"Saxta həkim Gülbadə Abdullayevanın əməliyyatında yenə də zərərçəkənlər var" — Qalmaqal böyüyür təkzib verən xəbər portalı məhkəməyə verildi
Bu gün, 17:06

Redaksiyamıza daxil olan məlumatlara əsasən, Gülbadə Abdullayeva adlı şəxs tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı daha bir neçə nəfərin sağlamlığı ciddi şəkildə təhlükəyə düşüb. İddialara görə, bu şəxs həkimlik fəaliyyəti üçün tələb olunan qanuni sertifikat və icazələrə malik olmadan tibb sahəsində cərrahi müdaxilələr həyata keçirir.
Buna baxmayaraq, sosial mediada bəzi şəxslər bu iddiaların guya “yalan” olduğunu bildirərək təkzib xarakterli paylaşımlar yayımlamağa çalışırlar. Məlum məsələdir ki, bu tip yazılar əsasən Gülbadə Abdullayevanın fəaliyyəti ilə maraqları uzlaşan və ya ona yaxın olan şəxslər tərəfindən yayımlanır. Bu şəxslərə bir daha xatırlatmaq istəyirik: qanunsuz fəaliyyətlərin üstünü ört-basdır etməyə çalışmaqla siz sadəcə növbəti zərərçəkənə zəmin hazırlayırsınız.
Unutmayın, bu gün başqasının zərərini təkzib edənlər, sabah öz yaxınlarının yaşadığı faciənin təkzib edilməsi ilə üzləşə bilər. Bu isə artıq ictimai vicdan və hüquqi məsuliyyət məsələsidir.
Qeyd etmək istərdik ki, mətbuat haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, yayılan məlumatların təkzibi yalnız rəsmi sənədlərə və ya birbaşa aidiyyəti qurumların açıqlamalarına əsaslanarsa, hüquqi dəyər daşıya bilər. Şəxsi bloqlar, subyektiv fikirlər və tərəfli mövqelər isə ictimaiyyətin düzgün məlumatlandırılmasına xidmət etmir, əksinə, ictimai çaşqınlığa səbəb ola bilər.
Redaksiya olaraq mövqeyimiz dəyişməzdir: yazıda adları çəkilən şəxslərlə bağlı redaksiyamıza daxil olmuş şikayətlər, foto və yazılı sübutlara əsasən yayımlanıb. Gülbadə Abdullayevanın həkimlik fəaliyyəti ilə bağlı təqdim olunmuş iddialar aidiyyəti dövlət qurumlarına yönləndirilmiş və məsələnin rəsmi şəkildə araşdırılması istənilmişdir.
Eyni zamanda bildiririk ki, hər kəsin cavab haqqına hörmətlə yanaşırıq, lakin təkzib adı ilə qərəzli və hüquqi əsası olmayan yazılar nə peşəkar jurnalistikaya, nə də ictimai məsuliyyətə uyğun gəlmir.
Qeyd: Məhz elə bu səbəbdən də Bakunews.az redaksiyası olaraq, ictimai rəyi çaşdırmaq məqsədi daşıyan və faktlara əsaslanmayan təkzib paylaşımına görə “Xüsusi TV” adlı sosial media platformasının idarəçisi Asim Abdullayev barəsində Lənkəran Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunmuşdur.
İddia ərizəsində qeyd edilir ki, yayımlanan təkzib yazısı redaksiyanın nüfuzuna xələl gətirməklə yanaşı, jurnalist araşdırmalarına maneə yaratmağa yönəlmişdir. Redaksiya qanun çərçivəsində bu cür əsassız hücumların qarşısının alınması üçün hüquqi prosedurları davam etdirəcək.
Bildiririk ki, qarşı tərəfin cavab haqqı hər zaman tanınır, lakin bu hüquq yalnız etik və hüquqi çərçivədə istifadə edildikdə məqbul hesab oluna bilər.
Redaksiyamız məsələni araşdırmağa davam edir və yaxın günlərdə əməliyyatdan sonra sağlamlığında ağır fəsadlar yaranmış şəxslərin rəsmi şikayətləri, habelə foto və sənəd materialları ilə birlikdə aidiyyəti dövlət qurumlarına təqdim olunacaq.
Biz təkzib deyil, fakt yazırıq. Faktları isə təkzib etmək yox, araşdırmaq lazımdır.(Bakunews.az)