Bakıdakı “üçlər sammiti” nələri dəyişəcək?
9-08-2016, 09:02
Hikmət Hacızadə: «İran və Rusiyanın strateji planı Cənubi Qafqazda Qərbə alternativ olan güc mərkəzi yaratmaqdır»
Azərbaycan, Rusiya və İranın dövlət başçılarının Bakıda görüşü baş tutdu. Görüşünün yekunu olaraq bəyannamə qəbul edildi. Bakı bəyannaməsində Tehran, Bakı və Moskva terrorizm və narkotrafikə qarşı mübarizədə beynəlxalq birliyə əməkdaşlıq təklif edir. “Tərəflər narkotik ticarətinə, terrorzimə, ekstremizə, qanunsuz silah ticarətinə, insan alverinə və kibercinayətə qarşı mübarizə aparmağa qərarlıdır”- deyə bəyannamədə deyilir.
Bundan başqa, “tərəflər terrorizmi onun bütün formalarında pisləyir və effektiv əməkdaşlıq üçün ikitərəfli və üçtərəfli fikir mübadiləsinə çağırış edir. Regionda həll olunmamış münaqişələr əməkdaşlığa mane olur. Buna görə həmin münaqişələrin beynəlxalq normalar və prinsiplər əsasında qısa müddətə nizamlanması vacib bilinir”.
Bəyannaməyə görə, tərəflər viza rejiminin sadələşdirilməsi, biznes, turizm və mədəniyyət sahəsində intensiv əməkdaşlıq etmək barədə razılıq əldə edir.
Görüşün formatı ilə bağlı Iran tərəfindən maraqlı təklif gəlib. “Tehran Türkiyə prezidenti Ərdoğanın Iran-Rusiya-Azərbaycan görüşündə iştirak etməsini istərdi”. Bu sözləri Iran xarici işlər nazirinin müavini Ibrahim Rəhimpur bildirib. O həmçinin rəsmi Tehranın Iran-Rusiya-Türkiyə formatında əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.
Prezidentlərin görüşü və müzakirə etdikləri məsələlər regionumuza nə vəd edir? Bundan sonra bölgəmizdə hansı dəyişiklikləri müşahidə edə bilərik?
Politoloq Hikmət Hacızadə bildirdi ki, əslində, Iran və Rusiyanın strateji planı Cənubi Qafqazda Qərbə alternativ olan güc mərkəzi yaratmaqdır: “Əgər belə bu ideya baş tutsa, bunun region üçün ciddi fəsadları ola bilər. Çünki bu alternativ gücün real potensialı, iqtisadiyyatı, maliyyəsi yoxdur. Nəticədə Azərbaycan kimi kiçik ölkələr bu alternativ gücün nəzarəti altına keçməsindən böyük zərərlər çəkəcək”.
H.Hacızadənin fikrincə, Türkiyənin Iran və Rusiyanın bu prosesə cəlb olunması heç də arzulanan deyil.