Jurnalistlərə qarşı ittiham irəli sürülüb, Şahnaz Bəylərqızının səhhəti ağırlaşıb
Bu gün, 15:44
![Jurnalistlərə qarşı ittiham irəli sürülüb, Şahnaz Bəylərqızının səhhəti ağırlaşıb](/uploads/posts/2025-02/1738875973_1.jpg)
Fevralın 6-da vəkillər Xətai Rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerində jurnalistlər Şəmşad Ağa və Şahnaz Bəylətqızı ilə görüşüb.
“Şahnaz Bəylərqızının səhhəti yaxşı deyil, şəkəri və təzyiqi yüksəkdir. Dünən istintaq zamanı da səhhəti ağırlaşdı. Təcili tibbi yardım çağırıldı. İndi həblər atır. Amma qan təzyiqi yenə də 140-150-dən aşağı düşmür. Dünən qan təzyiqi 200-ə qalxmışdı”.
Bu barədə vəkil Bəxtiyar Hacıyev jurnalistlə görüşündən sonra Amerikanın Səsinə bildirib.
Vəkilin sözlərinə görə, hazırkı iş “Toplum TV işi” üzrə cinayət işindən yanvarın 21-də ayrı icraata ayrılıb.
“Şahnaz Bəylərqızına qarşı həmin icraatda nəzərdə tutulan Cinayət Məcəlləsinin 162-1.1-ci (Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi), 192.3.2-ci (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2-ci (...xeyli miqdarda törədildikdə), 206.4-cü (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq) və 213.2.1-ci (vergiləri ödəməkdən yayınma - mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittihamlar irəli sürülüb”, o qeyd edib.
Şahnaz Bəylərqıznın həyat yoldaşı İsmayıl Eyyubov Amerikanın Səsinə deyib ki, fevralın 5-də Şahnaz Bəylərqıznın səhhəti pisləşib.
“İstintaq zamanı səhhəti pisləşdiyindən təcili tibbi yardım dəvət etdilər. Məni də çağırdılar. Şahnaz danışa bilmirdi, halsız idi. Səhhəti çox ağırdır. Qan təzyiqi 200-ə qalxmışdı”, o qeyd edib.
Həyat yoldaşı Şahnaz Bəylərqızının hipertoniyadan (arterial təzyiqin yüksək olması-red), yüksək şəkərdən, işemiyadan əziyyət çəkdiyini, beyin nahiyyəsində kista olduğunu bildirib.
Bununla yanaşı vəkil Şəhla Hümbətova Amerikanın Səsinə bildirib ki, Şəmşad Ağaya “Meydan TV işi” üzrə Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi üzrə ittiham verilib.
Vəkil bu gün Şəmşad Ağa ilə Xətai Rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerində görüşdükdən sonra Amerikanın Səsinə deyib.
Bu gün hər iki jurnalistin məhkəmə qarşısına çıxarılıb.
Şəmşad Ağa fevralın 5-də “Meydan TV işi” üzrə saxlanılıb. Belə ki, 2023-cü il dekabrın 6-da "Meydan TV"nin baş redaktoru Aynur Elgünəş (Qənbərova), saytın jurnalistləri Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Umudova, Ramin Deko, media əməkdaşı Ülvi Tahirov həbs olunub. Dekabrın 8-də Xətai Rayon Məhkəməsi onlar barəsində həbs qətimkan tədbiri seçib.
Jurnalistlər Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunurlar.
Şahnaz Bəylərqızı fevralın 5-də saxlanılıb.
Belə ki, 2024-cü il martın 6-da hüquq-mühafizə orqanları "Toplum TV", "Demokratik Təşəbbüslər İnstitutu", həmçinin "III Respublika Platforması"nın ofislərində, bir neçə əməkdaşın evində axtarış aparıb.
Məlumata görə, iyirmidən çox əməkdaş polis tərəfindən saxlanılıb, bir neçə saat sonra əməkdaşların əksəriyyəti sərbəst buraxılıb, lakin "Toplum TV"nin ofisinin qapısı möhürlənib.
"Toplum TV"nin jurnalistləri Fərid İsmayılova (polis nəzarəti altına vermə barədə qətimkan tədbiri, 2025-ci ilin yanvarın 17-dən həbs qətimkan tədbiri), Müşfiq Cabbara, Elmir Abbasova (polis nəzarəti altına vermə barədə qətimkan tədbiri) və "Demokratik Təşəbbüslər İnstitutu"nun rəhbəri, həmçinin "III Respublika Platforması"nın spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində həbs qətimkan tədbiri seçilib.
2024-cü ilin martın 8-də "III Respublika Platforması"nın qurucu heyət üzvü Ruslan İzzətli və "Toplum TV"nin həmtəsisçisi Ələsgər Məmmədli də həmin ittiham üzrə həbs olunublar.
Yanvarın 17-də "Toplum TV işi üzrə" ittiham olunan şəxslərin ittihamı ağırlaşdırılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 162-1.1-ci (Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi), 192.3.2-ci (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2-ci (...xeyli miqdarda törədildikdə), 206.4-ci (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq) və 213.2.1-ci (vergiləri ödəməkdən yayınma - mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.
"Toplum TV işi" üzrə ibtidai istintaq hazırda başa çatıb.
"Meydan TV" və “Toplum TV” jurnalistlərin saxlanılmasının qeyri-qanuni olduğunu bildirib.
Beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti Azərbaycan hökumətini haqsız yerə saxlanılan insanların azad edilməsinə çağırıb.
Dövlət rəsmiləri isə bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edirlər.
Azərbaycan Prezidenti İlham Əliyev tez-tez öz çıxışlarında ölkədə azad mətbuatun, həmçinin insanların internetə azad çıxışının olduğunu qeyd edir.