Qərbi Azərbaycan Xronikası: Əhalisi sərt daglarla Türkiyəyə qaçmaga məcbur edilən rayon VİDEO
30-05-2024, 07:49
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə kəndlərinin əksəriyyəti ermənilərin və havadarlarının təsir və təzyiqinə məruz qalan Talin rayonu haqqında süjet hazırlanıb.
"Əhalisi sərt dağlarla Türkiyəyə qaçmaga məcbur edilən rayon" adlı süjetdə hayların indiki Ermənistanın əhatə etdiyi, əsrlər boyu oğuz-türklərinin yığcam yaşadığı məkanları müxtəlif məkrli üsullarla unutdurmağa çalışmasından bəhs olunub.
Bildirilib ki, Qərbi Azərbaycanın Talın mahalı ərazisində yerləşən Talin rayonu dəyişdirilmiş adı Araqats, yəni Alagoz dağ silsiləsinin cənub-qərb yamaclarını əhatə edir. Bu ərazi 14-16-cı əsrlərdə Monqol, daha sonra Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tərkibinə daxil olub. Səfəvilərin hakimiyyəti dövründə Talın bölgəsi İrəvan quberniyasının, sonra İrəvan xanlığının ərazisinə verilib.
XIX əsrin 40-50-ci illərindən XX əsrin 30-cu ilinə kimi rayon ərazisinin bir hissəsi İrəvan quberniyasının Eçmiədzin qəzasının, digər hissəsi isə İrəvan quberniyasının Aleksandropol qəzasının tərkibinə daxil olub. Bu ərazidə mövcud olan 5-7-ci əsrlərə aid memarlıq abidələri, 13-14-cü əsrlərə aid Talın karvansarası və Talın qalası bu məkanın qədim türklərə məxsus olduğunu sübut edən tarixi nümunələrdir.
Qeyd olunub ki, inzibati rayon kimi 1930-cu il sentyabrın 9-da yaradılan Talin rayonu kəndlərinin çoxunda yaşayan minlərlə oğuz türkü 1918-ci ildə daşnaklar tərəfindən işgəncə verilərək öldürülüb, kəndlər tamamilə dağıdılıb, əhalinin sağ qalan hissəsi dağlarla Türkiyənin müxtəlif yerlərinə qaçmaga məcbur edilib. Qaçqın düşənlər yolda böyük tələfat verib, itkilərə məruz qalıblar. Boşaldılan həmin kəndlərə dərhal gəlmə ermənilər doldurulub, kəndin azərbaycanlı əhalisi haqqında məlumatlar yox edilib.
Diqqətə çatdırılıb ki, 1935-ci ildən 1978-ci ilədək rayon üzrə tarixi yer adları tamamilə saxtalaşdırılıb. Talın mahalı ərazisi əvvəl Talin rayonu, sonra Araqatsotn rayonu adlandırılıb. Talin rayonu üzrə 45 tarixi yer adları dəyişdirilib. Nəhayət, 1995-ci ildə mərkəzi Əştərək olan Araqatsotn mərzliyi yaradılıb. Türkiyə ilə həmsərhəddə yerləşən mərzliyə Əştərək, yəni Aştarak, Abaran, yəni Aparan və Talin rayonlarının əraziləri daxil edilib.
Sonda vurğulanıb ki, 43 il ərzində bütün tarixi yer adları dəyişdirilən Talin rayonu da ermənilərin məkrli planlarının qurbanı olub: "Lakin əminik ki, əsrarəngiz təbiətə, hündür silsilə dağlara malik olan bu məkan yenidən əzəli sahiblərinin yurd yerinə çevriləcək".
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində: