Xaricdən sifariş etdiyimiz məhsullar niyə gecikir? - AKTUAL

20-02-2024, 16:16           
Xaricdən sifariş etdiyimiz məhsullar niyə gecikir? - AKTUAL
Son illərdə ölkəmizdə xaricdən geyim və digər məhsulların sifarişi populyarlaşıb. Artıq istənilən vətəndaş xarici saytlardan istədiyi məhsulu sifariş edə bilir. Lakin bu mövzuda vətəndaşların üzləşdikləri əsas problemlərdən biri məhsulun gec çatdırılmasıdır. Sahibkarlar bu gecikmələrin Azərbaycanda sahibkarlığa ciddi zərər vurduğunu bildirir, vətəndaşlar isə məhsulların əllərinə gec çatmasında gömrüyün xidmət səviyyəsinin aşağı olmasını əsas gətirirlər.

İqtisadçı Elçin Bayramlı İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, son vaxtlar gömrüklə bağlı şikayət və narazılıqlar daha da artıb. Onun sözlərinə görə, lakin bununla bağlı heç bir tədbirin görülməməsi təəssüf doğurur:

"Həm sahibkarlar, həm də sıravi vətəndaşlar xaricdən sifariş etdikləri məhsulları çox əziyyətlə əldə edə bilirlər. Bu vəziyyət vaxt itkisi olmaqla yanaşı, bəzi məhsulların xarab olmasına da səbəb olur. Karqo şirkətləri gecikmənin səbəbi kimi gömrüyün fəaliyyətini göstərir. Lakin Gömrük Komitəsi bununla bağlı heç bir açıqlama vermir. Mövcud vəziyyətdə gömrüyün fəaliyyəti çox ləngdir və bu, vətəndaşların əsəbinə toxunur".

E.Bayramlı Dövlət Gömrük Komitəsinin hazırkı fəaliyyətinin ölkə iqtisadiyyatına zərər vurduğunu söyləyib. Onun sözlərinə görə, bu fonda gömrük rüsumlarının olduqca baha olması əsas problemlərdəndir:

"Digər tərəfdən, vətəndaşların şəxsi istehlak üçün aldıqları məhsullara limit qoyulub. 300 dollarlıq limit elə səviyyədir ki, vətəndaş istədiyi məhsulu asanlıqla sifariş edə bilmir. Dünyanın heç bir ölkəsində bu cür limit məhdudiyyəti yoxdur. Ölkədə normal gömrük siyasətinin qurulması üçün qonşu ölkələrin gömrük fəaliyyətindən təcrübə əldə etmək olar. Çünki ikitərəfli keçid prosesində hər zaman Azərbaycan tərəfinin gömrüyündə problemlər yaşanır. Bu baxımdan bir çox onlayn sifarişçi şirkətlər ölkəmizə məhsul göndərməkdə maraqlı deyillər. Hətta son zamanlar türk sahibkarlar Azərbaycan gömrüyündə başlarına açılan oyunlarla bağlı sərt açıqlama yaydılar. Bu cür gömrük sistemi biabırçılıqdır. Əgər Dövlət Gömrük Komitəsi sifariş çoxluğundan dolayı normal səviyyədə xidmət göstərə bilmirsə, əlavə işçilər götürməlidir".

İqtisadçı Pərviz Heydərov isə İqtisadiyyat.az-a açıqlamasında gömrüyün fəaliyyətindəki nöqsanların sifarişlərin çoxluğu ilə bağlı olduğunu bildirib. Onun sözlərinə görə, son illər vətəndaşların xarici ölkələrdən, xüsusilə "Trendyol" vasitəsilə olan onlayn sifarişləri geniş vüsət alıb. Bu vəziyyət getdikcə inkişaf etməkdədir:

"Sifarişlərin həcminin çox olması gömrük prosedurlarında gecikmələrə və ya müəyyən texniki problemlərə səbəb ola bilər. İstənilən halda gecikmələrlə bağlı problemin yaşanması yolverilməzdir. Gömrük Komitəsinin bu cür nöqsanları aradan qaldırması mütləqdir. Çünki çatdırılma ilə bağlı yaranan gecikmələr vətəndaşlarda narazılıq yaratmaqla yanaşı, süni manelərin yaradılması kimi qiymətləndirilir".

Qeyd edək ki, koronavirus pandemiyası dönəmindən başlayaraq Azərbaycanda onlayn alış-verişə və xaricdən sifarişə maraq daha çoxalıb. Bu fonda ölkəmizdə elektron ticarət vasitəsilə aparılan əməliyyatların sayı da artıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.