Qərbi Azərbaycan Xronikası: "Göyçədə tapılan kəllə sümükləri kimlərə aiddir?"
24-07-2024, 12:43
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "Göyçədə tapılan kəllə sümükləri kimlərə aiddir?" adlı veriliş efirə gedib.
Verilişdə tədqiqatçı Füzuli Sabiroğlu Göyçə mahalının Basarkeçər rayonunun Zağalı kəndinin tarixi ilə bağlı maraqlı faktları açıqlayıb.
Onun sözlərinə görə, Göyçənin qədimdən türklərin yaşadığı, tarixi izləri yaşadan Zağalı ermənilər tərəfindən dağıdılan ilk kəndlərdən olub: "Yerli əhalini çıxarıb kəndə erməniləri köçürməklə oradakı yazı və abidələrdən saxta erməni tarixi uydurulub. Göyçənin Qərb sahili tarixi abidələrin, kurqanların daha çox olduğu ərazidir. Çar Rusiyası erməni vilayəti yaratmaq üçün bu ərazidə köçürmə siyasətinə başlayıb. Saxta erməni tarixi yaratmaq işinə məhz Göyçənin qərb hissəsindən başlanılıb. Erməni tarixçilərinin əsas saxtakarlığı Zağalıda baş verib".
O deyib ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin sərhədi Zağalının içindən keçib.
Tədqiqatçı sonda arxeoloqların Göyçə ətrafına maraq göstərməsinin səbəblərinə, sovet tarixçiliyi və alimlərin sifarişlə Göyçə ətrafında saxta erməni tarixini necə yaratmasına, Göyçədə tapılan kəllə sümüklərinin kimə aid olmasına, eləcə də ermənilərin Göyçə ərazisinə haradan gəlməsinə aydınlıq gətirir.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində: