Neçənci mərtəbədən mənzil alsaq, zəlzələ zamanı daha təhlükəsiz olar? - "Düşünürlər ki, birinci mərtəbədə yaşayıram, düşüb qaçaram"
Dünən, 15:02
"Bina normalara əməl edilərək, bütün qayda-qanunlara uyğun şəkildə tikilibsə, zəlzələ zamanı neçənci mərtəbənin daha etibarlı olmasının heç bir fərqi yoxdur. Sonuncu mərtəbə uçub-dağılırsa, onsuz da aşağı mərtəbənin salamat qalmaq ehtimalı olmayacaq. Hesablama ilə hər şey qaydasındadırsa, deməli, bütün mərtəbələrin zəlzələyə davamlılığı da eyni dərəcədədir. Daha sadə dildə deyək. Məsələn, Allah eləməsin, 8 bal gücündə zəlzələ olsa, bina tikilərkən 8 ballıq zəlzələyə hesablanıbsa, onun bütün mərtəbələri eyni keyfiyyətdədir. Bəzən düşünürlər ki, birinci mərtəbədə yaşayıram, zəlzələ olsa, tez düşüb qaçaram. Zəlzələ zamanı qaçmaq qətiyyən düzgün fikir deyil. Bu, saniyələrdən asılı məsələdir. Buna görə də mərtəbə rol oynamır. Liftdən istifadə etməyi də düşünürlər. Əksinə, normal standartlarla tikilən binada zəlzələ zamanı lift işləməməli, fəaliyyəti avtomatik dayanmalıdır. Pilləkənlə də aşağı düşmək mümkün deyil. Zəlzələnin birinci dalğası keçib gedəndən sonra ikinci dalğadan qorunmaq üçün həyətə düşmək olar".
Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru Lətif Zeynalov deyib.
Professor bildirib ki, zəlzələ çoxmərtəbəli binaları sevmir: "Onmərtəbəli binanın yanında birmərtəbəli bina varsa, əlbəttə, birmərtəbəli daha təhlükəsizdir. Düzgün layihələndirilmiş binalarda isə bu fərq olmayacaq. Ümumiyyətlə, zəlzələdən qorxmağın mənası yoxdur. Yaponiya zəlzələnin üzərində yaşayır, heç 6-7 ballıq zəlzələdən yerlərindən tərpənmirlər. Sadəcə, buna hazır olmaq lazımdır. Binalarımız normal tikilməlidir. Azərbaycanda, xüsusilə, Bakıda yüksək ballıq zəlzələ, demək olar, olmayıb".
L.Zeynalov deyib ki, şəhərsalma normalarına görə, binalar arasında məsafə eyni olmalıdır: "Müəyyən fövqəladə hal baş verdikdə çıxış-giriş, müdaxilə üçün şərait olmalıdır. Əgər bu normalar pozulubsa, bir çoxmərtəbəli binanın həyətində ikincini də tikirlərsə, bu, düzgün deyil. 2010-cu illərdə binalar tamamilə bir-birinin yanında tikilmişdi. Məsələn, Yeni Yasamalda elə ərazilər var ki, heç həyətə çıxmağa yer yoxdur. Bu binalar təkcə zəlzələ yox, yanğın zamanı da əlverişsizdir. Köhnə beşmərtəbəli binaların həyətində biri sökülməmiş başqasını tikirdilər. Hazırda belə hallara yol verilmir. Bütün bunlar o demək deyil ki, iki bina yanaşı tikilibsə, zəlzələ zamanı bir-birinin üzərinə uçacaq. Sadəcə, evakuasiya, zəlzələnin nəticələrini aradan qaldırmaq üçün məsafələri qorumaq lazımdır".