"Makler" adı altında vətəndaşları belə ALDADIRLAR - TƏFƏRRÜAT

29-05-2024, 17:08           
"Makler" adı altında vətəndaşları belə ALDADIRLAR - TƏFƏRRÜAT
Son zamanlar dələduzluq faktları siyahısına yeniləri daxil olub. MTK-lar vətəndaşları aldadara1 evi 2-3 nəfər satırdısa, artıq onların arasına "makler"lər də daxil olub. Azərbaycanda makler adı altında fəaliyyət mütəşəkkil qrup peyda olub. Bu barədə teleqram kanallarında məlumatlar yayılıb. Deyilənə görə, Bakıda uzun müddətə rəsmi formada müqavilə ilə kirayə evlər götürülür. Sonra isə ev sahibinin guya xaricdə yaşaması barədə saxta sənəd düzəldilir. Daha sonra həmin ölkənin şəhərində hansısa notarius adından saxta sənəd verilir və Bakıda evin sahibinin xəbəri olmadan onun əvəzinə alqı satqı edilir. Bəs vətəndaşlar bu kimi şəxslərə aldanmamaq üçün nələrə diqqət etməlidir?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyib ki, son vaxtlar bu hallara rast gəlinir. O, bildirib ki, makler adı altında bəziləri uzun müddətə rəsmi formada müqavilə bağlayırlar və kirayə götürürlər:
"Daha sonra isə yalançı saxta sənədlər ilə guya Rusiyada ev sahibi tərəfindən hansısa bir adama əmlakın idarə edilməsi üzrə yaxud alqı-satqısı ilə bağlı notarial sənədlər düzəldirlər. Onun əsasında ev alqı satqısını həyata keçirirlər. Vətəndaşlar ilk növbədə kirayə müqaviləsi bağlayırlarsa, onu notarial qaydada həyata keçirmələri daha məqsədəuyğundur. Çünki bu müqavilə olduğu müddətdə onlar hüquqlarını bərpa edə bilirlər. Burada alqı-satqı prosesinin həyata keçirilməsi ilə bağlı məsələ araşdırılmalıdır. Görünür ki, həmin evin özünün qeydiyyatında hər hansı bir şəxs olmayıb. Çünki notariatda alqı-satqı həyata keçirilən zaman ev sahibindən başqa, evin özündə qeydiyyatda olan şəxslərin razılıq ərizələri tələb olunur".

Ekspertin sözlərinə görə, bu əməl ilə məşğul olanlar yalnız qeydiyyatda olmayan evləri seçirlər:

" Bununla da vətəndaşların etibarından sui-istifadə edirlər. Vətəndaşlar bu kimi şəxslərə aldanmamaq üçün ilk olaraq bütün kirayə və icarə müqavilələrini notarial qaydada həyata keçirməlidirlər. Birmənalı olaraq bilməlidirlər ki, onlar öz aralarında müqavilə bağlamadan etdikləri hərəkət zamanı gələcəkdə problemlə üzləşə bilər. Eyni zamanda evin zəruri olan sənədlərini, çıxarışı yerində olmalıdır. Bəzən bunları etmək olmur. Kommunal çəkilişləri zamanı evin çıxarışı tələb olunur. Ev sahibi bunu təqdim etməyə məcbur olur. Belə hallarda kirayəşinə deyil, bütün evin sənədləri tələb olunan yerlərdə özü tərəfindən təqdim edilməsi məqsədəuyğundur".

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirovun sözlərinə görə, bu məsələ ciddi hüquqi problemdir. Əfsuslar olsun ki, son zamanlar bizim cəmiyyətdə bu məsələ intensiv hal alıb. Bir neçə şəxsə qarşı onlara aid olan daşınmaz əmlakın, evlərin, qeyri-yaşayış yerlərinin icarəyə götürmək adı altında satılması və "makler" xidməti göstərmək aid ilə saxtalaşdırılması ilə bağlı hallar var.
"Bu hallar bir neçə formada həyata keçirilir. Onlardan biri də ayrı-ayrı şəxslərə məxsus olan yaşayış yerlərinin icarə əsasında götürülməsidir. Daha sonra isə mülkiyyətçinin xəbəri olmadan sənədlərin saxtalaşdırılmasıdır. Hər iki halda əmlak sahibi bu yaxud digər formada həmin şəxslərə etibar edir. Evində yaşayan insanlar arasında icarə müqaviləsi imzalanır. Evinə aid olan sənədlərin surətləri onlara təqdim olunur. Maklerlərə evlərin alqı-satqısı üçün sənədlərin təqdim edilməsi halı baş verir. Bu hallarda insanlar, mülkiyyətçilər cinayətin qurbanına çevrilirlər. Onların əmlakları əllərindən çıxır. Bütün bunlar Azərbaycan Respublikasının qanunvericiliyində Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə məsuliyyət yaradır. Dələduzluq cinayətinə görə, etibardan istifadə edərək şəxsin əmlakını və onun hüquqlarının ələ keçirilməsi faktı törədilir. Bu da özlüyündə çox ağır bir cinayətdir. Cinayət qanunvericiliyi ilə ciddi cəza nəzərə tədbirləri tutulur. Burada cinayətin ağırlığının dərəcəsi nəzərə alınır. Cinayətin dərəcəsi şəxslərin bir qrup yaxud mütəşəkkil dəstə tərəfindən törədilməsi, eyni zamanda vurulmuş zərərin miqdarından asılıdır".

Hüquqşünas qeyd edib ki, qrup tərəfindən törədilməsi yaxud vurulmuş zərər külli miqdarda olarsa, 50 mindən 500 min manata qədər əmlakı özündə ehtiva edir. Böyük əksəriyyət bu kimi cinayətlərdə əmlakların dəyəri bu rəqəmlər arasında olduğuna görə, cinayəti törədən şəxslər 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası ilə məhkum olunurlar:

"Amma bir sıra hallarda, xüsusilə külli miqdarda zərər vurmanın şahidi oluruq. Bu da 500 mindən artıq əmlaka zərər vurulması ehtiva edir. Bu halda cinayəti törədən şəxslər barəsində 10 ildən 14-ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Bir məqamı nəzərə almaq lazımdır ki, etibardan sui-istifadə edərək ayrı-ayrı şəxslərə məxsus olan əmlakın qanunsuz yolla satılması mütləq şəkildə sənədlərin saxtalaşdırılması yolu ilə həyata keçirilir. Şəxsin əmlakı satması üçün ən azından görüntü olaraq hüququ müəyyən edilməlidir. Bu evin satılması digər şəxslər alırsa, qanuni şəkildə aldığına inanır. Bu da Cinayət Məcəlləsinin 320-ci maddəsi ilə rəsmi sənədlərin saxtalaşdırılması və onlardan istifadə etmə maddəsinin məsuliyyətini yaradır. Bu cinayətə görə, ayrı-ayrı şəxslərə verilən hüquqi sənədlərin saxtalaşdırılması məsələsi var. Burada el arasında "kupça" adlandırdığımız sənədlərdən söhbət gedir. O cümlədən o sənədlər üzərindən etibarnamələrin verilməsi məsələsidə burada öz əksini tapır. Bu 320-ci maddəsinə əsasən iki ilə qədər şəxslər barəsində azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.