"Uşaq rus dilində normal danışırsa, maneədən söhbət gedə bilməz” - Qəbulla bağlı qalmaqal BÖYÜYÜR

9-06-2023, 19:40           
"Uşaq rus dilində normal danışırsa, maneədən söhbət gedə bilməz” -
“1990-cı illərin ortalarından fərqli olaraq, son illər rus bölməsinə maraq bir neçə dəfə artıb. İstəsək də, istəməsək də reallıq bundan ibarətdir”.

TEREF.AZ bildirir ki, bu sözləri Bizim.Media-ya açıqlamasında təhsil eksperti Nadir İsrafilov rus bölümü üzrə 1-ci sinfə qəbul imtahanında yaradılan problemlərdən danışarkən qeyd edib.

Onun sözlərinə görə, rus bölməsinə axının səbəblərindən biri işə götürənlərdən rus dilini bilməsinin əsas şərt kimi tələb edilməsidir:

“Bu dilə meyillilikdə digər səbəb də rus dilində oxuyanın gələcəkdə bu dilin onun quracağı karyerasında köməyinin olacağını düşünməsidir. Bu dilə maraq niyə artıb? Bəlkə bunun əsas və başlıca səbəblərindən biri elə təməl sayılan uşaq bağçalarında rus və ingilis dillərinə xüsusi yer ayrılmasıdır, bir çox elit ailələrin dəb xatirinə ailədə və məişətdə rus dili danışığına üstünlük verməsidir? Bəlkə bir çox şirkətlərin işə qəbul olunanlar qarşısında rus dilini mükəmməl bilmək tələbi qoymasıdır?

Bir sıra insanların rusdilli olması ilə özlərini elit və kübar göstərmək istəyi də bu səbəblərdən biridir. Lakin, problem heç də yaranmış vəziyyətə fərqli yanaşmalarla bitmir. Təbii prosesin süni yollarla qarşısının alınması və rus dilində tədrisin əleyhinə getmək də düzgün mövqe, eləcə də vəziyyətdən yeganə çıxış yolu hesab edilə bilməz. Əsas problem rus dilində təhsil almağa müraciətlərin çoxluğunda, rus bölməsində yerlərin məhdudluğundadır”.

Ekspert qeyd edib ki, Azərbaycan dili bizim dövlət dilimizdir və bu dili hamı bilməlidir: Bununla belə, xarici dillərdən birini və hətta bir neçəsini bilmək də dövrün əsas tələbidir:

“Peşəkar rusdilli müəllimlərin çatışmazlığı və yaxud təlimi rus dilində olan məktəblərdə Azərbaycan dilinin tədrisinin zəifliyi heç də o demək deyil ki, bununun səbəbkarı məhz rus dilidir. Problemi aradan qaldırarkən səbəb-nəticə əlaqələrinə biganə yanaşmaq, nəticəni qabardıb, səbəblərdən yan keçmək heç bir halda vəziyyətdən çıxış yolu ola bilməz.

Bəlkə, bunun başlıca səbəbi Azərbaycan bölməsində rus dilinin tədrisinin, rus bölməsində Azərbaycan dilinin tədrisi səviyyəsinin valideynləri lazımınca qane etməməsidir? Bir müddət əvvəl keçirdiyi brifinqlərdən birində nazir də vəziyyətin o qədər də ürəkaçan olmadığını dilə gətirmişdi.

Məsələnin həll yollarından biri rus dili bölmələri üçün yeni siniflər açmaqdır. Səmimi deyim ki, mövcud rus bölmələrinin keyfiyyətini saxlamaq Elm və Təhsil Nazirliyi üçün kifayət qədər ağrılı məsələdir. Çünki müəllim yoxdur"

Nadir İsrafilov vurğulayıb ki, mövcud təlimatlara əsasən digər dildə tədris aparılan bölmədə oxumaq istəyən uşaqların birinci sinfə qəbulu zamanı həmin dil üzrə şifahi nitq bacarıqları qiymətləndirilir:

“Uşaqlar şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibə mərhələsində iştirak etməlidir. Müsahibədən keçə bilməyən uşaqlar digər dildə tədris aparılan bölmələr üzrə təhsil ala bilməzlər. Bəzi hallarda sadə müsahibəni ciddi imtahana çevirənlər də var. Bu da şübhəsiz ki, ayrı-ayrı valideynlərin haqlı narazılığına səbəb olur.

Əgər, ailəlikcə rusdillidirlərsə və uşaq da rus dilində normal danışır, anlayır, qavrayırsa hər hansı bir maneədən söhbət gedə bilməz və müsahibəni imtahana çevirənlər də əks mövqedə olduqları barədə bir daha ciddi düşünməlidirlər. Bu məsələdə hər iki dilə münasibəti optimallaşdırmaq üçün rusdilli bölmələrdə Azərbaycan dili dərslərinin səviyyəsini artırmaq və gücləndirmək lazımdır. Azərbaycan bölməsində də əksinə rus dili dərslərini gücləndirmək lazımdır”.

Ekspert sözügedən məsələnin mahiyyətinin ciddi araşdırılması və optimal variant tətbiq olunmasının vacibliyinə də toxunub.

O, bildirib ki, təhsil qanununvericiliyimizdə də nəzərdə tutulub ki, Azərbaycan Respublikasının təhsil sistemi milli zəminə və ümumbəşəri dəyərlərə əsaslanır, demokratik xarakter daşıyır:

“Rus dilinə meyillilik Azərbaycan dilinə mane ola bilməz. Rus dilində təlim və tərbiyənin yüksək səviyyədə olması barədə əvvəlki düşüncələr də artıq mifə çevrilib. İstənilən halda ana dilimizin mükəmməlliyini qoruyub saxlamalı və xarici dillərdən heç birini heç bir halda doğma dilimizi üstələməyinə yol verməməliyik”.

Qeyd edək ki, Bizim.Media-nın redaksiyasına övladı rus bölməsi üzrə qəbul imtahanından keçməyən iki valideyn müraciət edib.

Hər iki valideyn uşaqların müsahibə zamanı bütün suallara cavab verdikləri halda əsassız yerə kəsildiklərini iddia edərək Bakı Şəhəri Təhsil İdarəsinin nəzdindəki Apelyasiya Komissiyasına müraciət edib.

Əlavə olaraq Elm və Təhsil Nazirliyi Bizim.Media-nın gündəmə gətirdiyi məsələ ilə bağlı açıqlama verib.

Amma Nazirliyin açıqlamasında rus bölümü üzrə qəbuldan söhbət getmir. Qurum məsələni digər tərəfə çəkərək, I sinfə qəbul olanların 90%-nin müsahibəyə cəlb olunmadığını qeyd edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.