“BUDANOVU ÖLDÜRMƏK, ZELENSKİNİ GİROV GÖTÜRMƏK VƏ...” - Ukrayna rəhbərliyinə qarşı sui-qəsdin detalları açıqlandı

28-05-2024, 12:08           
“BUDANOVU ÖLDÜRMƏK, ZELENSKİNİ GİROV GÖTÜRMƏK VƏ...” - Ukrayna rəhbərliyinə qarşı sui-qəsdin detalları açıqlandı
Xəbər verildiyi kimi, mayın əvvəlində Ukrayna Təhlükəsizlik Xidməti(SBU) Ukrayna rəhbərliyinin, xüsusən də Prezident Volodimir Zelenski, SBU-nun rəhbəri Vasili Malyuk və Hərbi Kəşfiyyatın başçısı Kirill Budanovun qətlini hazırlayan FSB agentlərindən ibarət şəbəkəni ifşa edib.

“AzPolitika” xəbər verir ki, “The Times” nəşri sui-qəsdə dair bir çox maraqlı detalları dərc edib. Qəzet yazır ki, Budanovun koordinasiyalı raket və dron hücumu zamanı öldürülməsi planlaşdırılıb. Bununla belə, bir neçə ay ərzində SBU planı hazırlayanları müşahidə edib. Bunlar Ukrayna Dövlət Mühafizə Xidmətinin iki polkovniki olub. Həmçinin, Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FSB) işləməkdə şübhəli bilinən üçüncü şəxs üzərində də müşahidə aparılıb.

SBU-dan “The Times”a bildiriblər ki, bu üçlük Budanovu öldürməyi planlaşdırıb və SBU-nun rəhbəri, general-leytenant Vasili Malyuku, eləcə də Zelenskinin özünü izləyib. Adı çəkilməyən SBU zabitinin sözlərinə görə, sui-qəsd cəhdinə hazırlıq zamanı bu üçlük Kiyevə reaktiv qumbara atan, “MON-90” piyada əleyhinə mina və kamikadze dronları gətiriblər.

Hüquq-mühafizə orqanlarındakı mənbənin polkovnik Andrey Quk kimi təqdim etdiyi birinci şübhəli 2014-cü ildən başlayaraq, FSB-yə işləməkdə ittiham olunur. İddialara görə, o, ikinci adamı - polkovnik Aleksandr Derkaçı da FSB ilə əməkdaşlığa cəlb edib.

Qəzet yazır ki, sui-qəsdçilərlə onları idarə edən FSB arasında rabitə güclü müşahidə texnologiyalarından istifadə etməklə SBU tərəfindən üzə çıxarılıb və ələ keçirilib.

Vasili Malyuk
Bu barədə Malyuk dərhal Budanova məlumat verib. Bundan sonra SBU sui-qəsdçiləri saxlamaq üçün çevik əməliyyat hazırlayıb: “Məqsədimiz onları eyni vaxtda həbs etmək idi ki, bir-birlərinə xəbər verməsinlər və qaçmasınlar. Məlum olub ki, polkovniklərdən biri Kiyevdəki mənzilində olub, digəri isə Ukraynanın şimal-şərqindəki Sumı vilayətində dostlarını ziyarət etməyə gedib. Hər ikisi silahlı olub. Təhlükəli atışmadan qaçmaq üçün SBU onların təcili olaraq işə çağırılmasını təşkil edib. Müəyyən edilmiş marşrut üzrə nəzarət-buraxılış məntəqələrində adi patrul polisi paltarı geyinmiş xüsusi təyinatlılar yerləşdirilib. Həmin postlarda SBU əməkdaşları görüntü üçün bütün mülki avtomobilləri əsaslı şəkildə bir-bir yoxlayıblar. Posta yaxınlaşan birinci sui-qəsdçi nisbətən asanlıqla tutulub. İkincisi isə maşını saxlamayıb və pəncərədən xidməti vəsiqəsini göstərərək, uzaqlaşmaq istəyib. Lakin “polis” sənədi görmürmüş kimi davranaraq, qapını açıb. Bundan sonra həmin polkovnik maşını sürüb uzaqlaşmağa çalışsa da, saxlanılıb”.

Daha sonra sui-qəsdçilərin mənzillərində axtarış aparılıb. Əks-kəşfiyyat rəsmisinin sözlərinə görə, orada onlar ehtiyat təkərlərdə və odun yığınında gizlədilmiş partlayıcı maddələr və dron komponentləri, həmçinin gizli telefonlar tapıblar. Hər iki şəxs dindirilmə zamanı törətdikləri cinayəti etiraf ediblər.

Telefonlarda Zelenski, Budanov və Malyukun hərəkət etdiyi nəqliyyat vasitələri və marşrutları, habelə onların hərəkətləri ilə bağlı mesajları müəyyən edən qeydlər olub.

Həbs olunduqdan sonra polkovniklər Rusiyanın Zelenskini müharibənin əvvəlində girov götürmək cəhdi ilə bağlı yeni məlumatlar da açıqlayıblar: "2022-ci ilin fevralında bir nömrəli agentə Rusiyaya sadiq olan digər dövlət təhlükəsizlik zabitlərini müəyyənləşdirmək və prezidenti girov götürmək üçün Ukraynaya sadiq olanları öldürmək tapşırılıb. Onlar Zelenskini kapitulyasiya barədə video mesaj verməyə məcbur etməli idilər. O, deməli idi ki, təslim olmaq lazımdır və döyüşmək üçün heç bir səbəb yoxdur. Bunu etməsəydi, Zelenski öldürüləcəkdi”.

İşğalın ilk günlərində sözügedən polkovniklərdən biri hətta prezidentin digər mühafizəçilərini yığaraq, onları ruslar gələndə silahı yerə qoymağa çağırıb. Lakin o zaman ona tabe olan təhlükəsizlik işçiləri belə bir təklifi işğala emosional reaksiya kimi qəbul ediblər və buna məhəl qoymayıblar.

Yazıda qeyd olunur ki, Quk soyadlı polkovnik Rusiyada anadan olub və onun xəyanətini izah edən səbəblərdən biri bu ola bilər. SBU tərəfindən yayımlanan dindirmə videosunda o, Rusiya FSB-sindən ayda 3000 dollar, həmçinin sifarişlərini yerinə yetirmək üçün səyahətlərə görə əlavə 1000 dollar aldığını bildirib.

Qəzet SBU-ya istinadla vurğulayır ki, Derkaç soyadlı ikinci zabit bu işə sadəcə, pul üçün qoşulub və polkovnik Qukun ona karyera perspektivlərində kömək edəcəyinə ümid edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.