Kim xahiş etdi ki, internetin qiyməti də, keyfiyyəti də artırılsın?
22-07-2024, 00:01
“Aztelekom”un yaydığı məlumata görə, avqustun 15-dən Azərbaycanda əhaliyə təklif olunan aylıq internet paketlərinin minimal qiyməti və sürəti artırılacaq. Hazırda minimal qiymət 18 manatdır və bu ödənişlə vətəndaş 40 Mbit/s sürət əldə edə bilir. Sonuncu dəyişikliklə isə minimal sürət 100 Mbit/s-yə olacaq və bunun üçün minimal ödəniş 25 manat nəzərdə tutulub. Oxşar məlumatı “CityNet” də yayıb. Bildirilib ki, hazırkı tarif şərtləri cari ilin avqust ayının 2-dək qüvvədədir.
Qərarı dəstəkləyən ekspertlərin fikrincə, dünya standartlarını nəzərə almaqla Azərbaycanda da minimal sürətin artırılması normaldır. Eyni zamanda, bu dəyişikliklə abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayacaq və hər Mbit/s üçün ödəniş məbləği 0.45 AZN-dən 0.25 AZN-ə endiriləcək. Buna görə də onlar qərarı dəstəkləyir və bunu labüd hesab edirlər.
Amma məsələyə başqa cür baxanlar da var. Məsələn, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün bu dəyişikliyə münasibəti fərqlidir. O, özünün sosial media hesabında etdiyi paylaşımda “Aztelekom”un minimal 100 Mbit/s sürət vermək iqtidarında olub-olmadığını mübahisələndirib.
“Əvvəla dövlət provayderinin 40% bahalaşmaya getməsi üçün gətirdiyi arqumentlər məntiqsizdir. Hələlik ölkədə telekommunikasiya sektorunda müstəqil tənzimləyici qurum yoxdur. Sektorda istehlakçıların hüququnu qorumalı olan da İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyidir. O da müstəqil deyil. “Aztelekom” da nə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən çəkinir, nə də İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən. “Aztelekom” Dövlət Xidməti ilə məhz bu tip məsələlərlə bağlı məhkəmə çəkişməsindədir”, - deyə mütəxəssis bildirib.
Onun fikrincə, yenicə magistral (backbone) statusu qazanmış “Aztelekom”un hər bir müştəriyə minimal 100Mbit/s sürət təqdim etmək, keyfiyyətli servis qurmaq üçün texniki-texnoloji imkanı yoxdur: “Öncə, gərək müvafiq qurumlar monitorinq aparıb “Aztelekom”un elan etdiyi parametrlərə uyğun texnoloji imkanlarının olmasını müəyyən etsin. Əminliklə deyirəm ki, “Aztelekom”un nəinki hər “user”ə (istifadəçiyə) 100Mb/s, heç 40 Mb/s vermək üçün texniki-texnoloji imkanı yoxdur. “Aztelekom” açıqlasın görək, hazırda nə qədər trafik alır və nə qədər satır? Müştərilərin sayı və tələbatı nə qədərdir? Dövlət qurumu üçün bu məlumatlar açıq olmalıdır. Lakin “Aztelekom” bunu qapalı saxlayır, çünki bilir ki, aldığı ilə satdığı arasında dağ boyda fərq var”.
Osman Gündüz əmindir ki, “Aztelekom” müştərilərinə müqavilədə nəzərdə tutulanı deyil, aşağı sürətləri təqdim edəcək: “Sadə vətəndaşların bundan xəbəri olmayacaq. Onlara qarşı sadəcə "çəkidə oğurlamaq" prinsipi tətbiq ediləcək”.
Məsələ sosial şəbəkə istifadəçilərinin də müzakirəsinə səbəb olub. Əksəriyyətin fikrincə, bu bahalaşma digər qiymət artımları fonunda əhalinin güzaranını daha da çətinləşdirəcək.
AYNA bəzi istifadəçilərin fikirlərini təqdim edir.
Elçin Rüstəmli:
“Avqustun 25-dən ölkədə internetin qiyməti kəskin bahalaşdırılır. Ən ucuz tarif 25 manatdan başlayacaq. Hazırda 15-18 manatdır. “Aztelekom” və “Bakı Telefon Rabitəsi” bildirib ki, abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət təklif ediləcək. Bundan əvvəl qiymətlər 10 manatdan 15 manata qadırılanda keyfiyyət dəyişikliyi hiss edibsizmi? Mən hiss etmişəm - daha bərbad xidmət göstərilir”.
Səyyad Quliyev:
“Artıq 2024-cü ilin yarısı başa çatıb, lakin hər il olduğu kimi bu ili də “il-ildən ağır gəlir” deyimi ilə başa vurmaq niyyətindəyik və sanki belə də olmalıdır. Qiymət artımları insanların dolanışığına ciddi təsir edir və etməkdədir. Təkcə son günlər yanacağın qiymətinin bahalaşması kənd təsərrüfatına, nəqliyyata, ərzaq məhsullarına, eləcə də digər sahələrə təsirini göstərir. İndi də internetin sürətinin artırılmasını bəhanə edərək aylıq internet ödənişlərinin qiymətləri qaldırıldı. İl sonuna kimi isə bizi hansı qiymət artımları gözləyir, bilmirik”.
Mir Səməd:
“Deyəsən, internet istifadəçiləri arasında ən çox müştərisi olan “Aztelekom”dur. Həmin şirkət elan edib ki, istifadəçilərin qayğısına qalmaq məqsədilə, istəyir ki, sürəti 40 meqabitdən 100-ə qaldırsın. Camaat sevinməyə macal tapmamış, dərhal qeyd edir ki, amma xidmətin qiyməti də 18 manatdan 25 manata qaldırılır. Ay gözəl şirkət, bir camaatdan soruşdunmu, bunu istəyirlər, ya yox? Bəlkə, elə birinə 40 meqabit kifayətdir? Pulu ona çatır? Kim istəyər, gedər. yeni müqavilə ilə 25 manat verib ayda 100 meqabit alar. Niyə seçim imkanı qoymursan? Bu, düzgün deyil axı”.
Digər istifadəçilərin də fikirləri fərqli olmayıb. Belə ki, minimal sürətin və bunun paralelində minimal qiymətin artırılmasını dəstəkləyən az sayda insan olsa da, bir çox istifadəçi bu dəyişikliyi dəstəkləməyib. Eyni zamanda qiymət artımından sonra vəd edilən sürət və keyfiyyətin təmin olunmasına da şübhə ilə yanaşanlar var.
Vüsal Ağayev:
“Necə ki yanacağın qiymətini qaldıranda deyirlər, “keyfiyyəti artırılıb”, amma əksini görürük, eləcə də internetdə belə olacaq. Ümumi olaraq hər sahədə bizim ölkədə belədir: nəyin qiyməti qalxırsa, əksinə keyfiyyəti düşür”.
Nasir Salam:
“Sürətli internetdən istifadə etmək əhalinin əskəriyyətini əlavə xərcə salmış olacaq. Məhdud sürətə hesablanmış modem-routor və kabelləşməni nəzərə alsaq, əhaliyə təklif olunan sürətli internetdən istifadə üçün hökmən texniki yenilənmə edilməlidir. Bu 100 Mbit/s-dən yuxarı internetdən istifadə edənlər üçün mütləqdir”.
AYNA.az