"Vaqner" döyüşçülərindən heç kim yenidən rüsvayçılıq yolu ilə getmək fikrində deyil..."

15-06-2023, 21:49           
"Vaqner" döyüşçülərindən heç kim yenidən rüsvayçılıq yolu ilə getmək fikrində deyil..."
"Priqojinin "ipi buraxılıb", onun Afrikada öz "dayaq aparatı" var..."

"Qoy onlar bir-birini qırsınlar və özlərinə bənzərlərini də məhv etsinlər..."

Priqojin Putinə meydan oxuyub, Arestoviç onun buna necə cəsarət etdiyini izah edib

Əvvəllər Rusiya Müdafiə Nazirliyini kəskin tənqid edən "Vaqner qrupu" özəl hərbi şirkətinin sahibi Yevgeni Priqojin indi Kreml rəhbəri Vladimir Putinə meydan oxuyur.

Moderator.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi bəyan edib.

Nazirlik xatırladıb ki, iyunun 10-da Rusiya MN belə bir əmr verib: "Vaqner qrupu" kimi bütün "könüllü bölmələr" bilavasitə Rusiya Müdafiə Nazirliyi ilə müqavilələr imzalamalıdır.

Putin iyunun 13-də televiziya ilə çıxış edərək bu addımı birbaşa dəstəkləyib və Müdafiə Nazirliyinin əmrinin onunla şəxsən razılaşdırıldığını təsdiq edib.

Nazirlik qeyd edib ki, Priqojin dəfələrlə Rusiya Müdafiə Nazirliyini açıq şəkildə və kəskin surətdə tənqid edib, eyni zamanda, Kreml rəhbərinin nüfuzuna bel bağlayıb.

Lakin Putinin şərhlərinə rəğmən, Priqojin iyunun 14-də bəyan edib ki, "Vaqner" döyüşçülərindən heç kim yenidən rüsvayçılıq yolu ilə getməyə hazır deyil. Ona görə də onlar müqavilələr imzalamayacaq".

"Priqojinin ritorikası Rusiya isteblişmentinin daha geniş təbəqələrinə meydan oxumağa çevrilir. 2023-cü il iyulun 1-də könüllülərin müqavilə imzalanmasının son müddətidir, ehtimal ki, həmin gün qarşıdurmada həlledici nöqtə olacaq", - britaniyalı ekspertlər güman edib.

Priqojinin imtina etməsini müzakirə edərkən, rusiyalı hüquq müdafiəçisi Mark Feyqin ukraynalı hərbi icmalçı Aleksey Arestoviçlə söhbətində izah edib ki, Müdafiə Nazirliyi ilə müqavilə imzalamaqla üzdəniraq "könüllülər" (əslində isə özəl hərbi şirkətin muzdluları) hüquqi cəhətdən MN sistemi komandanlığının altına keçir.

"Oradan pullar, silah, döyüş sursatları, amunisiya alacaqsınız, sizə oradan rəhbərlik ediləcək. Mənin fikrimcə, bu, Priqojin üçün böyük aparat məğlubiyyəti olardı", - Feyqin qeyd edib.

Lakin Arestoviç əmin edib ki, Priqojin artıq tabeçilikdən çıxıb, "ipi buraxılıb", çünki onun öz "dayaq aparatı" var.

"Və bu aparat Sudanda, Mərkəzi Afrika Respublikasında, Malidə, qismən Mozambikdə, qismən Anqolada-bir neçə Afrika dövlətlərində yerləşir.

Bu aparat sxemlərində Priqojinin dayanıqlığı onunla təmin edilir ki, Rusiya elitasının bir çox nümayəndələri onun vasitəsilə aktivlərini çıxarıb Afrikada gizlədir.

Və Priqojin bu sistemdə həlledici oyunçulardandır, ondan asanlıqla qurtula bilməzsən. Başqa cür pulları harada gizlətmək olar ki? Söhbət böyük pullardan gedir", - Arestoviç qeyd edib.

O, güman edib ki, "Priqojin ən çox Afrikadan "çıxmaq" istəmir ki, ona toxunmasınlar.

"İyulun 1-nə çox qalmayıb. Biz bu hadisələrin inkişafını məmnuniyyətlə izləyəcəyik. Əgər məsələ "Vaqner"lə onu tərksilah edib Rusiya qoşunlarına tabe etməyə cəhd edənlərlə savaşa gedib çıxarsa, biz hərarətlə hər iki tərəfə azarkeşlik edəcəyik", - Arestoviç deyib.

"Qoy onlar bir-birini qırsınlar və özlərinə bənzərlərini də məhv etsinlər", - Feyqin əlavə edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.