200 balla universitetə girib diplomla çıxan şəxs: - Mütəxəssis ola bilirmi?

2-09-2023, 09:59           
200 balla universitetə girib diplomla çıxan şəxs: -
Xəbər verdiyimiz kimi, bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə aparılan ixtisas seçimi müsabiqəsinin nəticələri açıqlanıb.

Açıqlanan nəticələrlə ixtisaslar üzrə keçid balları müəyyən edilib. Bəzi ixtisaslar üzrə keçid balları 200 və ya 200 baldan aşağı olub. Keçid ballarının aşağı olması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Lakin dünya təcrübəsində bəzi universitetlər tələbə qəbulunu təkcə attestat və ya dil biliyi, hədəf məktubu ilə aparır. Əgər bunlar varsa, peşəkar mütəxəssis yetişdirmək ali təhsil müəssisəsinin öhdəsində qalır. Ona görə də bu gün qeyd edilən balla ali məktəbə qəbul olanlara savadsız damğası vurub, onlardan mütəxəssis olmayacaqlarını demək tezdir.

Bəs ali təhsil ocaqlarımız necə, bu balla universitetə qəbul olan abituriyentlərdən peşəkar mütəxəssis hazırlaya bilirmi?

TEREF.AZ-ın məlumatına görə, mövzu ilə bağlı Cebhe.info-ya danışan təhsil sahəsi üzrə ekspert Kamran Əsədov deyib ki, yüksək bal toplamaq savadlı mütəxəssis olmaq demək deyil:

“Azərbaycanda 30 ildən atrıqdır həyata keçirilən test üsulu ilə qəbul imtahanları, sadəcə, ali və orta ixtisas təhsil müəssisələrinə qəbulun şəffaflığını təmin edir. Qəbul və qəbulun nəticələri bilik, savad göstəricisi deyil. Sizin qəbul imtahanında 700 bal toplamanız sizin tam bilikli, savadlı mütəxəssis olmanız da demək deyil.

Mütəxəssislər ali məktəblərdə yetişirlər. Hazırda keçirilən qəbul imtahanları çox saylı, bu və ya digər bilik və bacarıqlara malik olan insanların birini digərindən fərqləndirir. Onların həmin göstəricilər əsasında ali məktəblərə qəbul olmağına imkan verir. Test savad, bilik göstəricisi deyil, test sadəcə seçim üsuludur”.

Ekspert əmək bazarına daxil olan mütəxəssislərin yetişməsində universitetin həlledici rol oynadığını qeyd edib:

“Bu il 150 balla ali məktəblərə qəbul olmaq mümkün oldu. O şəxslər ali təhsil müəssisəsini bitirdikdən sonra əmək bazarına daxil olacaqlar. Amma onların əmək bazarındakı bilik və bacarıqları onların 11 il ərzində əldə etdikləri orta məktəb bilikləri, qəbul imtahanında topladıqları bal deyil, əyani və qiyabi olmaqla 4-5 il ərzində ali məktəblərin 4 divarı arasında onlara verilən biliklərin, formaşadırılan bacarıqlarla müəyyənləşir. Ölkə rəhbərliyi tərəfindən ayrı-ayrı illərdə verilən qəraralarda əsas məqsəd ali təhsilin əlçatanlığın təmin edilməsidir ki, bu da təmin olunub”.

O, əvvəlki illərə nisbətən şagird sayının azaldığını və plan yerlərinin artdığını bildirib:

“2010-cu ildə Azərbaycanda ali təhsil müəssisələrinin qəbul plan yeri cəmi 29 min idi. İndi isə bu rəqəm, təqribən 56 mindir. Orta məktəb şagirdlərimizin sayı 2010-cu ildə 110 min idisə, indi 80 minə qədər düşüb. Təbii ki, plan yerlərinin artması birmənalı şəkildə balların aşağı düşməsinə gətirib çıxarır. Yüksək ballar da var. Bakı Dövlət Universitetinə və Ali Neft Mərkəzinə 600 baldan yuxarı ixtisaslar üzrə keçid ballar formalaşıb. 200 balla qəbul olmaq ona görə baş verir ki, onlar müsabiqə şərtini ödəyirlər. Bu, minimum dövlətin tələbidir. Dövlət deyir ki, mənim üçün kiminsə 200 bal toplaması, blok üzrə müvafiq balı toplaması müsabiqə şərtinin minimumunu ödənməsi deməkdir. Əgər müsabiqə şərtini ödəyirsə, həmin insan minumum bilikli, bacarıqlı mütəxəssisə çevrilə bilər.

Birmənalı şəkildə biz onların zəif olduğunu deyə bilmərik. Dövlət deyir ki, 200-dən yuxarı bal toplayan şəxsin anlama, dinləmə, yazma və oxuma bacarıqları var və mən onu mütəxəssis olaraq ali məktəblərdə yetişdirəcəyəm. Dünya təcrübəsində də bu var. Dünyanın ən nüfuzlu universitetlərinə qəbulda sadəcə olaraq şəxsin dil bilgiləri yoxlanılır. Yəni minumum anlama, dinləmə, oxuma, yazma bacarıqları olsun. Universitetə qəbul sizin bu bacarıqlarınızı yoxlamalıdır. Yoxsa kimyanı yüksək səvyyədə bilib, gedib universitetdə də kimyanı öyrənmək düzgün deyil. Bizə elə gəlir ki, biz universitetə qəbul olanda hər şeyi bilməliyik.

Orta məktəbdən fərqli olaraq yeni biliklərin əmək bazarının tələbinə, işəgötürənin istəyinə uyğun, müasir standartlarına uyğun biliklər əldə etməkdir. Ona görə də biz kiminsə 150-200 balla ali məktəbə qəbul olmasını problem olaraq görməməli, yaxud onların mütəxəssisə çevrilə bilməyəcəyini indidən iddia etməməliyik. Hazırda Azərbaycan ali təhsil müəssisələrində 187 min tələbə var. Əgər 50 min nəfər qəbul olunursa, 4 ildən sonra onların yalnız 42 faizi ixtisas üzrə işləyə bilir. Yəni ixtisas üzrə bilik və bacarıqlı şəxslər 50 faizin altındadır. Ali məktəblər əmək bazarının tələbinə cavab verən kadrlar hazırlığını həyata keçirməlidir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru