“Mağazalardakı ”ağıllı güzgülər”ə çox da etibar etməyin” – Müştərilərə ÇAĞIRIŞ
14-04-2025, 17:18

Marketoloqlar geyim mağazalarında müştəriləri paltardəyişmə otağında daha incə və uzun göstərən güzgülərdən istifadə edirlər.
Bu cür güzgülərin istifadəsi alıcının qərarvermə prosesinə təsir göstərmək üçün düşünülmüş marketinq strategiyasının bir hissəsidir.
Araşdırmalar göstərir ki, “ağıllı güzgülər”də özünü daha incə görən müştəri paltardəyişmə otağında 15-30% daha çox vaxt keçirir. Bu, satış heyətinə alıcı ilə daha uzun təmas qurmaq və əlavə məhsullar təklif etmək üçün imkan yaradır.
Bu taktikanın mənfi tərəfləri də mövcuddur. Müştəri mağazada geyimi daha cəlbedici görsə də, evdə eyni effekti əldə etmədikdə məhsulu geri qaytarmaq ehtimalı artır. Bu isə mağazanın logistika xərclərinə, stok idarəçiliyinə və brend reputasiyasına mənfi təsir göstərir. Ona görə də bir çox brend bu strategiyanı balanslı şəkildə, etik çərçivədə tətbiq etməyə çalışır.
Şəffaf texnologiyalar və real görüntülər təqdim edən brendlər, uzunmüddətli etibar və loyallıq qazandığından, onların satış sonrası xərcləri də azalmağa meyllidir.
Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyir ki, istehlakçıları aldatmaq üçün çoxsaylı fəndlər mövcuddur:
“Biznes qurumları, marketoloqlar daha çox müştəri cəlb etmək üçün müxtəlif vasitələrdən istifadə edirlər. Onlardan biri də geyim mağazalarında quraşdırılan “ağıllı güzgülər”dir. “Ağıllı güzgülər” barədə mənə 2 ildən çoxdur ki, müraciətlər edilir. İstehlakçılar müraciətlərində deyirlər ki, belə güzgülər vasitəsilə çox asanlıqla aldana bilirlər.
Təsadüfi deyil ki, market və mağazalara girərkən xüsusi musiqilər eşidirik, fərqli rənglər görürük. Bunların hamısı istehlakçını daha çox salonda saxlamaq üçün qurulan fəndlərdir. İnsan nə qədər marketdə ləngisə, bir o qədər məhsul istehlak edir. Həmin fəndlərdən biri də “ağıllı güzgülər”dir. Ona görə də istehlakçılar diqqətli olmalıdırlar. Mağazalardakı güzgülərə çox da etibar etməməlidirlər”.