Kimlər olimpiadaları izləyir ?
14-11-2023, 11:34

Valideynlərin və uşaqların diqqətinə çatdırıram ki, son zamanlar uşaqların yerli və beynəlxalq olimpiadalara doğru istənilən addımını maraqlı tərəflər diqqətlə izləyirlər.
Artıq ölkəmizdə olan ciddi şirkətlərin məsul şəxsləri, bəzi dövlət qurumları, nüfuzlu universitetlərimizin rektorları, hətta bəzi qlobal şirkətlərin ölkəmizdəki təmsilçiləri yerli olimpiadaların nəticələrini izləyirlər.
Elə rektorlar tanıyıram ki, DİM -in, yaxud ETN-nin qapısının ağzını kəsdirirlər ki, istedadlı uşaqları öncədən müəyyən edib ələ keçirsinlər
Bunları ona görə qeyd edirəm ki, artıq Respublika Fənn Olimpiadalarına qeydiyyat başlayıb. Bu gün saat 15-dən https://portal.edu.az/ portalında qeydiyyat aktivdir.
Bütün beynəlxalq olimpiadalara da yollar məhz bu yarışmadan başlayır.
Beynəlxalq olimpiadaların iştirakçılarını və qaliblərini də qlobal şirkətlər, dünyanın nüfuzlu universitetləri izləyirlər.
Respublika Fənn Olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyatı, coğrafiya və tarix olmaqla ümumilikdə 8 fənn üzrə keçirilir.
Hökumətin qərarı ilə IX-XI sinif şagirdləri arasında keçirilən respublika fənn olimpiadasında birinci, ikinci və üçüncü yer tutmuş şəxslər ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul edilir.
Valideynlər, məktəblər və repetitorlar tərəfindən uşağın məhz bir istiqamət üzrə olimpiadaya hazırlanması doğru olardı.
Ümid edirəm ETN, valideynlər, məktəblər və repetitorlar istedadlı uşaqların üzə çıxarılması prosesinə diqqətlə yanaşacaq, ədalətli və şəffaf yarışma təşkil olunacaq və prosesi uğurla başa vuracaqlar.
Osman Gunduz
Teref: Xocanın Blogu