Qadağan edilən yemək xaş deyil, kəllə-paçadır - İLGİNC
Dünən, 12:21
Almaniyada ictimai iaşə obyektlərində xaş qadağan edilib. Bu barədə Almaniya mətbuatı yazıb. Mənbə qeyd edir ki, qadağanın əsas səbəbi heyvanlar arasında "Scrapie" adlı yoluxucu sinir sistemi xəstəliyi təhlükəsidir. Ölkəyə xaricdən qoyun kəlləsi və ayaqları gətirən türkiyəli şəxslərin isə cərimələndiyi bildirilir. Qoyun kəlləsindən yeməklərin hazırlanması Finlandiya, İsveçrə, İsveç və Portuqaliya kimi Avropa ölkələrində də qadağan edilib. Ancaq bu ölkələrdə qadağanın şamil oldunduğu yeməklər siyahısında xaş yoxdur. Qeyd edilir ki, "Scrapie" xəstəliyinə insanlarda rast gəlinməsə də, qoyun və keçilərin sinir sisteminə mənfi təsir göstərdiyi bəllidir.
Qida məsələləri üzrə mütəxəssis Ağa Salamov “Sherg.az"a açıqlamasında qeyd etdi ki, qadağan edilən yemək xaş deyil, kəllə-paçadır. Xaş malın – dananın ayaqlarından, kəllə-paça isə qoyunun başından hazırlanır. Türkiyədə kəllə-paça şorbası geniş yayılmış yeməkdir, Avropada da türklər vasitəsilə yayılıb.
- Bu məlumatla tanışam. Onu da deyim ki, bu yemək təkcə Almaniyada deyil, Avstriyada da qadağan olunub. Türkiyəlilər 73 min cərimə olunublar. Hesab edirəm ki, qadağanın səbəbi “Scrapie” xəstəliyi ehtimalı deyil. Sadəcə, türkiyəli iş adamları əti gömrükdən keçirərkən qaydalara riayət etmədikləri üçün cərimə olunublar. Kəllə-paçanın yeyilməsi isə qorxulu, təhlükəli deyil.
Mütəxəssis qeyd etdi ki, 1732-ci ildən bəri bu günədək də sübut olunmayıb ki, bu xəstəlik insanlara keçir, keçmir:
- “Scrapie” heyvanlarda rast gəlinən sinir xəstəliyidir. Bu, bir çox heyvan növündə və insanlarda rastlanan “Transmissible Spongiform Ensefalopati (TSE) adıyla tanınan xəstəliklərin prototipidir. Xəstəliyin adı, xəstə heyvanların davamlı olaraq yad cisimlərə sürtünməsindən qaynaqlanır. “Scrapie” nevroloji yoluxucu xəstəlikdir və heyvanların baş hissəsinin qaşınması ilə xarakterizə olunur. Bu xəstəliyə tutulmuş qoyun və keçilər fasiləsiz qaşınırlar. Lakin xəstəliyin heyvanlardan, heyvan ətindən insanlara keçməsi elmi təsdiqini tapmayıb. Buna görə də zoonoz xəstəlik hesab edilmir. Elmi təsdiqini tapmadığına görə də kəllə-paçanın qadağan edilməsinin yanlış addım olduğunu düşünürəm. Bu qadağa ortadan qalxmalıdır. Azərbaycan milli mətbəxində, xüsusən də qış aylarında çox hazırlanan xaş mal ayağından hazırlanır. Burda "Scrapie"dən ümumiyyətlə söhbət gedə bilməz. Çünki o, beyindaxili xəstəlikdir. Ayaqlarda olmur yəni. Kəllədaxili xəstəlik olduğu üçün insanlara keçmək təhlükəsi də yoxdur.
Ümumiyyətlə isə heyvan kəsimində baytar nəzarəti var. Xəstə heyvan kəsmək qadağandır. Diri heyvan, ət məhsulları AQTA-nın nəzarəti olan, onlar tərəfindən rəy verilən kəsim məntəqələrindən alınmalıdır. Mənşəyi məlum olmayan ət alındıqda xəstəliyə yoluxmaq təhlükəsi də yaranır.