Azərbaycanda yumurta yenidən niyə bahalaşıb? - AÇIQLAMA

6-06-2024, 18:08           
Azərbaycanda yumurta yenidən niyə bahalaşıb? - AÇIQLAMA
Azərbaycanda yumurtanın yenidən bahalaşdığı müşahidə olunur. Belə ki, bir neçə gün bundan öncə marketlərdə 10-11 qəpiyə satılan kənd yumurtası bu gün 14 qəpiyə təklif edilir. Bəziləri bahalaşmanın səbəbini mövsümlə əlaqələndirirlər.

Məsələ ilə bağlı Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli İqtisadiyyat.az-a açıqlamasında bir yumurtanın maya dəyərinin təxminən 13-14 qəpik civarında olduğunu deyib.

Onun sözlərinə görə, yumurta marketlərdə 16-17 qəpiyə satışa çıxarılarsa, o zaman rentabelli olar. M.Həsənli bildirib ki, kənd toyuqlarının yumurtlamasına və qiymətlərin dəyişməsinə mövsüm də müəyyən mənada təsir göstərir:

“Xüsusən, aprel və may aylarında həm kənd yumurtasının, həm də fabriklərin istehsalının çox olması bazarda tələbdən artıq yumurta satışına gətirib çıxardı. Yəni ölkədə tələbat gündəlik 3,4 milyon - 3,6 milyon ədəddirsə, bazara təklif olaraq 4,5 milyon - 5 milyon yumurta çıxarılır. Bu da istər-istəməz qiymətin düşməsinə gətirib çıxarır. Məsələn, eyni sayda toyuq fabrikindən biri 95% (95 min ədəd), digəri isə 70% (70 min ədəd) yumurta verir. Bu zaman ziyan edən fabriklər, fikrimcə, qocalmış, yəni rentabelli olmayan sürülərini kəsir və həmin o yumurta artıq bazara çıxmır. Belə olan halda istehsal azalır və 5 milyonluq istehsal avtomatik olaraq 4 - 3,8 milyona enir. Bazarda yumurtaya tələbat artdıqca o qiymətlər də stabilləşib öz yerinə, maya dəyərinə gəlib çıxır”.

M.Həsənli həmçinin Azərbaycandan Rusiyaya ixrac edilən yumurtanın son statistik göstəricilərini də açıqlayıb: “Bildiyimə görə, bu il Rusiyaya təxminən 70 milyon ədədə qədər yumurta ixrac olunub. Statistikanın məlumatında isə bu ilin ilk üç ayında 42 milyon 800 min ədəd ixrac göstərilib. Lakin orada aprel və may aylarının statistik göstəriciləri əks olunmayıb. Rusiya ilə yanaşı Yaxın Şərq ölkələrinə də ixracımız davam etməkdədir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.