Su ilə xəstəlik yayıldığı barədə səs yazısını kim və niyə paylaşır? - HƏQİQƏTƏN DƏ...

24-01-2024, 17:58           
Su ilə xəstəlik yayıldığı barədə səs yazısını kim və niyə paylaşır? - HƏQİQƏTƏN DƏ...
Son günlər “Whatsapp” qruplarında, “TikTok” səhifələrində, digər sosial şəbəkələrdə Bakı şəhəri və ətraf ərazilərdə içməli suya Hepatit A virusunun yayılması üçün maddə qatıldığı ilə bağlı iddialar yayılıb.

"Cebhe.info" xəbər verir ki, sözügedən səslərdə kimliyi məlum olmayan şəxslər suda maddə olduğunu deyir, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) işləyən şəxsi guya məlumatın mənbəyi kimi təqdim edir, suyun qaynadılmamış içməməsi barədə xəbərdarlıq edirlər.

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyininin mətbuat katibi İlkin Kərimov "Cebhe.info"-ya açıqlamasında bildirib ki, yayılan səslərdə deyilənlər həqiqəti əks etdirmir:

"Mərkəzləşdirilmiş xətdən gələn, yəni kran suyuna biz nəzarət etmirik". “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı da "Cebhe.info"-ya açıqlamasında bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

"Hazırda suyun keyfiyyəti ilə bağlı narahatlığa heç bir əsas yoxdur, vəziyyət nəzarətdədir. Bütün mənbələrdən həm Bakıya, həm regionlara, həm Sumqayıta verilən su tam keyfiyyət standartlarına uyğundur”. Anar Cəbrayıllı qeyd edib ki, bu yaxınlarda Bakı şəhəri Suraxanı rayonu Əmircan və Bülbülə qəsəbəsində yayılan Hepatit A virusu xəstəliyinin də su ilə heç bir əlaqəsi yoxdur:

"“Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları profilaktik tədbirlərlə əlaqədar "Azərsu" ASC-nin mütəxəssisləri ilə birgə mərkəzləşdirilmiş içməli su şəbəkəsində laborator müayinə üsullarının tətbiqi ilə monitorinqlər keçiriblər. Müxtəlif nöqtələrdən, evlərdəki su çənindən, şəbəkə xətlərindən, mərkəzi anbardan su nümunələri götürüb yoxlayıblar. Heç bir kənarlaşma yoxdur. Bu gün içməli su standartlarına tam uyğundur. Həmin ərazi digər ərazilərdə olduğu kimi, keyfiyyətli, dayanıqlı içməli su ilə təmin olunur. Qeyd edim ki, Bülbülə və Əmircan qəsəbələrini qidalandıran 54 Ramanı mərkəzi su anbarımız, Suraxanı və Sabunçunun böyük bir ərazisini içməli su ilə tam təmin edir".

Xatırladaq ki, COVID-19 virusunun yayıldığı dönəmlərdə də bunabənzər səs yazıları müxtəlif sosial şəbəkələrdə yayılırdı. Rəsmi qurumların budəfəki səs yazıları ilə bağlı açıqlamaları göstərir ki, iddialar əsassızdır. Bu səs yazıları da ya sosial şəbəkədə baxış, izlənmə sayını artırmaq üçün atılan addım, ya da təxribat xarakterli əməldir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.