Alimlər Günəş sistemində mümkün "Doqquzuncu planet"in izinə düşüblər

Bu gün, 15:34           
Alimlər Günəş sistemində mümkün "Doqquzuncu planet"in izinə düşüblər
Beynəlxalq astronomlar qrupu, Tayvanda yerləşən Tsinxua Milli Universitetinin alimlərinin rəhbərliyi ilə Günəş sistemində mümkün olan Doqquzuncu planetin mövcudluğuna dair yeni dəlillər aşkarlayıblar.

32gun.az bildirir ki, bu nəticələr arxiv infraqırmızı teleskop məlumatlarının təhlili əsasında əldə olunub və "arXiv"elmi portalında dərc edilib.

Qeyd edək ki, alimlər hələ 2016-cı ildə Günəş sisteminin kənarlarında böyük kütləyə malik bir planetin mövcud ola biləcəyini irəli sürmüşdülər. Onun cazibə qüvvəsi bəzi transneptun obyektlərinin qeyri-adi orbitlərini izah edə bilərdi. Lakin həmin vaxtdan bu ehtimal yalnız nəzəri model kimi qalırdı.

Yeni araşdırmada tədqiqatçılar 1983-cü ildə fəaliyyət göstərmiş IRAS və 2006-cı ildə işlək olmuş AKARI infraqırmızı kosmik teleskoplarının çəkdiyi görüntüləri müqayisə ediblər. Aradakı 23 illik fərq Günəş sisteminin uzaq kənarlarında yerləşən zəif parlayan obyektlərin hərəkətini izləməyə imkan verib.

Analiz nəticəsində 13 mümkün obyekt arasından biri xüsusi diqqət çəkib — onun mövqeyi və parlaqlığı Doqquzuncu planet üçün öncədən proqnozlaşdırılan parametrlərə uyğun gəlir. Bu göstəricilərə görə, obyekt Günəşdən 500–700 astronomik vahid (təqribən 74–104 milyard kilometr) məsafədə yerləşir və onun kütləsi Yerinkindən 7–17 dəfə artıqdır.

Bununla belə, alimlər qeyd edirlər ki, bu obyektin doğrudan da Doqquzuncu planet olub-olmadığını təsdiqləmək üçün əlavə müşahidələrə ehtiyac var.

“Əgər Doqquzuncu planet doğrudan da mövcuddursa, onun kəşfi astronomiya dərsliklərini yenidən yazmağa səbəb olacaq”, – deyə tədqiqatçılar bildiriblər.

Bu tapıntı Günəş sisteminin formalaşması və təkamülünü daha dərindən anlamağa kömək edə bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.