"Çelsi"nin satışından gələn pul hələ də Ukraynaya köçürülməyib - MÜƏMMA

14-06-2023, 12:45           
"Çelsi"nin satışından gələn pul hələ də Ukraynaya köçürülməyib - MÜƏMMA
Əvvəllər Roman Abramoviçə məxsus olan “Çelsi” futbol klubunun satışından əldə olunan vəsait Britaniya hakimiyyəti tərəfindən hələ də Ukraynaya köçürülməyib.

Musavat.com xəbər verir ki, "The Daily Telegraph” qəzetinin dərc etdiyi məlumata görə, vəsaitlərin köçürülməsindəki gecikmə Avropa İttifaqının mövqeyi ilə bağlıdır.

Böyük Britaniya hökuməti hazırda bu vəsaitlərin istifadəsi ilə bağlı Aİ ilə məsləhətləşmələr aparır. London onların ukraynalı qaçqınlara kömək üçün göndərilməsində israr edir, Brüssel isə vəsaiti birbaşa Ukraynaya köçürməyi təklif edir.

Roman Abramoviç 2022-ci ilin martında Ukrayna hadisələri ilə əlaqədar Böyük Britaniyanın sanksiya siyahısına daxil edilib və onun ölkədəki aktivləri dondurulub. Keçən may ayında Premyer Liqanın idarə heyəti "Çelsi"nin iş adamı Todd Boli konsorsiumuna 4,25 milyard funt sterlinqə (5,36 milyard dollar) satılmasını təsdiqləyib. Eyni zamanda, 2,5 milyard funt-sterlinq (3,15 milyard dollar) klubun özü üçün nəzərdə tutulub, yerdə qalan 1,75 milyard funt-sterlinq (2,21 milyard dollar) isə onun inkişafına yatırılmalı idi.

2022-ci il mayın 25-də Britaniya hökuməti Abramoviçə komandanı satmaq üçün xüsusi lisenziya verib, o şərtlə ki, özü gəliri almasın. Krallığın hakimiyyət orqanları "Çelsi"nin satışından əldə edilən vəsaitin xeyriyyə təşkilatlarına, o cümlədən ukraynalı qaçqınlara yardım edənlərə köçürülməsinə nəzarət etmək niyyətində olduqlarını bildiriblər.

Bu vəsaitlərin bölüşdürülməsi ilə BMT-nin Uşaq Fondunun Britaniya bölməsinin keçmiş icraçı direktoru Mayk Penrozun rəhbərliyi ilə “Çelsi” tərəfindən yaradılmış xüsusi fond məşğul olur. “The Daily Telegraph” qeyd edir ki, Böyük Britaniyanın baş naziri Rişi Sunak Ukraynaya vəsaitin köçürülməsinin gecikməsinə görə deputatların tənqidi ilə üzləşə bilər. Həmçinin qeyd olunur ki, Britaniya hakimiyyəti Abramoviçin 2021-ci ildən Portuqaliya vətəndaşı olduğunu nəzərə alaraq, bu məsələ ilə bağlı Aİ ilə əlaqə saxlayır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.