"James Webb" teleskopu ən uzaq qalaktikaları kəşf edib
2-06-2024, 15:04
Astronomlar qrupu NASA-nın "James Webb" kosmik teleskopundan istifadə edərək indiyə qədər kainatın ən uzaq qalaktikalarından ikisini və ən qədimlərini kəşf etdiyini iddia ediblər.
Maraqlıdır ki, onlardan biri qeyri-adi dərəcədə parlaq və böyükdür.
Böyük Partlayışdan cəmi 300 milyon il sonraya aid olan həmin iki qalaktika JADES-GS-z14-0 və JADES-GS-z14-1 adlandırılıb. Onların kəşfi, xüsusiyyətləri və təkamülü üç yeni, hələ də nəzərdən keçirilməmiş məqalələrdə ətraflı təsvir olunub.
Tədqiqatçıların fikrincə, iki qalaktikadan biri - JADES-GS-z14-0 ölçüsü və gözqamaşdırıcı parlaqlığı ilə seçilir. O, həm də Böyük Partlayışdan cəmi 290 milyon il sonra, kainatın indiki yaşının yalnız iki faizini təşkil edən zaman ölçüsündən ən uzaq olanıdır.
Harvard Universitetinin astronomiya professoru və tədqiqatın müəlliflərindən biri Deniel Eyzenşteyn bununla bağlı açıqlamasında deyib:
"Qalaktikanın ölçüsü aydın şəkildə sübut edir ki, işığın böyük hissəsi onun mərkəzindəki superkütləli qara dəliyə düşən materialdan çoxdur və xeyli sayda gənc ulduzlar tərəfindən yaradılıb".
Tədqiqatçılar hesab edirlər ki, yeni kəşf qalaktikaların kainatın ilk illərində nisbətən sürətlə formalaşa bildiyini göstərir. İtaliyanın "Scuola Normale Superiore Pisa" mərkəzinin astrofizika professoru Stefano Karniani vurğulayıb:
"JADES-GS-z14-0 indi bu fenomenin sübutu amilinə çevrilir. Kainatın cəmi 300 milyon il ərzində belə bir qalaktika yarada bilməsi heyrətamizdir".
Astronomlar qrupu kainatın ən erkən illərinə daha dərindən nəzər salmaq üçün "James Webb" kosmik teleskopundan istifadə etməyə çalışır. Bu yaxınlarda başqa bir astronomlar qrupu kosmik teleskopdan istifadə edərək sıx bir hidrogen buludundan doğulan kiçik qalaktikalar üçlüyünü kəşf edib.
Astronomların tədqiq etdiyi bu proses kainatın ilk mərhələsi, sıx qaz buludlarının öz cazibələri altında çökməsi və nüvə birləşməsini başlatmaq üçün kifayət qədər isti olması, nəhayət ilk ulduzlara çevrilməsi ilə xarakterizə olunur. Arizona Universitetinin aspirantı Zihao Vu bildirib ki, bu qədər gənc olmasına baxmayaraq, qalaktika artıq Yer üzündə bizə tanış olan elementləri yaratmağa başlayıb. Onun sözlərinə görə, kosmosun dərinliklərində uzaq erkən tarixə nəzər salmaq üçün kosmik teleskopdan istifadə alimlərə kainatın necə yarandığını, hətta onun sonunun necə olacağını daha yaxşı başa düşməyə imkan verir.
Mənbə: "Reuters"