Səviyyəsiz verilişlərin tamaşaçısı niyə çoxdur?

29-10-2023, 16:07           
Səviyyəsiz verilişlərin tamaşaçısı niyə çoxdur?
Hər zaman baş verən hadisələrin pozitiv tərəfini tapmağa çalışmışam. Əksər hallarda buna nail ola bilirəm. Lakin bəzən alınmır. Neqativlərə gözlərini yumursan, qulaqlarını tıxayırsan, özünü lap anlamazlığa da qoyursan... Yenə də alınmır ki, alınmır. Elə bil beyninin içində cırcırama cırıldayır, arı vızıldayır.

Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli də dilə gəldi. Dedi ki, adam Azərbaycan telekanallarına baxanda utanır. Şitlik, bayağılıq adamın sinirlərinə işləyir. Televizoru bağlayırsan, həyatından rədd edirsən, bu dəfə internetdə gözünü mozol edir həmin səhnələr. İşimiz, yaşayışımız, dünyamız indiki məqamda internetsiz çətindir. Jurnalistlər üçün isə mümkünsüzdür...

Azərbaycanda nə üçün şitliyin, bayağılığın bu qədər potensial müştərisi yetişdi? Bu toplumu kim hazırlayıb ekranların qarşısına əyləşdirdi? Sözsüz ki, tələb var. Yoxsa, bu verilişlər bircə ay da duruş gətirə bilməz, bağlanardı. Ona görə də, mən telekanalları qətiyyən müqəssir hesab etmirəm. Toplum özü o teleaparıcıları bu bataqlığa çəkir. Yəni satan razı, alan razı. Çoxluğun görmək istədiyi, arzuladığı budur. Cəmiyyət, yeniyetmələr məktəb partası arxasında deyil, sosial şəbəkələrdə tərbiyə alırsa, onların kumirləri kriminal ulduzlar olursa, nəticənin fərqli olmasını kimdən tələb edə bilərik ki?!

Dəyişməyən fikrim odur ki, cəmiyyəti inkişaf etdirən yalnız təhsildir. İkinci fikir də tez-tez səslənir ki, bəs vacib olan ailədir. Düzdür! Amma o ailənin üzvləri – valideynlər normal təhsilə, dünyagörüşünə sahib deyillərsə, o zaman məsələ yenə də gəlib TƏHSİL üzərinə çıxır. Əgər valideyn bütün günü məişət səviyyəsində olan proqramları, gəlin-qaynana, məşuq-sevgili səviyyəsində olan proqramlar izləyirsə, sabah onun övladlarının da elə bu zövqdə olması qaçılmazdır və bayağılığa tələb artan templə davam edir.

Azərbaycanda təhsillə bağlı o qədər deyilib, o qədər yazılıb ki, yeni söz tapıb demək mümkünsüzdür. Düşüncəmə görə, təhsilimiz o zaman dibə yuvarlandı ki, bu sahəyə biznes kimi yanaşıldı. Əzizlər, TƏHSİL biznes olmamalıdır. Təhsil xalqın, millətin, dövlətin gələcəyidir. Toplumun var olmasının 99 faizi məhz təhsillə bağlıdır. O xalqın ki, təhsili inkişaf etmir, o sadəcə potensial müştəriyə çevirilir. Bütün günü zülm-zillətlə pul qazanıb ağıllı toplumların istehsal etdiyi məhsullar üçün xərcləyir.

Biz isə bunun fərqində deyilik. Görünür, anlaya bilmirik. Fərd olaraq bəlkə də bunu çoxluq başa düşür. Amma axı ölkədə bunu həyata keçirməli olanlar ayrı-ayrı fərdlər deyil. Təhsil dövlətin ən strateji sahəsidir. Bir müddət əvvəl yüksək rütbəli bir məmurla vəzifəyə yeni təyin olunmuş şəxs haqda mülahizələrimizi bölüşürdük. Hər ikimiz yeni təyinat alan şəxsin idarəçilik qabiliyyətinin sıfırın altında olmasını bilirdik. Uzun illər idarəçilik təcrübəsi olan müsahibim dedi ki, indi heç bir vəzifə üçün xüsusi qabiliyyətə ehtiyac yoxdur: “Hətta 10-cu sinif şagirdini də vəzifəyə təyin etsən, problem olmaz”. Haqlı idi...

Bu gün ölkəmiz başdan-başa təhsil mərkəzinə çevirilib. Paytaxtın istənilən küçəsində addımlayın, görün, qarşınıza nə qədər təhsil mərkəzləri çıxacaq. İndi elan saytlarında kirayə ofis təqdim edən iş adamları cəlbedicilik üçün obyektlərinin “təhsil mərkəzi üçün ideal” olduğunu ön sırada vurğulayırlar. Kəndlər, qəsəbələr təhsil mərkəzləri ilə doludur. Valideynlər qazandıqları pulları bu mərkəzlərə yatırırlar və onları qınamaq mümkün deyil. Dövriyyədə bəlkə də yüz milyonlar var. Bu təhsil mərkəzlərinin böyük əksəri isə nazirlərin, deputatların, vəzifəli şəxslərindir. Bu sahədə pul qazanmaq mümkün olmasaydı hansısa nazir niyə gedib öz fövqəladə işi ilə məşğul olmaq əvəzinə “təhsil obyekti” açsın ki?!

Şəxsi düşüncəmdir: Azərbaycanda təhsil sahəsində biznes QADAĞAN OLUNMALIDIR! Hazırlığa vaxtında çatmaq üçün yolda dönər yeyən şagirdlər məktəbə qaytarılmalıdır. 2-3 təhsil mərkəzi arasında əsir-yesir olan müəllimlər məktəbə qayıtmalıdır. Təhsil almaq üçün bircə ünvan olmalıdır – Məktəb. Əminəm ki, o zaman cəmiyyət ayrı-ayrı fərdlər şəklində yox, toplu olaraq normal təfəkkürə sahib olacaq. O zaman da telekanallar məhz həmin təfəkkürlərin ehtiyacı olan proqramlar hazırlayacaq. Düşük verilişlərin tamaşaçı yerləri isə bomboş qalacaq.

Elnur Məmmədli
yenisabah












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.