Sumqayıtda ər-arvadın öldürülməsi ilə bağlı İLGİNC TƏFƏRRÜAT – “Bundan əvvəl atasının başını daşla yarıbmış”
19-04-2024, 12:19
Xəbər verildiyi kimi Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada dəhşətli qətl hadisəsi baş verib.
Belə ki, aprelin 19-da saat 3 radələrində 1962-ci il təvəllüdlü Hakim Məmmədov və həyat yoldaşı, 1965-ci il təvəllüdlü Zərifə Məmmədova oğlanları 2000-ci il təvəllüdlü Fikrət Məmmədov tərəfindən yaşadıqları evdə kəsici alətlə qətlə yetiriliblər.
Hadisənin təfərrüatlarını öyrənmək üçün Sumqayıt Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə əlaqə saxladıq.
“JEK”dən Bizim.Media-ya bildirilib ki, valideynlərini qətlə yetirən Fikrət Məmmədov narkotik istifadəçisi olub:
“Oğlan bir həftə bundan əvvəl xuliqanlığa görə saxlanılıb, sonra azadlığa buraxılıb. Çıxan kimi bu hadisəni törədib. Oğlanın bir bacısı var, ailəlidir. Bunlar elə üç nəfər yaşayırdı. Ata Hakim Məmmədov işləmirdi, təqaüdçü olub. Ana Zərifə Məmmədova isə evdar qadın idi”.
İdarədən verilən məlumata görə, ərlə-arvad əvvəllər Sumqayıtdakı Səthi Aktiv Maddələr zavodunda çalışıblar:
“Bu yataqxanadakı mənzil də ailəyə həmin zavoddan verilmişdi. Fikrət ata-anası ilə heç yola getmirdi, həmişə mübahisələri düşürdü. Bu yaxınlarda atasının başını daşla vurub yarıbmış”.
Qeyd edək ki, Baş prokurorluq tərəfindən məsələ ilə bağlı araşdırma başlayıb. Araşdırmalarla 2000-ci il təvəllüdlü Fikrət Məmmədovun yaşadığı Sumqayıt şəhəri 41-ci məhəllə ünvanında aralarında yaranmış mübahisə zamanı 1962-ci il təvəllüdlü atası Hakim Məmmədov və anası Zərifə Məmmədovaya bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsilə cinayət işi başlanıb, Fikrət Məmmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.