QARABAĞ QAZİSİ VƏ QARDAŞININ MÜƏMMALI ÖLÜMLƏRİ… - “İki qardaşımın ölümü də bu qadının yanında olub, dövlət qurumlarına şübhəli gəlmədi?!”

12-06-2023, 18:46           
QARABAĞ QAZİSİ VƏ QARDAŞININ MÜƏMMALI ÖLÜMLƏRİ… -
Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Əliyev küçəsi, ev 67-də yaşayan, mərhum Qazi bacısı Qəniyeva Qərənfil Rəşid qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edən şikayətçinin müraciətini olduğu kimi dərc edirik:

“Cənab Prezident!

Mən, Qəniyeva Qərənfil Rəşid qızı, yazaraq sizə bildirirəm ki, şikayətimə ətraflı baxılmır. Sizdən xahiş edirəm, mənim işimə ədalətli baxılması üçün tapşırıq verəsiniz.

Hüquqlarım məhv edilib. İşimin düzgün aparılmadığı barədə Respublika Prokurorluğuna müraciət etmişəm.

Deməli, Səhiyyə Nazirliyinin Gəncə Tibb Kollecində müəllimə işləyən, keçmiş gəlinimiz Rəcəbova Afət Məzahir qızı atamın, anamın evini gizli, xəbərimiz olmadan öz adına keçirib.

Rəcəbova Afət Məzahir qızı mərhum qardaşım İsmayılov Əfqan Rəşid oğlunun həyat yoldaşı olub. Qardaşım 1998-ci ildə vəfat edib. Afət Rəcəbova ilə bir yerdə olarkən, müəmmalı şəkildə Bakı şəhərində dənizdə boğularaq vəfat edib.

Gəncə şəhərinin keçmiş icra başçısı Elmar Vəliyev 18.11.2005-ci ildə Ə.Əliyev prospekti, ev 4, mənzil 22-nin İcra Hakimiyyətində olan hesab vərəqəsini mərhumə anam Qarayeva Səriyyə Əmirxan qızınının adından çıxardaraq, Rəcəbova Afət Məzahir qızının adına dəyişdirilməsi ilə bağlı 330 saylı sərəncam vermişdir. Bu sərəncam saxta sənədlər əsasında verilmişdir. Çünki həmin mənzildə Qarayeva Səriyyə Əmirxan qızının oğlu, Qazi İsmayılov Bəxtiyar Rəşid oğlu yaşamışdır. Rəcəbova Afət həmin mənzilə, kiçik qardaşım İsmayılov Əfqan Rəşid oğluna gəlin gəlimişdir. Ev Əfqanın olmamışdır. Orderdə heç Afət Rəcəbovanın yoldaşı, yəni qardaşımın adı olmayıb. Ev qardaşımın olmadığı halda, bu qədər saxtakarlıq necə olub?

Bu saxta sənədləri hazırlayanlar səlahiyyətlərini aşaraq, mülkiyyət hüquqlarımızı pozmuşdur. Belə çıxır ki, həmin məmurlar ölkə başçısının etimadından sui-istifadə etmişdir.

2001-ci ildə Afət Rəcəbova polis sahə müvəkkilinin iştirakı ilə mənzildə olan cehiz əşyalarını yığışdırıb getmişdir. Bu barədə sahə müvəkkilinin, cehiz sahibinin və 2 nəfərin imzası ilə tərtib olunmuş akt var. Afət Rəcəbova evi tərk edib getmişdir. Yəni 2022-ci ilə qədər həmin ünvanda yaşamayıb.

Həmin mənzildə böyük qardaşım, Qarabağ Qazisi İsmayılov Bəxtiyar Rəşid oğlu yaşayıb. 2022-ci ilin yanvar ayında təcili yardımla xəstəxanaya aparılıb və orada da vəfat edib.

Ali savadlı, müəllimə kimi tanınan Afət Rəcəbova, əslində, bir saxtakardır. O, 2005-ci ildə qaynı, Qarabağ qazisi həmin mənzildə yaşayarkən, bizim evimizə öz adına sərəncam alıb. Dövlətimiz tərəfindən qazilərə bu qədər hörmət edilir. Amma bu qadın Qaziyə anasından, atasından qalma bir evi saxta sənədlərlə öz adına keçirmişdir. Bütün məhkəmə və polis orqanları da bu qadına dəstək olur. Kim və yaxud kimlər bu saxtakarlığın arxasında durursa, açılmağına imkan vermirlər. Vəkillər sənədlərlə tanış olduqda deyirlər ki, bəli, saxtakarlıq var, amma sübüt etməyimizə imkan verilmir.

Afət Rəcəbova Qarabağ Qazisininin evini hiylə işlədərək əldə edib. Maraqlısı odur ki, qardaşımın ölümünü bizdən gizlədib. Niyə, hansı səbəbə gizlətdiyi bu günə kimi bizə qaranlıqdır.

Həmin mənzildə qardaşım üçün başsağlığına gələn qonşulara qapını acmayıb. Evi zəbt edib. Mənzilin qapısını dəyişib, qardaşımın ölümü barədə bizi məlumatlandırmayıb.

Ölüm səbəbi barədə polisə müraciət etdim. Səbəbini bilmədik. Kimsəsiz, yiyəsiz kimi qardaşım dəfn olunub. Polisdən harada dəfn olunduğunu öyrəndik. Həmin gündən indiyədək bu qadının arxasında hansı vəzifəli şəxslər durursa, heç bir orqan nə qardaşımın ölümünü, nə də evin saxtakarlıqla başqasının adına keçməsini araşdırmırlar.

Hörmətli redaksiya! Sizdən xahiş edirəm, Qarabağ Qazisi İsmayılov Bəxtiyarın ölüm səbəbinin araşdırılmasında mənə kömək edəsiz. Ümid edirəm ki, sizin saytda səslənəndən sonra bu işi düzgün araşdırmağa başlayarlar.

Keçmiş gəlinimiz Afət bizi doğma evimizə buraxmır. Qazinin ailəsi ayrı mənzildə yaşayır. 2 övladı var. Övladları ilə daimi əlaqəsi olub.

Ata, ana evimizi öz adına sənədləşdirib. İki qardaşımın ölümü bu qadının yanında olub, dövlət qurumlarına heçmi şübhəli gəlmədi?!

Anam həmin mənzili vəsiyyətnamə ilə mənə miras qoymuşdur. Mən Bakı şəhərində kirayə qalaraq, Qarabağ Qazisi orada yaşadığına görə, həmin mənzili adıma rəsmiləşdirmədim. Düşündüm ki, qardaşımın xoşu gəlməz, ona pis təsir edər.

Vəfat edəndən sonra vəsiyyətnamə əsasında Gəncə İnzibati Məhkəməsinə müraciət etmişəm. Məhkəmə həmin mənzilə dair müraciət etmək hüququmun olmadığını, vəsiyyətnamənin heç bir hüquqi əhəmiyyət daşımadığı barədə qərardad qəbul edib. Bir sözlə, məhkəmə Qarabağ Qazisinin hüquqlarını, övladlarının hüquqlarını və mənə verilən vəsiyyətnaməni araşdırmır. Rəcəbova Afət bizi və Qarabağ Qazisinin 2 övladını həmin mənzilə buraxmır.

Bu yazını oxuyan bütün orqanlar, səlahiyyətli şəxslərdən xahiş edirəm ki, bu işə düzgün baxılması üçün tapşırıq verəsiniz”.

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.