəruri hala çevirilir. İndi bəzən ehtiyac dilpomlu şəxslərdən daha çox peşə məktəbində təhsil alanlaradır. Bunun da günahı bizdədir ki, görünür, planlaşlamada qüsurumuz olub. Əgər 100 diplomluya ehtiyac varsa, biz 120 diplom vermişik".