Kirayənişin qaldığı EVİ NECƏ SATA BİLSİN AXI... - Qanundakı boşluq, yoxsa...
1-06-2024, 09:18
Azərbaycanda yeni dələduzluq növü yaranıb. Belə ki, evini kirayəyə verən şəxs bir neçə aydan sonra onun satıldığını öyrənib. Dələduzlar evi sata bilmək üçün Rusiyada saxta etibarnamə hazırlayaraq, birneçə evi bu üsulla satmağa nail ola biliblər.
Qeyd edək ki, ölkədə vətəndaşlar alternativ gəlir mənbəyi kimi kirayə evdən, obyektdən gələn gəlirə üstünlük verirlər. Yəni kimin imkanı varsa, daşınmaz əmlak alır ki, heç olmasa oradan gələn gəlirlə dolana bilsin. Yeni dələduzluq növü də evi, obyekti olan şəxsləri dilemma qarşısında qoyub. İndi vətəndaş evini kirayə verməyə qorxur ki, “it gedər, ip də gedər”…
Hüquqşünas Ramil Süleymanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiya ilə Azərbaycan arasında “qarşılıqlı hüquqi yardımlaşma” deyilən bir müqavilə imzalanıb.
“Ümumiyyətlə, bir sıra MDB ölkələri ilə Azərbaycan arasında, o cümlədən Azərbaycanla həmin ölkələrin notariatları arasında bu razılıq var və notariat xidmətləri bir-birini tanıyır”-deyə hüquqşünas bildirib.
Ramil Süleymanov maraqlı bir nüansa da toxunub. Hüquqşünas bildirib ki, Azərbaycan tərəfindən verilən kirayə müqaviləsinin əsasında, bəzən mülkiyyətçilərdən etibarnamə də alırlar. Bu etibarnamə, qeydiyyata düşmək və yaxud kommunal xidmətlərinin ödənişlərinin edilməsi üçün alınır.
“Bu. əlbəttə ki, yolverilməzdir”-deyən hüquqşünas vurğulayıb ki, burada əslində Daşınmaz Əmlakın Kadastrı və Reyestrində də müəyyən boşluqlar var.
“Dələduzlar sistemdə olan boşluqlardan kifayət qədər yararlanaraq, bu qanunsuz əməlləri həyata keçirirlər”- deyə Ramil Süleymanov qeyd edib.
Hüquqşünas bildirib ki, hazırkı vəziyyətdə zərərçəkmişlər evi alan alıcılardır.
“Belə hallarla qarşılan zaman ev sahibləri, mənzili kirayə verən şəxslər və evi əllərindən çıxmış şəxslər prokurorluğa müraciət etməlidir. İndiki halda Daxili İşlər Nazirliyi tərəfindən verilmiş bəyanatda göstərilmişdir ki, 3 nəfərdən ibarət qrupun bir nəfəri yaxalanıb və onun barəsində cinayət işi açılacaq. Mülkiyətçi indiki halda mənzilini geri ala biləcək və həmin şəxslər məsuliyyətə cəlb olunduqdan sonra, onların barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci “dələduzluq” maddəsi ilə cinayət işi başlanılır. Artıq həmin şəxslər cinayət məsuliyyətinə cəlb olunacaq və bundan sonra aldadılmış şəxslər, zərərçəkmiş şəxs olduqlarına görə mülki iddiaçı qismində həmin şəxslərdən ödəmiş olduqları pulları geri tələb edəcəklər. Burada ümüd yoxdur ki, onlar pullarını geri ala bilsinlər. İstənilən halda, gərək bu addımları atdıqları zaman fikirləşəydilər”-deyə hüquqşünas bildirib.
Ramil Süleymanov vurğulayıb ki, burada mənzilin mülkiyyətçisinin də müəyyən günahı var.
“Mənzilini kirayə verən şəxs özü mütəmadi yoxlamalar həyata keçirməlidir və əmlaklarını siyahı ilə təqdim etməlidir. Ayda ən azından bir dəfə də olsa, həmin əmlakına baxış keçirməlidir. Şəxs mütləq qaydada mənzili kirayə vermiş olsa belə, həmin ərazidəki qonşularla mütəmadi əlaqə saxlayaraq mülkünün vəziyyəti ilə bağlı məlumat əldə etməlidir”-deyə hüquqşünas bildirib.