Ən böyük dəniz kərtənkələsinin qalıqları tapıldı

Dünən, 15:27           
Ən böyük dəniz kərtənkələsinin qalıqları tapıldı
Bir qrup alim Uruqvayın şimal-şərqindəki Laqerştettdə elmə məlum olan ən böyük mezozavrın - 250 milyon ildən çox müddət əvvəl yaşamış qədim dəniz kərtənkələsinin qalıqlarını aşkar ediblər.

Oxu.Az-ın xəbərinə görə, tapıntı barədə məlumat "Fossil Studies" jurnalında dərc edilib.

Məlumata görə, fosilləri tapılan nəhəng heyvanın ölçüsü öz nəslindən olanlardan üç dəfə böyük olub.

Alimlər qeyd ediblər ki, əvvəllər mezozavrların uzunluğu orta hesabla 70 santimetr təşkil edib. Lakin yeni növün nümayəndəsinin ölçüləri həyatda olarkən 1,5-2 metrə çatıb.

Aşkar olunan qalıqlar kəllə sümüyü və onurğa sütununun hissələri, bir neçə sümükdən ibarət olub. Qalıqların parça-parça olmasına baxmayaraq, alimlər qədim kərtənkələnin ölçülərini dəqiq müəyyən edə biliblər. Nəhəngin kəllə sümüyü 15-20 santimetrə çatıb ki, bu da onun müstəsna proporsiyalarını vurğulayır.

Jurnalın məlumatına görə, mezozavrlar əcdadları quruya çıxdıqdan sonra sudakı həyata qayıdan ilk onurğalılar sırasındadır. Onlar müasir Afrika və Cənubi Amerikanın sələfi olan qədim superkontinent Qondvananın sahillərində yaşayıblar. Uzun bədənləri, güclü quyruğu və üzməyə qadir əzaları sayəsində mezozavrlar əla üzgüçü olublar, baxmayaraq ki, bəziləri yarımsu şəklində həyat tərzi sürə biliblər.

Tədqiqatçılar hesab edirlər ki, Uruqvay mezozavrının belə təsiredici ölçüləri sahil sularında uzunömürlülük və rahat şəraitlə əlaqəli olub. Bu kəşf, həmçinin erkən amniotların təkamül tendensiyasını - sürünənlərin, quşların və məməlilərin əcdadlarının ölçülərinin artmasını təsdiqləyir.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.