Məhşərə bir addım qalmış: “div”lərin qarşıdurması

Bu gün, 11:14           
Məhşərə bir addım qalmış:
Ukrayna müharibəsinin yekunlaşması barədə mümkün variantlar müzakirə olunarkən, tez-tez iki Koreya arasında müharibə başa çatmadan, cəbhə xətti boyunca əldə olunan atəşkəs yada salınır. 1953-cü ildə iki döyüşən tərəf arasında razılıq əldə olunacağı heç də aydın görünmürdü: Cənubi Koreya prezidenti Li Sın Man 38-ci paralelin şimalındakı bütün ərazilərin azad olunmasında israr edirdi. Amerikalıların döyüşləri davam etdirmək istəməməsi həlledici rol oynadı. ABŞ prezidenti Duayt Ayzenhauerin seçki kampaniyası zamanı əsas vədlərindən biri müharibəyə son qoymaq idi. ABŞ generallarının hesablamaları göstərirdi ki, şimal koreyalıların müdafiə xəttini yarmaq çətin olacaq, münaqişənin davamı isə Üçüncü dünya müharibəsinə qədər gedib çıxa bilər. Lakin prezident Linin prinsipial mövqeyi nəticədə Seul ilə Vaşinqton arasında strateji müqavilənin bağlanmasına gətirib çıxardı və bu, ölkəni uzun illər ərzində etibarlı şəkildə qorudu.

Tunelin sonundakı işıq

Koreya müharibəsi başladıqdan düz bir il sonra mövqe dalanına dirəndi. 1951-ci ilin yayında cəbhə xətti yarımadada iki dəfə dəyişdi — əvvəl lap cənuba, sonra sərhədyanı Yalu çayına qədər şimala tərəf irəlilədi — və nəhayət, 38-ci paraleldə dayandı. Nə 80 faizi amerikalılardan ibarət olan BMT qoşunları, nə də şimallılara kömək üçün gəlmiş milyon nəfərlik çinli "könüllülər" bir-biriini yerindən tərpədə bilirdilər.

1952-ci il, prezident seçkiləri ili başa çatırdı. Hər gün Amerikaya əsgər tabutları gətirilirdi, müharibənin sonu görünmürdü və getdikcə daha çox amerikalı “Bu, nə qədər davam edəcək?”, “Ümumiyyətlə, biz Koreyada nə edirik?”, “Cənubi Koreya prezidenti Li Sın Manın avtoritar ədaları artıq hamının dilindədirsə, hətta adətən çox ehtiyatlı olan “The Christian Science Monitor” onun siyasətini “totalitar polis dövlətinə layiq” adlandırırsa, biz hansı idealları müdafiə edirik?” suallarını verirdi.


Buna görə də, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Duayt Ayzenhauer 1952-ci il oktyabrın 24-də Detroytda mitinq zamanı “müharibəyə tez və şərəfli şəkildə son qoymağı” birinci və əsas vəzifəsi kimi elan etdikdə — bütün ölkə onu eşitdi. Siyasət dərsliklərinə düşən “Amerika xalqına sülh üçün necə xidmət edə biləcəyimi öyrənmək üçün Koreyaya gedəcəyəm” cümləsinin ona ən azı 2–3 milyon əlavə səs gətirdiyi güman edilir. Tarixçi Aleksandr Bevin yazır: “Bu, bir çox amerikalılar üçün məhz istədikləri idi: hərbi əməliyyatların Çin ərazisinə keçirilməsini dəstəkləyənlərin burnunun ovulması”.

Artıq seçilmiş prezident olan Ayzenhauer həqiqətən Koreyaya səfər etdi, yerindəcə müharibənin davamının perspektivsiz olduğunu gördü, amma... Rəqsdə olduğu kimi, sülh danışıqları üçün də iki tərəf olmalıdır, hər ikisi də nəticə əldə etməkdə maraqlı. Bu isə 1953-cü ilin mart ayına qədər müşahidə olunmadı.

Formal olaraq, Çin-Koreya və ABŞ-Koreya nümayəndə heyətləri arasında atəşkəs danışıqları 1951-ci ilin iyulundan bəri Panmuncomda aparılırdı. Hansısa pedant hesablamışdı ki, bu müddət ərzində 18 milyon söz deyilib, lakin iş ölü nöqtədən tərpənməmişdi. Çünki müharibənin Şimali Koreya tərəfdən əsas operatoru İosif Stalin idi və müharibənin davam etməsi onu tam qane edirdi: amerikalılar resurslarını uzaq Asiyada sərf edərkən, o, tələsmədən ordusunu Avropada Üçüncü dünya müharibəsinə hazırlaşdıra bilərdi.

Belə vəziyyət 1953-cü il martın 5-də Stalinin ölümünə qədər davam etdi. Onun varisləri Pekinə siyasi kursun dəyişdiyi ilə bağlı siqnal verdilər. Çin rəhbəri Mao Tszedun elə bunu gözləyirdi: Koreya müharibəsi Çin büdcəsinin təxminən üçdə birini udurdu, qıtlıq üzündən şimal vilayətlərində aclıq hökm sürürdü və ixtiyarı öz əlində olsaydı, Mao hələ ötən il atəşkəs imzalayardı. Döyüşən tərəflərin nümayəndələri aprelin 26-da növbəti dəfə Panmuncomda görüşdülər və bu dəfə danışıqlar daha məhsuldar alındı.

Cəbhə xətti o vaxt 38-ci paralelə demək olar ki, ideal uyğun gəlirdi və tərəflər bu xətti ayırıcı xətt kimi qəbul etməyə tez razılaşdılar. Əsirlərin dəyişdirilməsi məsələsi daha qəliz oldu.

Cənubi Koreya düşərgələrində 132 474 şimali koreyalı və çinli saxlanılırdı. Çin düşərgələrində isə 11 559 BMT əsgəri, üstəlik təxminən 65 000 cənubi koreyalı vardı — kommunistlər onların “islah olunduğunu” və kommunist ordusuna qatıldığını iddia edirdilər. Mao bütün əsirlərin “hamını hamıya” prinsipi ilə dəyişdirilməsini istəyirdi və “hərbi əməliyyatlar dayanandan dərhal sonra hərbi əsirlər repatriasiya olunmalıdırlar” deyən 1949-cu il Cenevrə Konvensiyasına istinad edirdi.

Amerikalılar razılaşmırdılar. Onlar 1945–47-ci illərdə 1,5 milyon sovet vətəndaşını Stalinin ixtiyarına vermişdilər və bu acı təcrübəni təkrarlamaq istəmirdilər. Sorğu nəticəsində məlum oldu ki, şimallı əsirlərin yalnız 70 mini könüllü vətənə dönmək istəyir, çinlilər isə kütləvi şəkildə Tayvana getmək istəyirdilər.

Bu, təkcə prinsip məsələsi deyildi. Vaşinqtonda belə hesab edirdilər ki, hərbi əsirlər üçün siyasi sığınacaq presedentinin yaradılmasından sonra kommunist ordular “xeyli az etibarlı” olacaq, onların hökumətləri isə bu ordulardan təcavüzkar məqsədlərlə istifadə etməkdə daha ehtiyatlı davranacaqlar. Əsgərlər müharibə başa çatdıqdan sonra geri verilməyəcəklərinə əmin olsalar, təslim olmaq ehtimalları daha yüksək olar — bu isə xüsusilə Şərqi Avropadakı sovet satellitlərinin orduları üçün aktual idi.

Mao minlərlə Çin əsirini ölümcül düşməni Çan Kayşiyə — Tayvana təhvil vermək perspektivindən, əlbəttə, heç də məmnun deyildi. Amma sovet silahının alınmasına görə artan borc - 2 milyard dollara çatmışdı və Moskva onu silmək niyyətində deyildi - fonunda müharibənin davam etməsi perspektivi onu daha az məmnun edirdi. Nəticədə çinlilər “hamının hamıya” prinsipindən imtina etdilər və sonrakı danışıqlar artıq repatriasiya komissiyasına hansı ölkələrin nümayəndələrinin daxil olacağı, Çin nümayəndələrinin geriyə qayıtmaqdan imtina edənlərə necə çıxış əldə edəcəkləri, onları inandırmaq üçün nə qədər vaxtları olacağı və sair məsələlərin razılaşdırılmasına yönəldi.

Danışıqlar otağındakı fil

Bu danışıqların aparıldığı binada hamının bir müddət görməməzlikdən gəldiyi bir “fil” vardı — Cənubi Koreya prezidenti Li Sın Manın atəşkəsə istənilən formada qəti etirazı. 1951-ci ilin yayında, danışıqlar yeni başlayanda, Li bildirmişdi ki, Koreyanın birləşdirilməsini nəzərdə tutmayan heç bir razılaşma hüquqi qüvvəyə malik ola bilməz. O demişdi: "Biz bu ölkənin bütövlüyündən daha az bir şeyə razı olsaq, azadlıq uğrunda hər şeyini qurban verənlərin etimadını satmış olarıq — və biz bunu etməyəcəyik".

Beləcə, sözdə sülh tərəfdarı olsa da, qarşı tərəf üçün qəbuledilməz şərtlər irəli sürürdü — məsələn, Çin qoşunlarının ölkədən çıxarılması, Şimali Koreya ordusunun tərksilah edilməsi kimi. Li, danışıqların real müstəviyə keçdiyini öyrənən kimi Panmuncomdakı nümayəndəsini geri çağırdı və ABŞ-nin Seuldakı səfiri Ellis Briqqsə bildirdi ki, Cənubi Koreya ordusunu BMT (əslində, ABŞ) komandanlığından çıxaracaq və müharibəni təkbaşına davam etdirəcək.

Li elan etdi: “Bəlkə də demokratiyanın köməyinə arxalanmaqla səhv etdik. Bağışlayın, amma bu şəraitdə prezident Ayzenhaueri əməkdaşlığıma əmin edə bilmərəm”.

Li Sın Man mayın 30-da Ayzenhauerə məktub yazdı. Orada narazılığını bildirirdi ki, hazırkı cəbhə xətti əsasında atəşkəs Koreya üçün “şikayət hüququ olmayan ölüm hökmü”dür və parçalanmış ölkə iqtisadi cəhətdən həyat qabiliyyətli olmayacaq. O, yalnız bir halda atəşkəsi nəzərdən keçirə biləcəyini bildirdi — bütün xarici qoşunlar (oxu: çinlilər) Koreya yarımadasından çıxarılacaq və atəşkəsdən əvvəl isə ABŞ ilə qarşılıqlı müdafiə paktı imzalanmalıdır. Bu pakta görə ABŞ Cənubi Koreyaya dərhal və qeyd-şərtsiz, başqa ölkələrlə və ya BMT ilə məsləhətləşmədən yardım etməyi öhdəsinə götürməli idi.

Vaşinqton üçün bu, o demək idi ki, müharibə və sülh məsələsi birbaşa Li Sın Manın əlinə keçəcək və atəşkəs sənədi sadəcə kağız parçası olacaq. Cənubi Koreya prezidentinin ölkəni birləşdirmək uğrundakı maniakal israrını nəzərə alsaq, o, rahatlıqla İkinci Koreya müharibəsini alovlandıra bilərdi — bəs onda nə etməli?

Ayzenhauer administrasiyası çətin vəziyyətə düşmüşdü. Bir tərəfdən, NATO müttəfiqləri ABŞ-yə təzyiq göstərir, atəşkəsin tezliklə bağlanmasını tələb edirdilər. Koreyada ABŞ-nin yeddi diviziyası ilişib qalmışdı, Avropada isə cəmi altı diviziya vardı – Almaniyadakı Sovet qoşunları qrupu ilə bu aydın disbalans avropalıların əsəblərinə toxunurdu. Digər tərəfdən, status-kvo çərçivəsində atəşkəsə qarşı çıxanlar hətta Respublikaçılar Partiyasının daxilində vardı. Bəs, təcavüzkarı cəzalandırmaq prinsipi necə oldu?

Yarımadanın şimalındakı təcavüzkarın hər yerinin bombardmanla darmadağın edilməsi onlara təsəlli olmurdu, zira şimallıların bir müddət işğal etdikləri cənubda da vəziyyət daha yaxşı deyildi. Senatda respublikaçı çoxluğun lideri Uilyam Noland deyinirdi: “NATO müttəfiqləri bizi Uzaq Şərq Münheninə sürükləyirlər”.

Ayzenhauerin qarşısında üç əsas məqsəd vardı:

a) Çin tərəfi ilə danışıqları pozmamaq,

b) Li Sın Manı birtəhər sakitləşdirmək,

c) Mao Tszeduna guya böyük güzəştlər etməsi haqda ittiham üçün respublikaçılara əsas verməmək.

Ən çətin məsələ sonuncusu idi, çünki respublikaçılar Senatda cəmi bir səs üstünlüyünə malik idilər və administrasiya “qırğı”larla açıq konfliktə gedə bilməzdi.

İyunun 6-da Ayzenhauer Liyə cavab yazdı:

“Təəssüf ki, Koreya İkinci dünya müharibəsindən sonra bölünmüş yeganə ölkə deyil. Biz bütün bölünmüş millətlərin siyasi birliyinə nail olmaqda öz rolumuzu oynamaqda qərarlıyıq. Ancaq biz ədalətli hesab etdiyimiz dünya siyasi nizamına nail olmaq üçün vasitə kimi müharibədən istifadə etməyi düşünmürük”.

Cənubi Koreya prezidenti bu cavabdan qəzəbləndi. Ölkənin birləşməsinin qaçılmazlığı barədə özünün gurultulu bəyanatlarından sonra indi ABŞ-dən heç bir əlavə zəmanət almadan atəşkəsə razılaşmaq və 38-ci paralel üzrə sərhədin tanınması “simanı itirmək" demək idi. Asiya kontekstində isə bu, təkcə siyasi deyil, bəzən fiziki ölümə də bərabər ola bilərdi.

Ayzenhauer vəziyyəti yumşaltmaq üçün Lini Vaşinqtona dəvət etdi. Li isə məşğulluq bəhanəsi ilə dəvəti rədd etdi. Onun nə ilə belə məşğul olduğunu tezliklə Ağ evdə öyrəndilər.

Azadlığa, hamı azadlığa!

Bu zaman Panmuncomda tərəflər əsirlərin dəyişdirilməsi ilə bağlı qəti razılığa gəlmişdilər, atəşkəsin imzalanması 18 iyuna təyin olunmuşdu. Ancaq həmin gün günəş doğmazdan əvvəl Cənubi Koreya keşikçiləri bir neçə əsir düşərgəsinin qapılarını açdı – nəticədə Şimala qayıtmaq istəməyən 25 min nəfər qaçaraq kənd yerlərinə və yaxınlıqdakı şəhərlərə səpələndi.

Li bu işdə barmağı olmasını heç gizlətmədi. O, xalqa müraciətində dedi: “Düşməni məmnun etmək və xalqımız arasında çaşqınlıq yaratmaq təhlükəsi var. Bu ciddi fəsadların qarşısını almaq üçün, mən bütün məsuliyyəti üzərimə götürərək antikommunist məhbusların azad olunması əmri verdim”.

Həmin vaxt Cənubi Koreyada ölkənin bütövlüyü naminə görünməmiş miqyasda təbliğat kampaniyası aparılırdı. Seulda 100 minlik nümayiş keçirildi, hətta müxalif siyasətçilər də “Ya birləşmə, ya ölüm” və “Yaluya yürüş” şüarlarını dəstəklədilər. Cənubi Koreya XİN atəşkəs şərtlərini “Asiyanın yeni Münxeni” adlandırdı, amma bir fərqlə ki, “Koreya Çexoslovakiya deyil və bu şərtləri heç vaxt qəbul etməyəcək”.

Ancaq bu davakar entuziazm Cənubi Koreya reallıqlarına yaxşı bələd olan Qərb nümayəndələrini çox da təsirləndirmədi. Avstraliyalı diplomat Tom Kritçli dedi: “Cənubi Koreya gənclərinin hərbi xidmətdən qaçmaq istəkləri bu qədər aşkar olmasaydı, Li Sın Manın arqumentləri daha inandırıcı görünə bilərdi”.

Bəzi uca dəstək səslərinə baxmayaraq (məsələn, ABŞ senatoru Cozef Makkarti bildirdi ki, azadlıqsevər insanlar Linin atəşkəsi qəbul etməmək qərarını alqışlamalıdırlar), ümumi reaksiya Cənubi Koreya prezidentinin ümid etdiyi kimi olmadı. Hər tərəfdən ittihamlar yağdı. Antikommunistliyi ilə tanınan Böyük Britaniyanın baş naziri Uinston Çörçill belə, “Linin xəyanətini” pislədi və xəbərdarlıq etdi ki, BMT qoşunları onun üçün bütün Koreyanı fəth etmək niyyətində deyil.

Əsirlərin qaçışının təşkili barədə xəbəri Ayzenhauera Oval kabinetdə nazirlərlə toplantı keçirərkən çatdırdılar. Prezident “şərqlilərin düşüncə prosesini anlamadığıni” etiraf etdi, onun fikrincə Li öz xalqını milli intihara aparırdı. Beləsindən qurtulmaq daha yaxşı olmazdımı?

Ayzenhauer hipotetik dövlət çevrilişi halında, cənubi koreyalı generalların mövqeyi barədə informasiya istədi. Məlum oldu ki, orduda həm Linin əleyhdarları, həm də qızğın tərəfdarları var. ABŞ səfiri Brigs bu iki tərəfi toqquşdura biləcək aksiyanın əleyhinə idi:

“Li öz ölkəsində kommunizmə qarşı mübarizə ruhunu və iradəsini oyatdı. Bu ruh və qətiyyət qorunmalıdır, məhv edilməməlidir. Onun ordusu bizim təchizatımızla Asiyada ən böyük və səmərəli antikommunist ordudur ki, tərəfimizdə olması bizə çox lazımdır”.

Bu arada Panmuncomda Çin nümayəndə heyəti sualı sərt şəkildə qoydu: “BMT komandanlığı Cənubi Koreya hökumətini və ordusunu nəzarət altında saxlamağa qadirdirmi? Deyilsə, atəşkəs razılaşmasının Cənubi Koreya tərəfindən icra olunacağına kim zəmanət verəcək?” Cənub xəttinin yarısını cənubdan Cənubi Koreya qoşunları tutduğu üçün bu, elə-belə sual deyildi.

Xüsusi nümayəndə Koreyaya yollanır

Generallardan birinin təbirincə, “simanı qorumaq üzrə şərq narahatlığına həssaslıq göstərilməsi üçün” seçilmiş adamın adı Uolter Robertson idi - ABŞ dövlət katibinin Uzaq Şərq üzrə yardımçısı. Əvvəllər investisiya üzrə bankir idi, bir çox uğurlu biznesmenlər kimi müharibə zamanı dövlət qulluğuna girmişdi, Çan Kayşinin iqtisadi müşaviri olmuşdu, indi də prezidentin xüsusi elçisi kimi Cənubi Koreyaya yollanırdı.

Tapşırıq asan deyildi. Elə səfər günü Li xalqı ruhlandırmaq üçün növbəti alovlu çıxışını edərək, xalqı “Başqalarının bizi anlayıb-anlamasından asılı olmayaraq, ruhən birləşərək inadla məqsədə doğru addımlamağa” çağırmışdı. Onlar iki həftə ərzində demək olar ki, hər gün görüşdülər, saatlarla bir-birini öz mövqeyinin doğruluğuna inandırmağa çalışdılar. Amerikalı olduqca sərt debatçı çıxdı. Linin “Şimali Koreyanı azad etmək üçün müstəqil əməliyyata başlayacağam” təhdidinə qarşı, Robertson (Ayzenhauerin icazəsi ilə) bildirdi ki, belə olarsa, ABŞ qoşunlarını yarımadadan çıxaracaq və məsuliyyət daşımayacaq.

Li də öz növbəsində başa düşürdü ki, Robertsonun səfəri ABŞ-dən gələcək üçün hər hansı təminat almaqdan ötrü son fürsətdir. Tədricən mövqelərini bir-bir tərk edərək, əsas mükafatı qopara bildi.

Linin ilkin tələbləri:

Atəşkəs imzalanmazdan öncə ABŞ Cənubi Koreya ilə hərbi yardım müqaviləsi imzalamalıdır;

Müqavilədə ABŞ Cənubi Koreyaya edilən hücum halında dərhal və avtomatik müdaxilə etməlidir (NATO-nun 5-ci maddəsi kimi);

Atəşkəsdən sonra planlaşdırılan siyasi konfrans 90 günlə məhdudlaşdırılmalıdır. Bu müddətdə Çin qoşunlarının Koreyadan çıxarılması barədə razılıq əldə olunmazsa, atəşkəs ləğv edilir, müharibə ABŞ-nin dəstəyi ilə davam edir.

Robertson həmsöhbətinin bütün tələblərini yumşalda bildi:

Müharibə avtomatik başlamayacaq;

Çin qoşunları qalacaq və yalnız 1958-ci ildə Şimali Koreyadan çıxacaq;

Hərbi yardım müqaviləsi yalnız atəşkəsdən sonra imzalanacaq və onun 3-cü maddəsində açıq şəkildə qeyd olunacaq ki, ABŞ “ümumi təhdidi dəf etmək üçün öz konstitusion prosedurlarına uyğun şəkildə hərəkət edəcək”, yəni yalnız Konqresin icazəsi ilə.

Hər halda, amerikalıların Cənubi Koreya ilə müdafiə müqaviləsi bağlamağa razı olması Li üçün böyük uğur oldu. Cavabında Li “atəşkəs çərçivəsində atılacaq addımlar millətimizin həyatda qalmasına zərər verməzsə, atəşkəsin imzalanmasına mane olmayacağı” barədə qeyri-müəyyən bir vəd verdi. Ağ Ev bu öhdəliyi “tam qənaətbəxş” hesab etməsə də, vaxt sıxırdı və olanla kifayətlənmək gərəkirdi. İyulun 10-da Panmuncomda nümayəndə heyətlərinin plenar iclasları bərpa edildi.

Demək lazımdır ki, həmin vaxt çinlilər – əvvəlcə Ayzenhauer administrasiyasını ikili oynamaqda şübhəli bilsələr də – vəziyyəti anladılar. Bundan əlavə, amerikalıların Li Sın Manla yaşadıqları problemləri ürəklərinə saldılar. Nəticədə Pekin Cənubi Koreyaya “kiçik bir dərs” verməyi qərara aldı.

İyulun 13-də çinlilər Cənubi Koreya ordusunun 2-ci korpusunun Kumsonq bölgəsindəki mövqelərinə güclü zərbə endirdilər. Cənubluların altı diviziyası hücuma məruz qaldı, əksəriyyəti müqavimət göstərə bilməyib, pərakəndə şəkildə geri çəkildi. Elit Paytaxt diviziyası isə demək olar ki, tamamilə darmadağın edildi. ABŞ komandanlığı ehtiyat qüvvələri təcili döyüşə göndərməli oldu — o cümlədən, prezident Ayzenhauerin kiçik oğlunun xidmət etdiyi 3-cü piyada diviziyasını. Savaşın son döyüşlərində oğlunu itirmək təhlükəsi Ayzenhauerin Liyə olan münasibətini heç də yaxşılaşdırmadı.

Uzaq Şərqdə Amerika qoşunlarının baş komandanı general Mark Klark sonradan yazırdı: “Mənə görə, kommunistlərin hücuma keçməsinin əsas — bəlkə də yeganə — səbəbi Cənubi Koreyaya qanlı bir dərs vermək idi ki, bütün dünyaya göstərsinlər: “Yaluya yürüş” şüarını elan etmək asandır, həyata keçirmək isə çox çətin”. Üstəlik, şimal tərəfi Kumsonq çıxıntısını ləğv edərək, 8 km-lik əlavə ərazi qazandı.

Siyasətçini açıq-aydın hərbi məğlubiyyət qədər heç nə ayılda bilməz. 1953-cü il iyulun 27-də atəşkəs imzalananda Cənubi Koreya nümayəndələri imza mərasiminə qatılmasalar da, ertəsi gün Li “Bu atəşkəs müvəqqətidir, çünki Koreya problemi sülh yolu ilə həll edilə bilməz” desə də, razılaşmanı pozmaq üçün daha heç bir cəhd göstərmədi.

Üçüncü dünya müharibəsi alternativ kimi

Li öz fikrində tək deyildi —o zaman bir çoxları düşünürdü ki, Koreya yarımadasında çəkilən ayırıcı xətt Fələstin və Kəşmirdəki kimi qeyri-sabit olacaq. Amma zaman skeptikləri təkzib etdi: İkinci Koreya müharibəsi hələ də baş verməyib. Digər tərəfdən, Almaniya birləşdi, Şimali Koreya isə regionda hələ də qeyri-sabitlik mənbəyidir. Bu da sual doğurur: Ayzenhauer tələsdimi? Problemi vaxtında tam həll etmək mümkün idimi? Bu barədə hərbçilər nə deyirdilər?

Ayzenhauer 1952-ci ilin payızında Koreyaya səfəri zamanı hərbçilər onun qarşısına “Plan 8-52” qoymuşdular. Bu plana əsasən, çinlilərin eşalonlanmış müdafiə xəttini yarıb, Yalu çayına qədər irəliləmək baha başa gələcəkdi və müharibə yalnız Koreya ilə məhdudlaşacaqdısa, mənasız olardı. Yaluya çıxmaq Linin arzularını reallaşdırmaqdan başqa nə verəcəkdi? Çinlilərin savaşı bitmiş hesab edəcəklərinin təminatı harada idi? Axı onlar ABŞ qoşunlarının sərhədlərinə yaxınlaşmaması üçün Koreyaya qoşun göndərmişdilər (bu təcrübəyə əsasən ABŞ administrasiyası 1960-cı illərdə Şimali Vyetnama yerüstü müdaxilədən imtina etdi: Çin, özünün cənub sərhədlərində amerikalı qoşunların peyda olmasına sərt reaksiya verə bilərdi).

Deməli, Uzaq Şərqdəki ABŞ komandanlığının gəldiyi nəticəyə görə, problem radikal yolla həll olunmalıdır —Çin obyektlərinə, xüsusən Mançuriyadakı aerodromlara atom bombası atılmalı, Çin dənizdən blokadaya alınmalı və yalnız bundan sonra Koreyada hücum başlamalıdır. Amma Çinin SSRİ ilə hərbi ittifaqının olması, SSRİ-nin də nüvə arsenalının olması nəzərə alınsa, Koreyanın limanlarına və Yaponiyadakı ABŞ bazalarına cavab atom zərbələrini gözləmək lazım gəlirdi.

Peşəkar hərbçi olan Ayzenhauer üçün birbaşa Üçüncü dünya müharibəsinə aparacaq eskalasiyanı proqnozlaşdırmaq çətin olmadı. Vaşinqtonda onu Milli Təhlükəsizlik Şurasının hesablamaları gözləyirdi: SSRİ ABŞ ərazisinə cavab zərbəsi endirsə, təxminən 9 milyon amerikalı həyatını itirə bilərdi.

Beləliklə, üç variant qalırdı.

Birincisi, hər şeyi olduğu kimi saxlamaq və strateji əhəmiyyətini itirmiş müharibəyə amerikalı əsgərləri göndərməyə davam etmək. Bu isə ABŞ-da daxili parçalanma və ordunun pozulması ilə nəticələnəcəkdi — 1960-cı illərin sonlarında başqa savaşda, başqa administrasiya zamanı. Bu yolu Ayzenhauer daha əvvəl rədd etmişdi.

Alternativlər - nüvə Armageddonuna getmək, ya da Stalinin ölümündən sonra açılan fürsətlər pəncərəsindən istifadə edib, sülhə nail olmaq. Ayzenhauer üçün seçim aydın idi və o, 1953-cü ildən sonra öz fəaliyyətində ən böyük uğur kimi Normandiyadakı çıxarmanı deyil, 1950-ci illərin iqtisadi yüksəlişini deyil, Koreyada sülhə nail olmağı göstərirdi.

Onun bioqrafı Stiven Embrouz yazırdı: “Doqquz il sonra de Qoll Əlcəzair müharibəsini devrilmədən bitirə bilən yeganə fransız olduğu kimi, həlli mümkün görünməyən Koreya probleminə qənaətbəxş həll tapmağa qadir olan yeganə amerikalı da Ayzenhauer idi”.

Li Sın Man da öz şöhrət payını aldı. Formal olaraq bütün məsələlərdə Robertsona güzəştə getsə də, ondan əsas mükafatı qopardı — ABŞ ilə hərbi ittifaq. “Bu razılaşma Li üçün triumf idi, – tarixçi Riçard Allen yazır. – O, Koreyanın birləşməsini təmin etməsə də, Vaşinqtondan illərlə istədiyini aldı: qarşılıqlı müdafiə haqda müqavilə və genişmiqyaslı iqtisadi yardım perspektivi”.

Hərçənd, onun cənubikoreyalı həmkarı Yon-Pyo Hon qeyd edir ki, Linin uğuru həm də ABŞ-ın manevr imkanlarının məhdudluğu ilə izah olunur. Qlobal qarşıdurma şəraitində ABŞ istənilən halda Seulu taleyin ümidinə buraxa bilməzdi. Amma yenə də Cənubi Koreya tarixşünaslığı hesab edir ki, 1953-cü ilin yayında Li tarixi nəticə əldə etdi.

Bununla belə, general Klarkın hesablamalarına görə, Li əsirlərlə bağlı hoqqası ilə müharibəni uzatmasaydı, son bir ayda baş verən döyüşlərdə BMT qoşunları 25 min nəfər ölü və yaralı itki verməzdi.

Hazırladı: Yadigar Sadıqlı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru