Məmurlar xalqa xidmət etmir, öz rifahlarını yaxşılaşdırır - Partiya sədri

Bu gün, 10:29           
Məmurlar xalqa xidmət etmir, öz rifahlarını yaxşılaşdırır - Partiya sədri
Milli Məclisin son iclasında deputatlar məmurların və nazirlərin müraciətlərə biganə yanaşmasından narazılıq bildiriblər. Millət vəkillərinin sözlərinə görə, dövlət qurumları məktublara cavabı gecikdirir, telefon zənglərinə isə ümumiyyətlə cavab vermirlər. Deputatlar hesab edirlər ki, bu laqeydlik vətəndaşların problemlərinin həllinə mane olur. Azərbaycanda deputatların müraciətlərinə cavab verilməməsi artıq xroniki problemə çevrilib. Deputat Səyyad Aran deyib ki, nazirlərin heç birinin fəaliyyət tempi Prezidentin tempinə uyğun gəlmir: "Yaxşı, ay nazir, sənə məktub yazmışam, niyə cavab vermirsən? Yaxşı, sən çox mühüm işlərlə məşğulsan. Deputatın yazdığı məktub xalqın arzusu, istəyi və problemi ilə bağlıdır, cavab verməlisən". Deputatın həmkarları da ona dəstək veriblər.

Gündəmə gətirilən problemi Sherg.az-a şərh edən Ədalət Partiyasının sədri Mütəllim Rəhimov deyib ki, məmurların özbaşınalığı və özlərini xalqdan ayırması ilə bağlı tənqidlər yeni deyil. Partiya rəhbəri qeyd edib ki, bu, tendensiya halını aldığından cəmiyyətdə ciddi narazılıq yaradır:
"Kreslo sahibləri öz vəzifələrini düzgün anlamırlar. Onlar vəzifəni xalqa xidmət deyil, öz rifah hallarını yaxşılaşdırmaq kimi başa düşürlər. Bununla bağlı məsələ dəfələrlə qaldırılıb, hətta Prezident də bir müddət əvvəl kəskin münasibət bildirmişdi. Vətəndaşların taleyin ümidinə buraxılması və məmurların onların problemləri ilə məşğul olmaq istəməməsi təəssüf doğurur. Bu, eyni zamanda qanun qarşısında məsuliyyət yaradır. Əgər indiyədək onların sırasından bir nəfər də olsa məsuliyyətə cəlb edilsəydi, görüntü xeyli dəyişərdi".

M.Rəhimova görə, problemin köklü həllini istəyiriksə, idarəetmə sistemində yenilik edilməlidir:
"Bütün məmurların, o cümlədən, nazirlərin hesabatlılığı və məsuliyyət mexanizmi işlək olmalıdır. Fəaliyyətin şəffaflığı sözdə deyil, əməldə təmin edilməlidir. Ən vacibi isə məmurlar problemlərin nəticələrini aradan qaldırmaqla deyil, onu yaradan səbəblərlə məşğul olmalıdir. Deputat Səyyad Aranın qaldırdığı məsələ aktualdır. Amma bununla bağlı onun canfəşanlıq etməsi başa düşülmür. Çıxışının səmimi şəkildə problemin mahiyyəti üzrə həllinə xidmət etdiyi şübhəlidir. Bu, daha çox xal yığmağa oxşayır".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru