Şərab və pivənin sağlamlıq üçün faydalı miqdarı açıqlandı
Bu gün, 15:38
"Şərab və pivə kiçik dozalarda prebiotik - bağırsaqda faydalı bakteriyaların böyüməsini və aktivliyini stimullaşdıran maddələr rolunu oynaya bilər".
Gazeta.ru-nun verdiyi məlumata görə, bu barədə rusiyalı həkim-qastroenteroloq Aleksandra Kovalyova məlumat verib.
Onun sözlərinə görə, sirr alkoqolun özündə deyil, şərab və pivənin hazırlanmasında istifadə olunan bitki komponentlərindədir.
Həkim bildirib ki, qırmızı üzüm, səməni və mayaotunda olan polifenollar, həmçinin mayaotu və səmənidən alınan beta-qlükan və arabinozooliqosakaridlər bağırsaq funksiyasına müsbət təsir göstərən prebiotiklərə aiddir.
Bununla belə, Kovalyova bu içkilərin miqdarında diqqətli olmaq barədə xəbərdarlıq edib. O, alkoqol qəbulunu həftədə 20-30 q etanolla məhdudlaşdırmağı, yaxud alkoqolsuz içki variantlarını seçməyi tövsiyə edib.
"Yadda saxlamaq vacibdir ki, pivə və şərab müsbət prebiotik təsirə baxmayaraq, parçalanma zamanı birinci qrup kanserogenlərə - xərçəng riskini əhəmiyyətli dərəcədə artıran maddələrə aid olan asetaldehid əmələ gətirən etanol tərkiblidir. Alkoqol qəbulu zamanı ürək-damar xəstəlikləri və mədə-bağırsaq xəstəlikləri riskinin azalmasını təsdiqləyən tədqiqatlarda xəstələr şərti olaraq kiçik (həftədə 20-30 q etanola qədər) dozalarda alkoqol qəbul ediblər. Bundan əlavə, pivə və şərabın prebiotik komponentlərinin potensial faydası içkilərin alkoqolsuz formalarının istifadəsi zamanı əldə edilə bilər", - deyə həkim əlavə edib.