Son sərhəd dəqiqləşmələri: Dərələyəz və Tavuşda işlərə start verildi – Detallar açıqlandı

4-06-2024, 17:29           
Son sərhəd dəqiqləşmələri: Dərələyəz və Tavuşda işlərə start verildi – Detallar açıqlandı
Azərbaycanla Ermənistan arasında növbəti delimitasiya və demarkasiya prosesinin Dərələyəz mahalı istiqamətində ola bilməsi ehtimalları gündəmə gətirilir. Eyni zamanda Bakı ilə İrəvanın Tavuş və Qazaxdan sonra hansı ərazilərdə demarkasiyaya başlayacağı ilə bağlı müxtəlif proqnozlar səslənir. Növbəti delimitasiya prosesinin Ermənistan ərazisində, yəni Tavuş bölgəsindəki Azərbaycan anklavları ətrafında olacağından bəhs edilir. Digər yanaşmalarda Zod, Basarkeçər daha sonra isə Zəngəzurdan başlayacaq delimitasiyanın mahiyyətindən söz açılır.

Mövzu ilə bağlı danışan Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa mübahisə predmeti nisbətən az olan sərhəd xəttləri ilə bağlı növbəti addımların atılması ehtimallarını dəyərləndirib.

“Bunu proqnozlaşdırmaq elə də çətin deyil. Yəni hansı sahələrdə mümkündürsə, delimitasiya da o istiqamətdə aparılacaq. Digər qəliz, mürəkkəb sayıla bilən istiqamətlər sonrakı mərhələyə saxlanıla bilər”, - deyə o əlavə edib.

Millət vəkili hesab edir ki, harada artıq sərhəd xətti hər kəs tərəfindən bilinirsə, qəbul olunursa, bu istiqamətlərdə elə də ciddi problem olmayacaq:

“Ona görə də, bu məsələdə konkret bölgənin adını çəkməkdə çətinlik yaşanır. Ola bilsin ki, bölgələrin müəyyən bir hissəsi, yəni 10-15 km-i öncə həll olunsun. Qalan hissəsi isə növbəti mərhələyə saxlanılsın. Beləliklə, digər bölgəyə keçmək olar”.

Fazil Mustafaya görə, bu amillər və proseslərdə olan yanaşmalar, əldə olunacaq razılaşmadan asılıdır:

“Razılaşmanın mətni və gedişi ilə bağlı da dərin bilgilər yoxdur. Hər halda bu məsələlər bəlli müddətdə öz həllini tapacaq. Nəticədə proses öz normal axarına düşəcək”. Teleqraf.com-












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.