Qərbi Azərbaycan Xronikası: "Atam Qazaxdan, Gəncədən gəlmək istəmirdi ki, bəlkə bizi qaytardılar"
Bu gün, 15:04

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.
Oxu.Az xəbər verir ki, "Yaşlı erməni dedi ki, vaxt gələcək siz gedəcəksiniz" verilişi Göyçə mahalı, Qaraqoyunlu dərəsi, Çəmbərək rayonu Yanıqpəyə kənd sakini Zaur Sərdarovun həyat hekayəsinə həsr olunub.
O, 1960-cı ildə anadan olduğunu, orta məktəb illərində yaz-yay vaxtı yaylaqlara köçdüklərini, Göyçə gölündə balıq tutduqlarını, qayıqlarla gəzdiyini söyləyib: "Uşaqlığımız çox gözəl keçib. Kəndin dörd tərəfi meşəlik idi. Biz ot biçirdik. Hava, su tərtəmiz idi. Uşaqlığım, böyüdüyüm yurd-yuvamdakı o gözəl sağlamlıq hamısı o kənddə qaldı. Novruz bayramında analarımız, nənələrimiz qatlama, fəsəli bişirərdilər. Toylarımızda qara zurna, saz səslənirdi. Novruz bayramında tonqallar qalanır, lopa yandırardıq".
Onun sözlərinə görə, o vaxt Yanıqpəyə yaylaq yeri olub: "Qazaxdan gəlib orada heyvan otarırlarmış. 1930-cu illərdə oradakı pəyəni yandırıblar. Yanıqpəyə adı elə ondan qalıb. Orada başqa millət yaşamayıb, hamsı türk olub. Əhalinin 99%-i qohum idi. Uşaqlıq dövründə, tələbəçiliyə qədər İrəvana, Kirovakana, Dilicana, Çəmbərəyə gedəndə bizə bir cür baxırdılar, zaman-zaman bizi perikdirirdilər. Mağazaya mal vermirdilər, camaat rayona gedəndə görürdün incik gəlirdilər. Bir erməni mənə öz dillərində dedi ki, elə vaxt gələcək, bizim hökumətimiz olacaq. Sən hələ uşaqsan, belə şeyləri bilməzsən. Onların bu sözlərinə bizim ağsaqqallarımız, ağbirçəklərimiz inanmırdılar. Sovet hökumətinə güvənirdilər".
Yanıqpəyə sakini 1988-ci ilin dekabrın 2-də camaatın kənddən çıxmağa başladığını vurğulayıb: "Karvansaray rayonunda heyvanları gətirən uşaqların qarşısını ermənilər kəsib, onları qorxutmaq üçün heyvanları güllələmişdilər. Sonra heyvanları uşaqların əlindən almışdılar. Biz evlərimizi dəyişə bilmədik. Bütün mal-mülkümüz orada qaldı. Camaat Çəmbərək rayonundan keçməklə Gədəbəyə gəldilər. Bunların hamısı faktdır. Atam Qazaxdan, Gəncədən bəri gəlmək istəmirdi ki, bəlkə bizi Qarabağa yönləndirdilər. O da mümkün olmadı, alınmadı".
"Vətən həsrəti bizim üçün sağalmaz bir yaradır"- deyən Z.Sərdarov bildirib ki, uşaqlığı, cavanlığı, gəncliyi o kənddə qalıb. "Mən hər gecə yuxularımda oranın görürəm. Yanıqpəyənin icma sədri kimi, camaatımızın fikirlərini öyrənirəm və onların ürək yanğısı ilə kəndə qayıtmaq istəyini görürəm. Cavanlarımız daha ürəklə istəyirlər ki, gedib o kəndi görsünlər. Müraciət edən insanlarımız bu ruh, arzu ilə yaşayırlar. Dədə-babalarımızın, nənələrimizin, dəyərli insanlarımızın orada qəbirləri qalıb. Hər şeyi ermənilər dağıdıblar. Əminəm ki, Qərbi azərbaycanlılar ellikcə, obalıqca yurdlarımıza qayıdacağıq".
Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüzminlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.