Son 15 gün ərzində ölkədə nümayişkəranə şəkildə 3 qətl hadisəsi baş verib.
14-11-2023, 10:08

Oktyabrın 28-də Sumqayıt şəhəri Corat bağları yaşayış massivində yerləşən evlərdən birinə hücum olub və odlu silahdan açılan atəş nəticəsində 2 nəfər qətlə yetirilib, 4 nəfər xəsarət alıb; Noyabrın 1-də Xəzər rayonunun Şağan qəsəbəsində 53 yaşlı Cavanşir Abdullayev küçədə güllələnərək qətlə yetirilib; Noyabrın 12-də Yevlaxda 32 yaşlı Əhməd Nəsibov parkda başından güllənərək öldürülüb.
Cinayət hadisələrinin motivləri onu deməyə əsas verir ki, bu, Azərbaycan kimi kiçik ölkə üçün böyük statistikadır və etiraf etmək lazımdır ki, uzun illərdir (ötən il istisna olmaqla) ölkəmizdə qətl hadisələri dinamik və həndəsi silsilə ilə inkişaf etmirdi.
Narahatedici məqam odur ki, qətl hadisələrini həyata keçirən hər üç şəxsin kifayət qədər həyat təcrübəsi və yaşı var. Onlardan biri 1987-ci il, biri 1985-ci il, digəri isə 1989-cu il təvəllüdlüdür. Bu şəxslərin hər birinin müxtəlif kriminal qruplaşmalara yaxın olduğu bildirilir. Cinayət hadisələrinin motivləri bütün ictimai sərhədləri aşır.
Azərbaycanda kriminal durumun səviyyəsi günbəgün artmaqdadır. Ən vacib isə sual budur: bu, kimlərə və nə üçün lazımdır?
3 il ərzində Azərbaycan hüquq-mühafizə orqanları Ermənistana qarşı çox mühüm və uğurlu əməliyyatlar icra edib və torpaqlarımızın işğaldan azad edilməsində müstəsna xidmətlər göstəriblər. Eyni zamanda, uzun illərdir ölkəmizdə hər kəs özünü təhlükəsizlikdə hiss edib, ictimai asayiş ciddi şəkildə qorunub, heç kəs əlinə silah alıb başqa birini küçənin ortasınada güllələmək cəsarəti nümayiş etdirə bilməyib. Şübhəsiz ki, səs-küylü cinayət hadisələrinin statistik artımı hüquq-mühafizə orqanlarının mümkün və mövcud fəaliyyətinin qüsurlu tərəfli görünə bilməz. Bəs, nə baş verir?
Narkomaniyanın və narkotik maddələrin dövriyyəsinin həcmi artdıqca, cinayət hadisələrinin də sayı paralel şəkildə artmış olacaq. Qarabağ ölkənin əsas strateji problemi kimi siyahıdan çıxıb, amma bir müddət sonra ciddi tədbirlər görünməsə, narkomaniya və narkobazar dövlət üçün Qarabağ münaqişəsi qədər ağır və strateji problemə çevriləcək. Genefond sürətlə deqradasiyaya uğrayır.
Günbəgün ağırlaşan sosial durum, sabaha olan ümidsizlik insanları (xüsusilə, gəncləri) daha asan yolla pul qazanmağa və tanınmağa vadar edir. Ölkədə ideoloji iş aparılmır, hər kəs çıxış yolunu ölkəni tərk etməkdə görür, sosial layihələr insanların güzəranını həlledici səviyyədə dəyişə bilmir, korrupsiya və rüşvət açıq şəkildə nümayiş olunur, məhkəmə sistemi problemlərin ədalətli həllini həyata keçirə bilmir və s.
Bütün bu problemlərin həlli üçün strateji plan hazırlanmalıdır.
Diqqət ediriksə, Qarabağ işğaldan azad olunmamışdan öncə Azərbaycanda kriminal durum bəlli sərhədləri aşa bilmirdi. Amma son 2 il ərzində vəziyyət dəyişib. Azərbaycan qalib ölkədir, öz ərazi bütövlüyünü təmin edən dövlət daxildə boşluğun yaranmasına, neqativ tendensiyaların kütləviləşməsinə və dinamik hal almasına imkan verməməlidir.
Samir Feyruzov
Teref: Xocanın Blogu
Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...