ChatGPT söhbətləri internetə sızdı: Süni intellektlə bağlı ŞOK PROBLEM

Bu gün, 12:18           
ChatGPT söhbətləri internetə sızdı:
Süni intellekt platforması ChatGPT ilə bağlı ciddi gizlilik problemi ortaya çıxıb. Təhlükəsizlik araşdırmalarına əsasən, istifadəçilərin şəxsi danışıqları böyük axtarış sistemləri tərəfindən indekslənərək internetdə hamı üçün açıq şəkildə əlçatan olub. Aşkarlanan məlumatlar arasında ruhi sağlamlıqla bağlı etiraflar, şəxsi travmalar, asılılıqlar, eləcə də şifrə və ticari sirrlər yer alır.

Editor.az xəbər verir ki, bu boşluq 2023-cü ildən may ayında əlavə edilən “söhbət paylaş” funksiyası ilə əlaqəlidir. İstifadəçilərin yaratdığı linklər, onların xəbəri olmadan axtarış motorları tərəfindən indekslənib və nəticədə minlərlə həssas məlumat internetdə sərbəst yayılıb.

Fast Company və Gbhackers tərəfindən aparılan araşdırmada təhlükəsizlik mütəxəssisləri “site:chatgpt.com/share” kimi sadə axtarış üsulları ilə 4500-dən artıq söhbətə çıxış əldə edib. Bu danışıqlar arasında ruh sağlamlığı və psixoloji problemlərlə bağlı etiraflar, asılılıqlar, şəxsi travmalar, intim məlumatlar, eləcə də proqramlaşdırma kodları, şəxsi şifrələr və məxfi işgüzar yazışmalar yer alır.

Hesabatlara görə, “Google” artıq bu tip səhifələri indeksləməyə son qoyub. Avqust ayından etibarən həmin linklərə dair axtarışlar nəticəsiz qalır. Microsoft Bing də az sayda nəticə göstərir. Lakin gizliliyə önəm verdiyini iddia edən DuckDuckGo hal-hazırda bu tip linkləri ən çox göstərən axtarış sisteminə çevrilib.

Gizlilik böhranının ictimailəşməsindən sonra OpenAI dərhal hərəkətə keçərək, 2025-ci il avqustun 1-də paylaşım funksiyasını deaktiv edib. Şirkətin Məlumat Təhlükəsizliyi üzrə rəhbəri Dane Stuckey məsələ ilə bağlı bildirib ki, istifadəçilərin danışıqlarını axtarış motorları vasitəsilə əlçatan hala gətirən funksiyanı ləğv ediblər. Onun sözlərinə görə, bu funksiyanın məqsədi faydalı söhbətlərin paylaşılmasını asanlaşdırmaq olsa da, istəmədən risk yaradıb.

OpenAI, artıq internetdə yayılan danışıqların axtarış nəticələrindən çıxarılması üçün “Google” və digər platformalarla əməkdaşlıq etdiyini açıqlayıb. Lakin mövcud sızmaların nə qədər tez və effektiv şəkildə aradan qaldırılacağı hələlik məlum deyil.

Redaksiyamız istifadəçilərə xəbərdarlıq edir ki, süni intellekt platformalarında şəxsi, tibbi və ya məxfi məlumatların paylaşılması yüksək risk daşıyır. Heç bir sistem bu məlumatların tam təhlükəsizliyinə zəmanət vermir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru