Eldən gedən Kərəm Məmmədov....

12-06-2023, 07:44           
Eldən gedən Kərəm Məmmədov....
Kərəm Məmmədov 1965-ci il fevral ayının 22-də Dmanisi rayonunun (1947-ci ilə qədər Başkeçid) Gəyliyən kəndində anadan olmuşdur.
1982-ci ildə həmin kənddə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsinə qəbul olunmuşdur.
1983–1985-ci illərdə Əfqanıstan Respublikasında hərbi xidmətdə olmuş, əsgərlikdən qayıtdıqdan sonra təhsilini Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində davam etdirmişdir. 1987-ci ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təhsilini davam etdirmək üçün Leninqrad Dövlət Universitetinin tarix fakültəsinə (indiki Sankt-Peterburq Universiteti) göndərilmişdir. 1990-cı ildə Leninqrad Dövlət Universitetində tarix fakültəsinin "Antropologiya və Etnoqrafiya" ixtisasını fərqlənmə diplomu ilə bitirmiş, işlə təmin olunmaq üçün Azərbaycan Respublikasının Xalq Təhsili Nazirliyinin sərəncamına göndərilmişdir. 1991–1993-cü illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsinin "Azərbaycanın qədim dövr və orta əsrlər tarixi" kafedrasında baş laborant vəzifəsində çalışmış, 1993–1996-cı illərdə əyani aspiranturada təhsil almışdır. 1995-ci ildən Bakı Dövlət Universitetinin tarix fakültəsində çalışır, Azərbaycan və rus bölmələrində "Antropologiya", "Qafqaz xalqlarının antropologiyası", "Qafqaz xalqlarının etnoqrafiyası", "Etnoqrafiya", "Ermənilərin tarixi", "Gürcüstan tarixi", "Antropometriya" fənlərini tədris edir. "Antropologiyanın əsasları" və "Qafqaz xalqlarının etnoqrafiyası" dərsliklərinin müəllifidir. 1996-cı ildə "İslamaqədərki Azərbaycanda dini inanclar" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Elmi və pedaqoji fəaliyyəti 100-ə qədər elmi əsərdə öz əksini tapmışdır. 1996-cı ildən Bakı Dövlət Universitetinin tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya" kafedrasının müəllimidir.
1996-cı ildə Yunanıstanın Afina və İonina şəhərlərində elmi məzuniyyətdə olmuş, 1998-ci ilin fevral ayında Beynəlxalq Altayşünaslıq konfransında "Altay xalqlarında şamançılıq" mövzusunda elmi məruzə ilə çıxış etmişdir. 2004-cü ilin iyul ayında Bakı Dövlət Universitetinin "Arxeologiya ve Etnoqrafiya" kafedrasının dosenti vəzifəsinə seçilmişdir. Türkiyədə Azərbaycanın İstanbul Baş Konsulluğunun təşkil etdiyi elmi konfransda "Cənubi Qafqaz əhalisinin etnik antropologiyası" mövzusunda məruzə ilə çıxış etmişdir. 2009-cu ilin fevralında nümayiş etdirilən "Borçalı" filminin ssenari həmmüəlliflərindən biridir. Hazırda "Borçalı orta əsrlərdə" adlı dissertasiya işi üzərində çalışır. 2019-cu ilin aprelində Bakı Dövlət Universitetinin Tarix fakültəsinin arxeologiya və etnoqrafiya kafedrasının müdiri vəzifəsinə seçilmişdir.
Azərbaycan, türk və rus dillərini sərbəst, ərəb, alman və gürcü dillərini isə orta səviyyədə bilir. Evlidir, 3 övladı var.
2023-cü il iyunun 10-da gecə saatlarında alimin vəziyyəti qəfil pisləşib və dünyasını dəyişib. Onun ürək tutmasından vəfat etdiyi ehtimal olunur.
Ruhu şad olsun!
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.