Azərbaycanın ürək-damar xəstəliklərindən ölüm halları niyə çoxdur? – Deputat açıqladı
5-06-2024, 10:34
Azərbaycanın ürək-damar xəstəliklərindən ölüm hallarına görə dünyada ikinci yerdə olduğu bildirilir. "World Statistics" resursunun hesabatına görə, Azərbaycan hər 100 min nəfərə 388 ürək-damar xəstəliklərindən ölüm faktı ilə yalnız Tacikistandan geri qalır. Tacikistanda bu göstərici 389-dur. İlk onluğa Özbəkistan (354 ölüm), Ukrayna (305 ölüm) və Belarus (282 ölüm) da daxildir. Siyahıda Rusiya 27-ci, Qazaxıstan 35-ci, İran 54-cü, Türkiyə isə 117-ci yerdədir.
Yaponiya, Fransa və Cənubi Koreya daha az riskli ölkələr kimi reytinqdə müsbət mənada ən aşağı üç yeri tutur.
Dövlət Statistika Komitəsinin məlumatına görə, Bakı şəhərində il ərzində təxminən 15 min nəfər vəfat edir. Paytaxt sakinləri arasında ölüm səbəblərinin sırasında ilk yerdə qan dövranı sisteminin xəstəlikləri (ürək-damar) gəlir. İldə 8 minə yaxın paytaxt sakininin bu xəstəliklərdən vəfat etdiyi vurğulanır. Sonrakı yerdə yenitörəmələrdən (şiş xəstəlikləri) vəfat edənlər gəlir - ildə təxminən 2 min nəfər.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov "Turan"a deyib ki, Azərbaycan yerləşən bölgədə qida rasionu fərqlidir. Onun fikrincə, bir çox insanların idmandan, sağlam həyat tərzindən uzaq qalması səbəbindən Azərbaycan ürək-damar xəstəliklərdən ölüm və əlilliyə görə risk qrupunda olan ölkədir.
Amma deputat hesab edir ki, təqdim olunmuş statistik göstəricilər qüsurludur və texniki yanlışlıqdır: "Bu statistik qiymətləndirməyə baxdığımız zaman dünya ölkələri içərisində ilk mənfi onluqda postsovet məkanındakı ölkələrin olduğunu görürük. Bütün ölüm halları xəstəxanada və ya evdə qeydə alındıqdan sonra sənədə ölüm səbəbi yazılır. Əfsuslar olsun ki, sovet vaxtından qalmış bir ənənə var: hər hansı bir səbəbdən xəstəxanaya gəlmiş və reanimasiyaya düşmüş bir xəstənin ölümü aktda ürək dayanması kimi təsdiqləndiyi üçün qeydiyyatda "ürək-damar çatışmazlığı" ön planda yazılır. Daha sonra ikinci və üçüncü səbəblər göstərilir".
Onun deməsinə görə, halbuki dünyada xərçəng xəstəliyindən, pnevmoniyadan, septiki şokdan, travmadan həyatını itirmiş insanın ölüm səbəbi kimi həmin xəstəliklər ön planda qeyd olunur.
R.Mahmudov qeyd edib ki, dəqiq rəqəm vermək mümkün deyil, amma Azərbaycanda ürək-damar xəstəlikləri səbəbindən ölüm hallarının sayı genetik olaraq yaxın ölkələrin göstəricilərinə yaxındır: "Digər ölkələrdəki kimi, bizdə də ölüm səbəbləri içərisində birinci yerdə ürək-damar xəstəlikləridir. Ona görə də mən hamıya sağlam qidalanma, sağlam həyat tərzi arzu edirəm".