Mövsümlük meyvələr 1 manata, pomidor 1 manat 30 qəpiyədir - REPORTAJ
29-07-2024, 10:58
İyulun 27-si səhər saatlarında Bakının Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanındayıq. Burada Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Kənddən şəhərə” həftəsonu yarmarkası keçirilir. Həftəsonu, səhər saatları və havanın küləkli olmasına baxmayaraq şəhər sakinləri yarmarkaya axışırlar. Hətta bəzi piştaxtalarda məhsulların çoxu satılmışdı. Buna səbəb məhsulların qiymətinin bazardan xeyli ucuz olmasıdır. İki gün davam edəcək yarmarkada 20 regiondan 40-a yaxın fermer 100 çeşiddə müxtəlif kənd təsərrüfatı məhsullarının satışını həyata keçirir.Foodinfo.az-ın məlumaına görə, AZƏRTAC-ın əməkdaşları yarmarkada olub və alış-satış prosesini yaxından izləyib.Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil edilən bal yarmarkalarının iştirakçısı olan arıçı fermer Qəhrəman İbrahimov bura Astara rayonundan gəlib. O, əvvəlki illərə nisbətən bal istehsalında bir qədər durğunluq müşahidə edildiyini deyir. Durğunluğu havaların dəyişkənliyi ilə əlaqələndirən Q.İbrahimov bu səbəbdən də əvvəlki illərə nisbətən qiymətlərdə bahalaşmanın olduğunu bildirib.Fermerin sözlərinə görə, 30 manatdan başlayan qiymətlər balın çeşidlərinə görə dəyişir. “Alıcıların xahişlərini nəzərə alıb qiymətlərdə endirimlər də edirik. Hazırda mövsümlə əlaqədar olaraq baldan az istifadə olunur. Qış aylarına nisbətən alıcı qüvvəsi bir qədər aşağı düşüb. Daimi müştərilərim də var. Bal istəyənlərə çatdırılma xidmətini də təşkil edirik. Bundan əlavə, qış aylarında keçirilən yarmarkada öz təsərrüfatımda yetişdirdiyim sitrus meyvələrini də satıram”.Müxtəlif növ tərəvəz məhsullarını Qubadan gətirib yarmarkada satan fermer Elşad Mirzəyev isə alıcı qüvvəsindən xeyli razıdır.“Mövsümlük meyvələrin 1 kiloqramının qiyməti 1 manatdır. Bibərlərin kiloqramı 1 manat, badımcanın kiloqramı isə 60 qəpikdir. Lobyanın kiloqramı 2 manat 50 qəpikdir. Xiyarın qiyməti 80 qəpiklə 1 manat arasında dəyişir. Pomidorun kiloqramı isə 1 manat 30 qəpiklə 1 manat 50 qəpik arasında dəyişir. Alıcı qüvvəsi də yaxşıdır. Müştərilərin çoxu pomidoru ucuz satdığımıza görə gəlib bizdən alır”.Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyətinin (ATT) nümayəndəsi Asiman Aslanova AZƏRTAC-a bildirib ki, iki gün davam edəcək yarmarka saat 09:00-dan 19:00- kimi alıcılar üçün açıq olacaq. O vurğulayıb ki, satışa çıxan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarət edilir. A.Aslanova əlavə edib ki, yarmarkada səyyar qida laboratoriyası fəaliyyət göstərir.“Əgər vətəndaşların aldığı məhsulla bağlı hər hansı bir sualı və narazılığı yaranarsa, laboratoriyaya yaxınlaşıb məhsullardan analiz verə bilər. Yarmarkada bütün xidmətlər fermerlər üçün ödənişsiz təşkil olunur. Onlara piştaxta, soyuducu, tərəzi və digər lazımi avadanlıqlar verilir. Yarmarkanın keçirilməsində əsas məqsəd fermerlər üçün alternativ satış nöqtələri yaratmaq, onların məhsullarının bazara çıxışını təmin etmək, eləcə də şəhər əhalisini həm təbii, həm də sağlam kənd təsərrüfatı məhsulları ilə təmin etməkdən ibarətdir. Qeyd edim ki, yarmarkada məhsulların qiyməti fermerlərin özü tərəfindən müəyyənləşdirilir. Buradakı məhsulların qiymətləri bazardan ucuzdur” - deyə, A.Aslanova vurğulayıb.