Allaha üsyan, güllələnən möminlər, qeyb olan milyonlarla qızıl pul... - II YAZI
Dünən, 15:08

Böyük aclıq - kommunist fəlakətinin daha bir dəhşətli səhifəsi
Vətəndaş müharibəsi, quraqlıq və ən əsası, bolşeviklərin yanlış iqtisadi siyasəti - bütün bunlar 1921-1922-ci illərdə Rusiyada dəhşətli aclığa və milyonlarla insanın ölümünə səbəb oldu. “Radio Svoboda”nın həmin fəlakət haqqında məqaləsini təqdim edirik.
Nəqliyyat kollapsı fəlakəti dərinləşdirirdi. Vətəndaş müharibəsi dəmiryollarını xaraba qoymuşdu. Aclıq rayonlarından yalnız azsaylı qaçqınlar gedə bilirdilər. Bəziləri Sibirə və ya Orta Asiyaya gedərək xilas oldular.
Amerika Yardım Assosiasiyası (ARA) Rusiyada fəaliyyətini sürətlə genişləndirdi. Huver 1918-1920-ci illərdə Avropa ölkələrinə yardım təşkili təcrübəsindən yararlana bilərdi. Özünün maliyyə resursları, biznes və mesenatlarla şəxsi əlaqəsi, eləcə də kütləvi ianələr cəlb etmək imkanı vardı. ABŞ-nin ərzaq yüklənmiş “Feniks” gəmisi 1921-ci il sentyabrın 1-də Petroqrada gəldi. Sentyabrın 6-da Rusiyada ARA-nın ilk yeməkxanası açıldı. Daha dörd gün keçmiş Moskva uşaq qida məntəqəsi açıldı. Amerikalılar sentyabrın ilk həftələrində Petroqradda 42 min uşaq üçün 120 mətbəx yaratdılar.
Rusiyaya bağlamalarla ünvanlı yardım təşkil olunmuşdu. ARA-nın ərzaq bağlaması 49 funt undan, 25 funt düyüdən, 10 funt piydən, 10 funt qənddən, 20 banka qatılaşdırılmış süddən ibarət olmaqla, cəmi 53 kq idi. Aclıq bürüyən ölkədə doğmasına və ya tanışına kömək etmək istəyən hər kəs Amerika bankında və ya ARA-nın Avropadakı nümayəndəliyində 10 dollara ərzaq kuponu ala bilərdi. Daha sonra kupon poçtla Rusiyadakı ARA-ya göndərilir, təşkilat da bağlamanın alıcısını tapırdı.
Rusiyadakı ARA-da 200-300 amerikalı və 120 minə qədər yerli personal çalışaraq, milyonlarla aclıq çəkəni yedirirdilər. Artıq 1921-ci ilin oktyabrı üçün Rusiyaya 500 vaqondan çox ərzaq göndərilir. Dekabrın 10-u üçün 565 112 uşaq ARA azuqəsi alır.
Dekabrın 22-də ABŞ Konqresi çətin debatlardan sonra Rusiyaya göndərmək üçün Amerika fermerlərindən ərzaq almağa 20 milyon dollar ayrılmasını bəyəndi.
Dekabrın 30-da xarici ticarət xalq komissarı Leonid Krasin aclıq çəkən yetkin əhalinin qidalanmasının təşkili haqda RSFSR hökuməti adından ARA ilə müqavilə imzaladı. 2022-ci il iyunun 1-i üçün ac quberniyalarda 7000 sovet, 9500 də xarici təşkilatların yeməkxanası fəaliyyət göstərirdi.
1922-ci ilin yanvarında Konqres yatalaq və vəba epidemiyasının qarşısını almaq üçün tibbi yardım proqramını bəyəndi. Konqresin Rusiya əhalisi üçün taxıl və dərman alışına 24 milyon məbləğində əlavə vəsait ayrılması barədə qərarı ARA-ya fəaliyyətini 10 dəfə genişləndirmək imkanı verdi: böyüklər də daxil olmaqla, 10 milyon nəfərə qədər. Assosiasiyanın fəaliyyətinin zirvəsi 1922-ci yayına təsadüf etdi: iyulda hər gün 9 milyon, avqustda isə 10,3 milyon nəfər onun yeməkxanalarında qidalanır.
İki il ərzində ARA üzərindən 78 milyon dollar xərcləndi. Onlardan 28 milyonu ABŞ hökumətinin pulu idi. 13 milyon dolları RSFSR hökuməti ABŞ-da toxum almaq üçün ayırmışdı. Qalan vəsaiti xeyriyyə və özəl təşkilatlar vermiş, ya da ianə toplanışı ilə əldə olunmuşdu. ARA hakimiyyətdən təşəkkür almadı. Bolşeviklər 1922-ci ildə ARA-nı sistemli şəkildə Rusiyadan sıxışdırmağa başladılar. Mətbuatda gözümçıxdıya salmaqla başladılar. Yerli qəzetlərdə amerikalıların “qeyri-zəhmətkeş elementlər”i yedirmələri, yardımın yetərli olmaması və s. barədə mütəmadi yazılar peyda olurdu.
ARA proqramı 1923-cü ilin yayında dayandırıldı. Sovet hökumətinə iyunun 4-də göndərilən məktubda bildirilirdi ki, təşkilatın məlumatına görə, SSRİ-də ərzaq daha yetərincədir. Maksim Qorki Herbert Huverə yazırdı: “Sizin yardımınız ən böyük şan-şöhrətə layiq unikal, nəhəng əməl kimi tarixə yazılacaq və ölümdən xilas etdiyiniz milyonlarla rusun yaddaşında həmişəlik qalacaq”.
Səyyah və ictimai xadim Frityof Nansen də yardım aksiyasına fəal qoşulmuşdu. O, Millətlər Cəmiyyətini Rusiyada aclıq çəkənlərə yardım üçün heç olmasa 5 milyon ayırmağa çağırırdı. Nansen fəlakəti öz gözlərilə görmüşdü. Rusiyada məzarlığa baş çəkən və üst-üstə yığılmış meyitləri görən qütb tədqiqatçısı qəbirqazandan hər gün nə qədər meyit gətirildiyini soruşur və “arabalarla” gətirildiyi cavabını alır. Allahın hər günü.
Nansenin rəhbərlik etdiyi Rusiyaya beynəlxalq yardım cəmiyyəti 1921-ci ilin sentyabrından 1922-ci ilin sentyabrına qədər Rusiyaya 90,7 min ton ərzaq çatdırdı. Nansen komitəsinin və partnyorlarının töhfəsi 4 milyon dollar təşkil etdi, 1922-ci ildə onun təşkilatı hər gün 140 minə yaxın adam yedirdirdi.
Amerika kvakerləri böyük fəallıq göstərdilər. Onların missiyalarından biri aclığın episentrlərindən sayılan Buzuluk uyezdində yerləşmişdi. 1921-ci ilin dekabrında 35 min, 1922-ci ilin martında isə 85 min adamı yedirirdilər. 1922-ci ilin sonları üçün kvakerlərin yardımı 265 min nəfəri əhatə edirdi.
Çexoslovakiya respublikası Qırmızı Xaç vasitəsilə ərzaq, geyim və dərman yüklənmiş səkkiz eşelon göndərdi və aclıq çəkən ərazilərdən 400 uşaq qəbul etdi.
Aclıq kilsə ilə mübarizə üçün bəhanə kimi
1922-ci ildə bolşevik liderləri aclıqla mübarizə ilə əlaqədar Rusiya Pravoslav Kilsəsindən qiymətli əşyaları müsadirə etmək qərarına gəldilər. Mətbuatda gedən kampaniyada “obnovlençestvo”” (sovet hakimiyyətin yaratdığı təfriqəçi hərəkat) nümayəndələri fəal iştirak edirdilər. Partiyanın Mərkəzi Komitəsi yerlərə göndərdiyi təlimatda fəhlələri kilsə əleyhinə qaldırmağı tələb edirdi: çünki ruhanilər müqəddəs qabları və ibadət avadanlığını verməkdən imtina edirdilər. Quberniya səviyyəsində kilsə sərvətlərinin müsadirəsi üçün komissiyalar yaradılırdı. Təşəbbüs guya aşağılardan gəlirdi.
Patriarx Tixon pravoslav kilsəsinin mövqeyini izah etməyi qərara aldı: “Biz olduqca ağır şərtləri nəzərə alaraq müqəddəs olmayan və ibadət üçün istifadə edilməyən əşyaların ianə edilməsini mümkün saydıq. Biz kilsənin inanclı övladlarını belə ianələrə çağırırıq... Amma biz başqa məqsədlərlə istifadəsi ümumdünya kilsəsinin qaydaları tərəfindən qadağan edilən və küfr sayılan müqəddəs əşyaların götürülməsinə razılıq verə bilmərik; belə hallarda dindar kilsədən kənarlaşdırılır, ruhani isə rütbəsini itirir”.
Hakimiyyət belə yanaşmanı bəyənmədi. Onların xətti belə idi: hər şeyi götürəcəyik, üstəlik, kilsə daxilində konflikt yaradacağıq. Kilsə sərvətlərinin müsadirəsi haqda ÜMİK-in 26 fevral 1922-ci il tarixli dekretindən sonra bütün ölkə boyu kilsələrdə axtarışlar aparıldı, bu zaman komissiya ilə məbədləri müdafiə edən xalq arasında toqquşmalar baş verdi. Bütün bunlar bolşeviklərin xeyrinə idi, çünki ruhaniləri əksinqilabda günahlandırmağa fürsət yaradırdı.
İvanovo-Voznesensk quberniyasının Şuya şəhərində martın 15-də müsadirələr əleyhinə etirazlar böyük miqyas aldı. Qəzəbli kütlənin milis və hərbçilərlə toqquşması baş verdi. Diriliş məbədinin ətrafına toplaşan etirazçılara pulemyot və tüfənglərdən atəş açıldı. Kütlə dağıdıldı, 5 nəfər öldürüldü, 15 nəfər yaralandı. Həmin gün iki fabrik tətil etdi. Məbəddən 3,5 pud gümüş toplandı.
Müxtəlif rəylərə görə, toqquşmada 3 mindən 6 minə qədər adam iştirak edib, halbuki Şuya əhalisi 23 min nəfər idi. Lev Trotski “günahkar Şuya keşişlərini və sakinlərini” bir həftə ərzində tribunala verməyi, “təşəbbüsçülər”in isə güllələnməsini tələb edirdi. Lenin göstəriş verdi: “Siyasi büro məhkəmə hakimiyyətinə əhatəli direktiv verəcək ki, aclıq çəkənlərə yardıma müqavimət göstərən Şuya qiyamçılarına qarşı proses maksimum sürətlə aparılsın, çox böyük sayda nüfuzlu və təhlükəli qaragüruhçular güllələnmədən yekunlaşmasın, özü də imkan daxilində təkcə Şuyada yox, həm də Moskvada və bir sıra digər dini mərkəzlərdə”.
Belə də oldu, meydana çıxmayan protoierey Pavel Svetozarov, kommunistlərin əleyhinə danışan ierey İoann Rojdestvenski və usta Pyotr Yazıkov inqilabi tribunalın hökmü ilə mayın 10-da güllələndilər. Lenin, Trotski, Stalin və Molotov qərarı Siyasi Bürodan keçirdilər. Rıkov, Tomski və Kamenev azlıqda qaldılar. Hökmü yüngülləşdirməyi təklif edən ÜMİK sədri Kalininin fikri ilə hesablaşmadılar. ÜMİK sədrinə və Rəyasət Heyətinə mülayimliyə görə töhmət verildi.
Şuya hadisəsi Leninə Rusiya Pravoslav Kilsəsini darmadağın etmək strategiyasını əsaslandırmağa bəhanə verdi. Aclıq burada yalnız fon idi, guya yetərincə loyal olmadığına görə nüfuzlu strukturu repressiya etmək üçün fon. Lenin 1922-ci il martın 19-da Molotova məktubunda yazırdı: “Bütün mülahizələr onu göstərir ki, biz bunu sonra etməyə nail olmayacağıq, zira şiddətli aclıqdan başqa heç bir məqam bizə geniş kəndli kütlələrinin ya rəğbətini, ya da heç olmasa bitərəfliyini təmin edəcək əhval yaratmayacaq. Dövlət işləri üzrə ağıllı bir yazıçı haqlı olaraq deyirdi ki, müəyyən siyasi məqsədlərə nail olmaq üçün bir sıra qəddarlığa getmək qaçılmazdırsa, onu ən qətiyyətli şəkildə və ən qısa müddətdə həyata keçirmək lazımdır. Çünki qəddarlığın uzun müddət tətbiqinə xalq kütlələri dözməyəcək... Bu əsasla irticaçı ruhanilərin və irticaçı burjuaziyanın nümayəndələrindən nə qədər çox güllələyə bilsək, bir o qədər yaxşıdır”.
Çekistlər rəhbərin iradəsini yerinə yetirdilər. “Şuya qiyamçıları” üzərində məhkəmədən əlavə Moskva və Petroqradda keşişlər və dindarlar üzərində iki böyük “ibrəti-aləm” proses keçirildi. Moskvada 154 müttəhim, 11 ölüm hökmü (6 nəfər əfv edildi), Petroqradda 80 müttəhim, 10 ölüm hökmü (6 nəfər əfv edildi). Güllələnənlər arasında Petroqrad mitropoliti Veniamin də vardı. Halbuki o, dindarları müsadirəyə zorakılıqla cavab verməməyə çağırmışdı.
Kilsə sərvətləri işi üzrə Rusiyada 1921-1923-cü illərdə repressiya olunanların sayı 10 min nəfərə çatdı və onların beşdə biri güllələnməyə məhkum edildi - müasir tarixçilərin hesablamaları belədir. Leninin dəhşətli aclıq fonunda Rusiya Pravoslav Kilsəsini darmadağın etmək barədə siyasi qərarı olduqca riyakardır. Özü də onun göstərişlərində müsadirə olunan kilsə sərvətlərinin aclıq çəkənlərin xilası üçün istifadə olunacağı barədə bir kəlmə də yox idi.
“Kreml arxivləri”nin 1997-ci ildə açıqlanan məlumatlarına görə, 4,5 milyon qızıl rubl dəyərində kilsə sərvətləri müsadirə olunub. Aclıq çəkənlər üçün taxıl alınmasına isə cəmi 1 milyon xərclənib.
Kilsə sərvətlərinin müsadirəsi zamanı bolşevik hakimiyyəti mühüm yolayrıcını keçdi: onlar milyonlarla insanın həyatına real təhlükə şəraitində kilsə sərvətinin bir hissəsinin aclıqla mübarizəyə könüllü verilməsi barədə kompromis qərarı bəyənə bilərdi. Bu, kilsə strukturunun tam loyallığını təmin etməyə və onunla konflikti dərinləşdirməməyə imkan verəcəkdi. Amma məqsəd başqa idi: qarşılıqlı anlaşma və aclıq çəkən əhalinin effektli xilası yox, pravoslavlar içində təfriqə yaratmaq. Nəticə ruhanilər və dindarların kütləvi repressiyası, pravoslav kilsəsinin düşmən elan edilməsi və üzərində qələbə çalınması oldu. Bu zaman bolşevik liderlər heç özlərinə sual vermirdilər: hakimiyyət və cəmiyyət aclıqla mübarizəni prioritet görməli olduqları halda qarşıdurmanı körükləmək faydalıdırmı?
Tarixçilər və demoqraflar həmfikirdirlər ki, Rusiyada 1921-22-ci illərin aclığı 6 milyona qədər itkiyə səbəb oldu. ABŞ və Avropa ölkələrindən xeyriyyəçilərin köməyi olmasaydı, qurbanlar daha çox ola bilərdi. Volqaboyu aclığı Avropada dinc dövrdə ən böyük humanitar fəlakətlərdən biri idi. O, 90 milyon əhalisi olan ərazini əhatə etdi. Həmin əhalinin, müxtəlif rəylərə görə, 28-40 milyonu aclıq çəkirdi. Bu dəhşətli faciədə də təkcə təbiət günahkar deyildi.
Qurbanların müdhiş sayına görə məsuliyyəti ilk növbədə Vladimir Leninin rəhbərlik etdiyi hökumət daşıyırdı. Bolşeviklər 1917-ci ildə öz ölkələrinin xalqı üzərində hərbi-kommunizm eksperimentinə başladılar və humanitar fəlakətə apardığını görəndə onu vaxtında durdura bilmədilər. Fəlakət 30-cu illərdə təkrarlandı: Stalin və əlaltılarının təhkimçi kolxoz hüququnu tətbiq etmələri yeni şiddətli aclığa - Qolodomora səbəb oldu...
Hazırladı: Yadigar Sadıqlı
MƏNBƏ: