Misir İmperiyası necə yoxa çıxdı? – Böyük çöküşün arxasındakı sirr

16-06-2023, 11:18           
Misir İmperiyası necə yoxa çıxdı? –
Qədim Misir böyük tarixə və mədəni zənginliyə malik bir sivilizasiya idi. Bu sivilizasiya böyük və möhtəşəm piramidaları, mifoloji tanrıları və ilahələri və fironları ilə tanınır. Nil çayı boyunca uzanan bu inkişaf etmiş imperiya təkcə siyasət, din və mədəniyyətin yox, həm də elm, riyaziyyat və mühəndisliyin astanasıydı. Nil çayı üzərində yerləşən Misir İmperiyası Tutanxamon, III Tutmos və II Ramzes kimi əfsanəvi fironlarla öz gücünün zirvəsinə çatmışdı. Misir İmperiyası müasir Misirdən tutmuş Sina yarımadasının şimalına və qədim Xanan torpaqlarına qədər uzanan geniş coğrafiyaya nəzarət edirdi və o dövrün ən şanlı imperiyası hesab olunurdu. Amma bu böyük sivilizasiya zaman keçdikcə əvvəlki şöhrətini itirməyə başladı.

Teleqraf.com xəbər verir ki, Misir İmperiyasının süqutu tarixin ən mühüm və ən böyük sirlərindən biri hesab olunur.

Bu çöküşün səbəbləri arasında bəzi siyasi, iqtisadi və sosial problemlər var. III Ramzesin ölümü, Tunc dövrünün süqutu, yoluxucu xəstəliklərin yayılması, mis və firuzə mədənlərinə nəzarətin itirilməsi, yadelli fironların taxta keçməsi kimi bir çox faktorlar Misirin süqutunun əsas səbəbləridir.

Misir İmperiyasının sonuncu böyük fironu - III Ramzes

III Ramzes Misiri 31 il idarə etmişdi və “böyük fironlar”ın sonuncusuyu. Onun hakimiyyəti Dəniz Xalqları kimi tanınan sirli istilaçıların dövrünə təsadüf edir. Dəniz Xalqlarının kimliyi hələ də dəqiq bilinməsə də, aclıq nəticəsində Şərqi Aralıq dənizindən köç edərək yeni vətən axtaran tayfalar olduğu düşünülür.

İstilaçı Dəniz Xalqlarının donanmaları Merenptax və III Ramzesin hakimiyyətləri dövründə Misirə iki dəfə hücum etmişdi. III Ramzes e.ə. 1177-ci ildə Dəniz Xalqlarının ikinci böyük işğalçı hücumunu uğurla dəf edib, bu qələbəsi Mədinət Habudakı məzarının divarlarına həkk olunub. III Ramzes Dəniz Xalqları ilə döyüşməyi bacarsa da, hərəmxanasındakı qısqanc arvadlarından biri tərəfindən öldürülüb.

Tunc dövrünün süqutu

Bu, Misir imperiyasının zəifləməsində də təsirli oldu. E.ə. XII əsrdə bütün Aralıq dənizi bölgəsi “Tunc dövrünün süqutu” kimi tanınan fəlakətlə üzləşdi. Bir çox dövlətlər, Dəniz Xalqları quraqlıq və qıtlıq nəticəsində yoxa çıxdı. Məsələn, Mikena və Het sivilizasiyaları. Misir İmperiyası Dəniz Xalqlarına qarşı uğur qazandığı üçün uzun müddət salamat qala bildi. Amma 150 il davam edən quraqlıq nəticəsində məhv olmaqdan xilas ola bilmədi.

Yoluxucu xəstəliklər

III Ramzesin ölümündən sonra taxta çıxanlardan biri də V Ramzesdir. Tarixçilərin fikrincə, V Ramzesin mumiyasında çiçək xəstəliyinin izləri var. Onun bu xəstəlikdən öldüyü bəlli olmasa da, qeydlər göstərir ki, V Ramses və ailəsi yeni qazılmış məzarlarda basdırılıb, 6 ay sonra isə məzarına ziyarətə icazə verilib. Bu, fironun məzarının xəstəlik nəticəsində karantinə alınmış ola biləcəyini deməyə əsas verir.

Dördüncü faktor

V Ramzes və VI Ramzesin hakimiyyətləri dövründə Misir və Sina yarımadasındakı mühüm mis və firuzə mədənlərinə nəzarət itirildi. İddiaya görə, Misir e.ə. 1140-cı ilə qədər Sina və Xanandan tamamilə geri çəkilib.

Talan

E.ə. XII əsrin sonlarında - IX Ramzesin dövründə Misirdə məzar quldurluğu geniş yayılmışdı. Zəifləyən imperiyada iqtisadi vəziyyət çox pis idi və fironun nüfuzu aşağı düşmüşdü. Sonda fironlar xalq qarşısında hörmətlərini itirdilər. Məzarlıqlar qarət edilərək Misirin sərvətləri ələ keçirildi.

Yadelli fironlar

Böyük süqutda taxta çıxan yadelli fironların da rolları olub. Yeni dönəmdə Misirin artıq əvvəlki gücü yox idi. Nəticədə taxt-taca yadelli fironlar çıxmağa başladılar. Əvvəlcə Misirin qərb sərhədindən köç edən liviyalılar gəldilər.

Başqa bir amil

Liviya əsilli firon I Şoşenk e.ə. əvvəl X əsrdə İsrail və Yəhuda krallıqlarına hücum etmiş və III Ramzesin şöhrətini qaytarmağa çalışsa da, uğursuz olmuşdu. E.ə. VIII əsrdə Misir taxtına Nubilər və ya Kuşitlər çıxdılar. Kuşit fironları Assurlar tərəfindən məğlub edilməzdən əvvəl təxminən 100 il ərzində Misiri uğursuz idarə etdilər. Bu, Misirin sonunun başlanğıcı idi.

Son illər

Misir Makedoniyalı İsgəndərin ölümündən sonra ölkəni idarə edən Ptolemeylər sülaləsi ilə son şanlı illərini yaşadı. İsgəndəriyyədə əzəmətli ellinist paytaxtı tikən Ptolemey fironlarından ən məşhuru VII Kleopatra idi. E.ə. 30-cu ildə Kleopatra və Mark Antoni Roma imperatoru Oktavian tərəfindən məğlub edildikdə, Misir Romanın əyalətinə çevrildi və beləliklə, sözün əsl mənasında şöhrətini itirdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.