Halloween… – Bayram edirik ya uşağı zəhərləyirik?
1-11-2023, 09:08

Hər il oktyabr ayının sonunda dünyanın bir çox ölkəsində “Ölülər və Cadugərlər Bayramı” qeyd edilir. Bu ərəfələrdə hər kəsin dilində “Halloween” (Helloin) bayramı, özəl geyimi, atributları xüsusi əhəmiyyət kəsb edir. Son illər Azərbaycanda da bayramın qeyd edildiyi restoran və mərkəzlərin sayında atım müşahidə edilir.
Təəssüflə qeyd edə bilərik ki, son zamanlar bu bayramı məktəb və bağçalarda da təntənə ilə qeyd edirlər. Bəzilərində qorxulu formada keçirilir, bir sıra mərkəzlər isə xüsusi çıxmış insan gözü, qorxulu üz, dişlər və s. formalı şirniyyat və geyimlərlə kifayətlənirlər. Hətta sosial şəbəkələrdə valideynlər uşağının psixologiyasını nəzərə almadan bayramın qeyd edildiyi xüsusi mərkəzlər axtarışındadır. Qiymətlər isə hər mərkəzdə xüsusi tənzimlənir. Bir çox yerlərdə bir nəfər üçün 30-50 manat təyin olunub.
Bəs psixoloqlar nə deyir?
Həqiqətənmi dünya ölkələrində qeyd edilən bayramın Azərbaycanda da təntənəli keçirilməsi gərəklidir?
Bu barədə Tribunainfo.az-a açıqlama verən psixoloq, bağça direktoru Zeynəb Eyyubovanın sözlərinə görə, hər mədəniyyətin, bayramın hər bir ölkədə qoyduğu özünəməxsus təsiri vardır:
“Ola bilər ki, uzaq hansısa ölkədə Helloin bayramı daha rahat, asan qəbul edilir, uşaqlar daha rahat oynayır. Mən həm psixoloq, həm bağça direktoru kimi bunu deyə bilərəm ki, bizim uşaqların, hətta deyərdim 50 % adi panda, spiderman kimi qəhrəmanlardan belə qorxurlar. Səs-küylü ortamda narahat olurlar.
Nəzərə alın ki, qorxudan uşaqlarda yaranan kəkələmə üzrə Azərbaycan ilk sıralardadır. Çünki bizim uşaqlar qorxuya meyllidirlər. Belə akustikada, dizaynda, qaranlıq mühitdə keçirilən “Helloin” (Halloween) bayramı Azərbaycan uşaqları üçün məsləhət deyil, bu bizim regiona uyğun bayram deyil”.
Bir uşağın həyatında “Helloin”-nin müsbət təsirinin olmadığını vurğulayan psixoloq, hansısa tədbiri keçirən zaman bunun uşağa təsirinin mühüm əhəmiyyət kəsb etdiyindən bəhs edib:
“Bayramı qeyd edərkən onun uşağa mənfi və ya müsbət təsirini ortaya qoyuruq. Məsələn biz Novruz bayramında uşaqlara küsülülərin barışmasını, bərabər süfrə qurmağı, xonça hazırlamağı öyrədirik. Müsbət dəyərləri aşılayırıq.
Bəs kim deyə bilər bu bayramın müsbət mənada təsiri nədir? Bu uşağın milli-mənəvi, vətənpərvərlik dəyərlərinə hansı sahədə xidmət göstərir? Bir bayramın ki uşağın ruhuna, zehninə, inkişafına xeyri yoxdursa o bayramın əleyhinəyik”.
Şahanə Quliyeva