“Rubl və lirənin ucuzlaşması Azərbaycana mənfi təsir edir" - Ekspert
14-11-2023, 10:05

“Son günlər Rusiya və Türkiyənin milli valyutaları kəskin ucuzlaşır. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, Rusiya rublu 0,0183 manata kimi, Türkiyə lirəsi 0,0597 manata kimi, avro isə 1,8201 manata kimi ucuzlaşıb. Sıx ticari-iqtisadi münasibətlərdə olduğu ölkələrdə milli valyutanın kəskin ucuzlaşması əslində həmin ölkələrdən Azərbaycana idxalı stimullaşdırır. Yəni həmin ölkədən mal və məhsulların sərfəli qiymətə gətirilməsi, əlçatanlığı mümkün olur. İqtisadi və bazar qanunları ilə bu, əslində belə olmalıdır”.
Bunu Bakupost.az -a iqtisadçı ekspert Pərviz Heydərov deyib.
O bildirib ki, Türkiyə ilə iqtisadi, ticarət, eləcə də idxal-ixrac əməliyyatlarımıza, ümumiyyətlə, ölkə daxilində türk məhsul və mallarının qiymətlərinə nəzər salsaq, türk lirəsinin ucuzlaşmasına görə ciddi fərq müşahidə etmirik.
"Bizim də bu ölkələrə ixrac olunan məhsullarımız var. Misal üçün, Rusiya bazarı ölkəmizdə aqrar sahə ilə məşğul olan şəxslərin əsas istiqamətidir. Çünki bizdə xırda və orta kənd təsərrüfatı istehsalçılarının Rusiyadan başqa yerlərə məhsul aparıb satmaq, ixrac etmək imkanları yoxdur. Ancaq Rusiyada milli valyutanın ucuzlaşması neqativ vəziyyət yaradır, mənfi təsirlər ortaya çıxarır. Artıq neçə müddətdir ki, Azərbaycanda xırda və orta kənd təsərrüfatı istehsalçılarının Rusiya bazarlarına mal və məhsul ixrac etmələri əvvəlki kimi sərfəli xarakter daşımır. Rusiya bazarında rublun kəskin şəkildə enməsinə, həm də mövcud iqtisadi-siyasi vəziyyətə görə bizim kənd təsərrüfatına məxsus
məhsul və malların satışının reallaşdırılması əvvəlkitək sərfəli xarakter daşımır".
Ekspert vurğulayıb ki, Türkiyə və Rusiyanın milli valyutalarının ucuzlaşması bu ölkələrə ixracımızı çətinləşdirir:
"Əgər iqtisadi nöqteyi-nəzərdən götürsək, Türkiyə lirəsi ilə Rusiya rublunun ucuzlaşması bizim ölkə iqtisaddiyatı, daxili istehlak bazarı üçün həmin ölkələrdən idxalı stimullaşdırır. İxracı isə bahalaşdırır, çətinləşdirir. Bu ölkələrin milli valyutalarının kəskin şəkildə ucuzlaşması özünü açıq şəkildə göstərməsə də, dolayı yolla Azərbaycan iqtisadiyyatında real sektorun inkişafı üçün heç də səmərəli, sərfəli, effektiv xarakter daşımır".