Dəm qazı kabusu: qəfil ölümdən necə sığortalanmalı? - Açıqlama
Bu gün, 15:44
Havaların soyuduqdan sonra ölkədə dəm qazından zəhərlənmə və ölüm hadisələrinin sayı artıb. Təkcə son bir neçə həftədə 10 yaxın adam dəm qazından zəhərlənib, 2 nəfər isə dünyasını dəyişib.
Hər il təkrarlanan bu faciələrin qarşısını necə almaq olar? Bunun üçün hansı tədbirlər görülməlidir?
Mövzuyla bağlı Bakupost.az -ın suallarını təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev cavablandırıb.
O bildirib ki, qaz təsərrüfatında təhlükəsizlik məsələsi ön planda olmalıdır:
“Qazın düzgün istismar olunmadıqda dəm qazı yaranmasına səbəb olur. Ona görə də mütləq qaz təsərrüfatı olan yerdə həm dəm qazı, həm də qaz sızması əleyhinə detektorlar olmalıdır. Bu, qanunvericilikdə də təsdiq olunub. Belə detektorlar dəm qazı əmələ gəldikdə xüsusi səs siqnalları ötürür və istifadəçinin məlumatı olur. Qaz sızması əleyhinə detektorlarda isə qaz sızması baş verdikdə klapan bağlanır və qazın təchizatı dayanır.”.
Ekspertin sözlərinə görə, dəm qazı natamam yanma məhsuludur və yanma prosesi düzgün getmədikdə yaranır:
“Bu proses isə tüstü bacaları vaxtında təmizlənmədikdə, otaqda yetərincə oksigen olmadıqda və standartlara uyğun olmayan qaz sobalarından istifadə etdikdə baş verir. Unutmaq olmaz ki, havalandırma mütləqdir. Ona görə də, ikigözlü qaz sobası üçün otağın sahəsi minimum 8 kvadratmetr, üçgözlü qaz sobası üçün minimum 12 kvadratmetr, dördgözlü qaz sobası üçün isə minimum 15 kvadratmetr olmalıdır. Bundan əlavə, nəfəslik və ventilyasi da önəmlidir. Belə olan halda dəm qazının qurbanına çevrilməkdən qurtula bilərik”.
Elmar Nurəliyev dəm qazının, əsasən, hamam otaqlarında yarandığını vurğulayıb:
“Çünki hamam otaqları standartlara cavab vermir və oraya qaz cihazı yerləşdirilir. Ümumiyyətlə, hamam otağında qaz cihazının olması birmənalı olaraq yolverilməzdir. Quraşdırılıbsa belə, mütləq orada ventiliyasiya, havalandırma, dəm qazı və qaz sızması əleyhinə detektorlar olmalı, tüstübacası işlək vəziyyətdə saxlanmalıdır”.
Bakupost.az
Ekspert qeyd edib ki, tüstü bacasının işlək vəziyyətdə olmasını insanlar özləri də yoxlaya bilər:
"Bir kağız parçası yandırıb sovurma qabiliyyətini yoxlaya bilərlər. Əgər sovurma qabiliyyəti yoxdursa, bacada sınıq, çat varsa, burada yanma prosesi pozulur və bu da dəm qazının yaranmasına səbəb olur".
Elmar Nurəliyev kirayə evlərdə qaz təsərrüfatının təhlükəsiz istifadəsiylə bağlı sualımıza cavab olaraq qeyd edib ki, evdə qaz təchizatının təhlükəsiz istismarına ev sahibləri cavabdehdir:
“Həm qaz təsərrüfatının norma və standartlara uyğun istismarının həyata keçirilməsi, həm də qaz sızması, dəm qazı əleyhinə detektorun olması qanunvericilikdə təsbit olunub və bu, ev sahibinin üzərinə düşən məsuliyyətdir".
Rəhman Mirzəlizadə, Bakupost