Kirill Budanovun həyat yoldaşını kim zəhərləyib?
22-01-2024, 16:54

"Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun həyat yoldaşı Marianna Budanova zəhərlənmədən sağ çıxıb və hələ də müalicəsi davam edir".
Qaynarinfo xəbər verir ki, Baş Kəşfiyyat İdarəsinin rəisi "Financial Times" qəzetinə müsahibəsində həyat yoldaşının vəziyyəti barədə danışıb.
"O, müalicə olunur, artıq yaxşıdır", deyə Budanov bildirib.
Nəşrin yazdığına görə, Budanov zəhərlənmənin hədəfinin özünün, yoxsa həyat yoldaşının olub-olmamasına aydınlıq gətirmək istəməyib.
Jurnalistlər əlavə ediblər ki, küçədə hərəkət edərkən Budanovu təhlükəsizlik işçiləri və cangüdənlər müşayiət edir. "Onun "xüsusi heç nə" adlandırdığı çoxsaylı sui-qəsd cəhdlərindən ən yaxını 2019-cu ildə avtomobilinin altına qoyulmuş bombanın vaxtından əvvəl partlaması ilə baş verib. Budanov xəsarət almayıb", deyə materialda qeyd edilir.
Qeyd edək ki, 28 noyabr 2023-cü ildə media Marianna Budanovanın zəhərləndiyini öyrənib. O, hadisədən sağ çıxıb və Ukrayna tibb müəssisələrindən birində müalicə olunub.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin bir neçə əməkdaşının da zəhərləndiyi də məlum olub. Hərbi kəşfiyyat hadisəni müstəqil şəkildə araşdırıb. Ukrayna tərəfi hesab edir ki, zəhərlənmədə Rusiya xüsusi xidmət orqanları iştirak edib.