Qara sentyabr, kralın fədailərlə savaşı, terror tarixində ilk... İordaniya kralı fələstinli yaraqlılarla necə mübarizə aparırdı
Bu gün, 00:06

İordaniya kralı fələstinli yaraqlılarla necə mübarizə aparırdı
“Qara sentyabr” ifadəsi bütün dünyada 1972-ci ildə Münhen Olimpiadası zamanı məşhurlaşdı. Həmin vaxt bu adı daşıyan fələstinli terrorçu təşkilatın üzvləri israilli idmançıları öldürdülər. Terrorçular bu adı 1970-ci ilin sentyabrında baş vermiş faciəli hadisələrin xatirəsinə seçmişdilər.
Dövlət içində dövlət
İordaniya kralı Hüseyn ibn Təlal üçün 1970-ci ilin sentyabrı növbəti dəfə ölümdən qurtulmaqla başladı. Kral 1 sentyabrda qızı Aliyəni qarşılamaq üçün hava limanına gedirdi. Qızının uçduğu təyyarə eniş etməzdən az əvvəl kral korteji atəşə tutuldu. Kral xəsarət almadı və təyyarənin Beyruta yönləndirilməsi barədə əmr verdi.
Qəsddən dərhal sonra İordaniyanın paytaxtı Ammanda atışma başladı. İordaniya ordusu “kralla düşmən olan ərəb döyüşçüləri” ilə (Amerika mətbuatının ifadəsi) və ya “fələstinli partizanlar”la (sovet mətbuatının ifadəsi) döyüşə girdi.
Birinci ərəb-yəhudi müharibəsindən (1947-1949) sonra İordaniyanın nəzarətində olan İordan çayının qərb sahili və Şərqi Qüds 1967-ci il Altıgünlük müharibə nəticəsində İsrailin nəzarətinə keçdi. Bunun ardınca İordaniyaya böyük fələstinli qaçqın axını başladı. Krallıq ərazisində qaçqınların sayı 2 milyona çatdı (birinci dalğa birinci ərəb–yəhudi savaşı nəticəsində gəlmişdi). FƏTH-in (Fələstinin Milli Qurtuluş Hərəkatı) qərargahı Suriyadan İordaniyaya köçürüldü. FƏTH Fələstin Azadlıq Təşkilatına (FAT) daxil olduqdan sonra təşkilata FƏTH-in təsisçilərindən olan Yasir Ərəfat rəhbərlik etməyə başladı.
Fələstin silahlı dəstələrinin döyüşçüləri – fədailər – İordaniya ərazisindən İsrailə müntəzəm hücumlar edirdilər.

İordaniya kralı Hüseyn əvvəlcə fələstinli qrupları dəstəkləyirdi. FƏTH-in bazası və Yasir Ərəfatın qərargahı İordaniyanın sərhəd şəhəri Karamehdə yerləşirdi. 1968-ci il martın 21-də İsrail ordusu bu şəhərə hücum etdi. Əməliyyatın məqsədlərindən biri Ərəfatın həbsi idi. Döyüş 15 saat davam etdi. İordaniya ordusu fələstinliləri dəstəklədi. İsrail tərəfdən itkilər, müxtəlif rəylərə görə, 28–33 nəfər arasında oldu, ən azı 69 nəfər yaralandı. İordaniya ordusunun itkiləri 40–87 nəfər ölü, ən azı 108 nəfər yaralı idi. Fələstinlilərdən 100–156 nəfər həlak oldu, 100 nəfər yaralandı. Bir neçə iordaniyalı hərbçi və 120–150 arası fələstinli əsir götürüldü (fələstinlilərin iddiasına görə, əsirlərin çoxu dinc sakin idi). Hər iki tərəf özünü qalib elan etdi.
Zaman keçdikcə FAT daha müstəqil oldu, dövlət içində dövlətə çevrildi və İordan çayının şərq sahilindəki ərazilərə faktiki nəzarət etməyə başladı. Bu da İordaniya kralı ilə Fələstin təşkilatları arasında münasibətləri pisləşdirdi. Daha radikal qruplar monarxiyanın devrilməsinə çağırırdılar. Kral Hüseynin İsraillə münasibətləri normallaşdırmaq cəhdləri də fələstinlilərin narazılığına səbəb olurdu.
1970-ci ildə vəziyyət o qədər gərginləşdi ki, silahlı qarşıdurmalar başladı. İlk toqquşmalar fevralda oldu. Münaqişənin kulminasiyası iyunun əvvəlində yaşandı – Amman ətrafında döyüşlərdə hər iki tərəfdən təxminən 200 nəfər öldü, 800 nəfərə qədər yaralandı. 9 iyunda kralın həyatına sui-qəsd cəhdi oldu.
Atəşkəs qonşu ərəb dövlətlərinin vasitəçiliyi ilə əldə edildi. İyulun 10-da kral Hüseyn və FAT lideri Yasir Ərəfat saziş imzaladılar. Kral fələstinlilərin mübarizəsini dəstəkləməyi və İordaniya ərazisindən İsrailə hücumların qarşısını almamağı öhdəsinə götürürdü. Əvəzində fələstinlilər İordaniyanın suverenliyinə hörmət edəcəklərinə və döyüşçülərin böyük hissəsini Ammandan çıxaracaqlarına söz verdilər.
Bu saziş uzunömürlü olmadı.
Beşdən dördü
Sentyabrın əvvəlində Fələstinin Xalq Qurtuluş Cəbhəsi (FXQC) dünya terrorizm tarixində ilk dəfə təyyarə qaçıraraq girov götürmə əməliyyatı keçirdi. İlk dörd cəhd 6 sentyabrda edildi, onların üçü uğurlu oldu.
Terrorçuların ilk hədəfi İsrailin El Al aviaşirkətinə məxsus, Amsterdamda enişlə Təl-Əvivdən Nyu Yorka uçan Boeing-707 idi. İlkin plana görə, təyyarəni dörd terrorçu ələ keçirməli idi. Lakin ikisi təyyarəyə buraxılmadı – İsrail təhlükəsizlik xidməti (El Al qaydalarına görə, bütün reyslərdə uçuşdan əvvəlki təhlükəsizlik yoxlaması aviaşirkətin öz xidməti tərəfindən həyata keçirilirdi) onların seneqallı pasportlarından şübhələndi: nömrələri yalnız bir rəqəmlə fərqlənirdi. Digər ikisi — “ər-arvad”, yəni honduras pasportları və birinci sinif biletləri olan şəxslər də şübhə doğurdu, amma onlara minməyə icazə verildi. Bunlar fələstinli Leyla Xalid və Nikaraqua inqilabçı təşkilatı Sandinist Milli Azadlıq Cəbhəsinin üzvü, ABŞ vətəndaşı Patrisio Arguello idi.
Uçuşdan təxminən yarım saat sonra Xalid və Arguello, tapança və əl qumbaraları ilə silahlanmış halda pilot kabinəsinə yaxınlaşdılar. Təyyarənin kapitanı Uri bar Lev onları içəri buraxmaqdan imtina etdi. Xalid dedi ki, 10-a qədər sayacaq, qapı açılmasa, təyyarəni partladacaq. Terrorçuların tələbinə boyun əymək əvəzinə, kapitan təyyarəni kəskin enişə yönəltdi. Ayaq üstə olan hər kəs yerə yıxıldı. Arguello keçidə qumbara atmağa — xoşbəxtlikdən partlamadı — və stüarda atəş açmağa macal tapdı. Bundan sonra onu hava marşalı (sərnişin qiyafəsində təhlükəsizlik əməkdaşı) güllələdi. Xalid isə zərərsizləşdirildi. Təyyarə Londona endi. Yaralı stüard xəstəxanaya, Leyla Xalid isə həbsxanaya aparıldı.
Həmin gün Amerikanın TWA aviaşirkətinə məxsus Boeing-707 (dünyanı dolanan 741 nömrəli reys) Afina və Frankfurt-Maynda dayanmaqla Təl-Əvivdən Nyu Yorka uçmalı idi. Təyyarə Belçika üzərində olarkən silahlı bir kişi pilot kabinəsinə soxuldu. O, ikinci pilota revolver tuşlayaraq, kursu dəyişməyi tələb etdi. Onun qadın ortağı isə səsgücləndirici ilə elan etdi: “Yeni kapitanınız danışır. Təyyarə Fələstin Xalq Qurtuluş Cəbhəsi tərəfindən ələ keçirildi. Biz dost ölkəyə uçuruq, orada dost xalq yaşayır”. Təyyarədə 147 sərnişin və 11 heyət üzvü var idi.
TWA-nın tutulmasından bir neçə dəqiqə sonra İsveçrənin “Swiss Air” aviaşirkətinə məxsus “Douglas DC-8–53” (100-cü reys, Süriх – Nyu York) Fransa üzərində oxşar ssenari ilə ələ keçirildi. Kişi və qadın, revolver, pilotlara hədə-qorxu, kursu dəyişmək tələbi, sonra da səsgücləndirici ilə elan. Təyyarədə 145 sərnişin və 12 heyət üzvü var idi.
Bu iki təyyarə terrorçuların əmri ilə Douson-Filddə, İordaniyanın Zerka şəhəri yaxınlığındakı səhrada yerləşən keçmiş aerodromda yerə endi. FXQC aerodroma “İnqilabi hava limanı” adını verdi.
Həmin gün daha bir təyyarə — Amerikanın “Pan Am” aviaşirkətinə məxsus, Amsterdamda enişlə Brüsseldən Nyu Yorka uçan (93-cü reys) “Boeing-747” “El Al” reysinə buraxılmamış terrorçular tərəfindən ələ keçirildi. Saxta “seneqallılar” həmin reysin birinci sinfinə iki bilet aldılar. Təyyarənin ölçüləri Douson-Fildə enməyə imkan vermədiyi üçün terrorçular onu Beyruta yönləndirdilər. Burada təyyarəyə minən doqquz nəfər özləri ilə çoxlu partlayıcı gətirdi.
Təxminən eyni vaxtda ABŞ-ın Beyrutdakı səfirliyinə zəng edildi. Zəng edən bildirdi ki, terrorçulara 1 milyon dollar ödənilməsə, ələ keçirilən üç təyyarə partladılacaq.
“Pan Am” təyyarəsi Beyrutdan Qahirəyə uçdu. Burada sərnişinlərə və ekipaja təyyarəni tərk etməyə icazə verildi, sonra “Boeing” partladıldı. Terrorçular isə Misir polisi tərəfindən saxlanıldı.
FXQC tələblərini irəli sürdü: 72 saat ərzində Leyla Xalid, Almaniya və İsveçrədə həbsdə olan altı fələstinli, habelə İsrail həbsxanalarındakı bütün fələstinli yaraqlılar azad edilməli, öldürülmüş Patrisio Arguellonun cəsədi İordaniyaya verilməli idi.
Əks halda, terrorçular girovları öldürəcəkləri ilə hədələyirdilər. FXQC ilə danışıqlara ABŞ da qoşuldu — girovların arasında çoxlu amerikalı var idi.
İordaniya ordusu nümayəndələrinin terrorçularla apardığı danışıqlardan sonra qadınlar və uşaqlar (israillilər istisna olmaqla) azad edildi. Onlar Ammandakı “Intercontinental” hotelinə yerləşdirildilər.
Terrorçular ABŞ vətəndaşı olan 10 sərnişini ümumi qrupdan ayıraraq, gizli sığınacaqda gizlətdilər — İsrailə girovları azad etməkdən ötrü güc əməliyyatı keçirməyə imkan verməmək üçün.
Danışıqlar davam etdiyi vaxt FXQC öz mövqelərini möhkəmləndirirdi. Üç terrorçu 8–9 sentyabr tarixlərində Bombey–London marşrutu üzrə (775 nömrəli reys) uçan Britaniyanın BOAC aviaşirkətinə məxsus “Vickers VC-10” təyyarəsini ələ keçirdi.

Hadisə marşrutun Bəhreyn–Beyrut hissəsində baş verdi. Beyrutda yanacaq doldurulduqdan sonra təyyarə “İnqilabi hava limanı”na yönləndirildi. Beləliklə, terrorçuların nəzarətindəki təyyarələrin sayı üç oldu və ultimatuma verilən vaxt sentyabrın 13-ə qədər uzadıldı.

Sentyabrın 12-də terrorçular niyyətlərinin ciddiliyini göstərmək üçün bütün girovların təyyarələri tərk etməsinə icazə verdilər, sonra isə üçünü də partlatdılar. 400-dən çox girovun böyük hissəsi azad edildi. Terrorçuların əlində əsasən kişilər qaldı.
Ertəsi gün Böyük Britaniya hökuməti girov mübadiləsinə hazır olduğunu elan etdi. Sentyabrın 15-də girovluqda 54 nəfər qalmışdı. Onların hamısı sentyabrın sonuna qədər azad edildi, eyni zamanda Leyla Xalid və Almaniya ilə İsveçrə həbsxanalarında olan altı fələstinli də buraxıldı.
Douson-Fildə qaçırılan təyyarə terrorunun nəticələrindən biri 1970-ci illərin əvvəlində bütün dünya hava limanlarında sərnişinlərin və baqajın daha ciddi yoxlanması, metal detektorlarının tətbiqi oldu.
Kralın gedişi
1970-ci il sentyabrın 12-də ABŞ prezidenti Riçard Nikson İordaniyadakı vəziyyəti özünün milli təhlükəsizlik üzrə müşaviri Henri Kissincer ilə telefonla müzakirə edirdi.
“Kissincer: Biz Hüseyni fədailərə qarşı çıxmağa inandıra bilərik və ona hərbi dəstək verərik. Hava dəstəyi.
Prezident: Mən də məhz bunu istəyirəm...
Kissincer: Kral hava dəstəyi olmadan fədailərdən qurtula bilsə, ən idealı olardı.
Prezident: Bizim köməyimiz olmadan”.
Sentyabrın 15-də kral Hüseyn yaxın müşavirlərini təcili iclasa topladı. Ordu rəhbərliyi kralı əmin etdi ki, ölkənin iri şəhərlərini iki-üç günə fədailərdən təmizləmək mümkündür. Ertəsi gün kral mülki hökuməti istefaya göndərdi və yeni — hərbi hökumət təyin etdi. Onun başında Şərqi Qüdsdə anadan olmuş fələstinli general Məhəmməd Davud dururdu. Ölkədə hərbi vəziyyət elan edildi. Ordu fələstinlilərə qarşı döyüş əməliyyatlarına başladı. Amman şəhərinə qoşun yeridildi. Fələstinlilərin nəzarətində olan İrbid, Cərəş, Əs-Salt və Zerka şəhərləri hücuma məruz qaldı. Fədailərin bazası kimi istifadə olunan fələstinli qaçqın düşərgələri də atəş altına düşdü.
Generalların vəd etdiyi üç gün ərzində İordaniya ordusu qələbə qazana bilmədi. Üzərinə Fələstin Azadlıq Ordusunun (FAT-ın hərbi qanadı) tanınma nişanları çəkilmiş tanklar Suriya tərəfdən İordaniyaya daxil oldu.
ABŞ hakimiyyəti Suriyanın İordaniya daxili işlərinə qarışmasını pislədi və qoşunların çıxarılmasına çağırdı. ABŞ Hərbi Dəniz Qüvvələrinin Altıncı donanmasına aid gəmilər İsrail sahillərinə göndərildi. Kral Hüseyn ABŞ-dan Suriya işğalına qarşı hərbi yardım istədi. Öz növbəsində ABŞ hökuməti Suriyaya təsir göstərməsi üçün sovet hökumətinə müraciət etdi.
SSRİ-nin ABŞ-dakı səfirliyinin müşaviri Yuli Vorontsov ABŞ Dövlət departamentinə belə bir xəbər çatdırdı: SSRİ ümid edir ki, ABŞ İsrailin münaqişəyə müdaxiləsinin qarşısını alacaq; SSRİ suriyalıları hərbi əməliyyatları dayandırmağa inandırmağa davam edəcək; digər dövlətlərin İordaniyanın daxili işlərinə qarışması qəbuledilməzdir. SSRİ-nin ABŞ-dakı səfiri Anatoli Dobrinın isə Henri Kissincerə bildirdi ki, Sovet İttifaqı Suriyanın İordaniyaya müdaxilə planlarından xəbərsiz olub və sovet müşavirləri sərhədi keçmədən Suriya tanklarını tərk ediblər. 22 sentyabrda Suriya tankları geri çəkilməyə başladı. Bu uğurdan qanadlanan İordaniya ordusu fələstinlilərin mövqelərinə hücumu gücləndirdi.
İordaniyadakı vəziyyət qonşu ərəb dövlətlərinin ciddi narazılığına səbəb oldu. 21 sentyabrda Qahirədə Ərəb Dövlətləri Liqasının ilk fövqəladə sammiti açıldı. İordaniyanı təmsil edən baş nazir Məhəmməd Davud sammitin gedişində istefa verdi və Misirdən siyasi sığınacaq istədi. Misir prezidenti Camal Əbdül Nasir onu İordaniya məsələləri üzrə məsləhətçisi təyin etdi. Sentyabrın 25-də atəşkəs barədə razılıq əldə olundu. Sammitin son günündə, sentyabrın 27-də İordaniya kralı Hüseyn və FAT lideri Yasir Ərəfat Qahirədə müvafiq saziş imzaladılar. Vasitəçi qismində çıxış edən prezident Nasir isə ertəsi gün vəfat etdi.

Qara sentyabrda on günlük döyüşlər zamanı 537 iordaniyalı hərbçi (rəsmi qiymətləndirmə), 100-dən 600-ə qədər suriyalı hərbçi, 2-3,4 min arası fələstinli həlak oldu (Yasir Ərəfat 25 min nəfərin öldüyünü iddia edirdi).
Qara sentyabrdan “Qara Sentyabr”a
Oktyabrın 13-də kral Hüseyn və Yasir Ərəfat arasında daha bir saziş imzalandı. Fələstinlilər İordaniya suverenliyini tanımaq, ictimai yerlərdə hərbi geyim və silah daşımamaq öhdəliyi götürdülər. İordaniya tərəfi sazişin FAT-ı Fələstin xalqının yeganə nümayəndəsi kimi tanıma bəndini rədd etdi.
1971-ci ilin əvvəlində FAT rəhbərliyi, o cümlədən Yasir Ərəfat Livana köçdü.
Yeni sazişə baxmayaraq, ən radikal fələstinli qruplar hökumət qüvvələri ilə toqquşmaları davam etdirirdilər. 1971-ci ilin yanvarında İordaniya ordusu fələstinlilərin mövqelərinə hücuma başladı, mart ayında İrbidi nəzarətə götürdü, apreldə isə fədailəri Ammandan Əclun və Cərəş şəhərləri ətrafındakı meşələrə çəkilməyə məcbur etdi. İyulda sonuncu fədailər Əclun bölgəsində mühasirəyə alındı. 2–2,5 min fələstinlidən təqribən 250 nəfər öldürüldü, qalanları əsir götürüldü. Təxminən 200 nəfər İordan çayını keçərək, İsrailə təslim oldu. İordaniya əsirliyində olan döyüşçülərə Suriyaya və Livana keçməyə icazə verildi, burada İordaniyanı daha əvvəl tərk etmiş silahdaşları yaşayırdılar.
İyulun 17-də kral Hüseyn mətbuat konfransında bəyan etdi ki, İordaniyanın suverenliyi tam bərpa edilib və artıq “Fələstin problemi” mövcud deyil.
1970-ci ilin Qara sentyabrı 1971-ci ilin iyulunda başa çatdı. Amma az sonra yeni “Qara sentyabr” – terror təşkilatı yarandı. Onun ilk qurbanı İordaniyanın baş naziri Vəsfi Təl oldu. O, fədailərə qarşı hərbi əməliyyatlara rəhbərlik etməkdə, həmçinin FƏTH komandanlarından biri – Əbu Əli Əyyada işgəncə verilməsində və öldürülməsində şəxsən iştirak etməkdə günahkar bilinmişdi.
1971-ci il noyabrın 28-də “Qara Sentyabr”ın dörd üzvü Təli Qahirədəki “Sheraton” hotelinin foyesində güllələdilər. Qatillər girov müqabilində azadlığa buraxıldılar və Misiri tərk etdilər.
Sonralar “Qara Sentyabr” təşkilatı bir neçə terror aktı törətdi. Onlardan ən məşhuru 1972-ci ildə Münhendə israilli olimpiyaçıların qətli oldu. İsrailin “Mossad” xidməti “Qara sentyabr”ın yüksək vəzifəli üzvlərinin qətlini həyata keçirməyə başladığından, təşkilat 1974-cü ilin dekabrında rəsmən buraxıldı.
Hazırladı: Yadigar Sadıqlı
Mənbə: BURDA