"Biontech"dən milyardlarla dollarlıq əməkdaşlıq

Bu gün, 11:24           
"Biontech"dən milyardlarla dollarlıq əməkdaşlıq
COVID-19 peyvəndi ilə dünyada tanınan və böyük uğur qazanan Almaniyanın "Biontech" əczaçılıq şirkəti indi diqqətini xərçəng müalicələrinə yönəldib.

Valyuta.az xəbər verir ki, şirkətin təsisçi ortaq və baş direktoru Prof. Dr. Uğur Şahin 2025-ci ilin ikinci rübündə onkologiya strategiyalarının iki əsas istiqamətinin gücləndirildiyini açıqlayıb. Şahin bildirib ki, ABŞ-ın nəhəng əczaçılıq şirkəti "Bristol Myers Squibb" (BMS) ilə əldə edilən əməkdaşlıq nəticəsində qarşıdakı aylarda şirkət kassasına milyardlarla dollar daxil olacaq.

"Biontech" ilə "Bristol Myers Squibb" arasında imzalanmış razılaşma, perspektivli xərçəng dərmanı namizədi olan "BNT327"nin qlobal miqyasda inkişafı və bazara çıxarılmasını nəzərdə tutur. Bu çərçivədə "Biontech"in üçüncü rübdə 1,5 milyard dollarlıq ilkin ödəniş alacağı gözlənilir.

Antikor əsaslı "BNT327" adlı müalicə üsulu 20-dən çox klinik sınaqla 10-dan artıq şiş növü üzərində test edilir və ya bu cür sınaqlar planlaşdırılır. Bu il ərzində aqressiv döş xərçəngi növünə qarşı lisenziya məqsədli Faz-III mərhələli tədqiqatın başlanması nəzərdə tutulur. Bundan əlavə, ağciyər xərçəngi üçün də inkişaf mərhələsində araşdırmalar davam edir. Şirkət pandemiyadan öncə də xərçəng müalicələri sahəsində intensiv elmi-tədqiqat işləri aparırdı.

"Biontech" yalnız "Bristol Myers Squibb" ilə deyil, eyni zamanda Tübingen mərkəzli "Curevac" şirkətinin təxminən 1,25 milyard dollara satın alınması ilə mRNA texnologiyasındakı potensialını daha da gücləndirməyi hədəfləyir.

Digər tərəfdən, "Biontech" ABŞ-lı tərəfdaşı "Pfizer" ilə birgə hazırladığı yeni Covid-19 peyvəndini avqust ayında Avropa bazarına təqdim edəcək. Peyvəndin mövcud variantlara xüsusi olaraq uyğunlaşdırıldığı bildirilir. ABŞ-da isə bu yeni peyvənd üçün təsdiq prosesi davam edir.

COVID-19 peyvəndlərinə tələbin azalmasına baxmayaraq, "Biontech" tədqiqat və inkişaf (Tİ) sərmayələrini artırmaqda davam edir. Şirkət 2025-ci ilin sonuna qədər Tİ fəaliyyətlərinə 2,6–2,8 milyard avro arasında investisiya qoymağı planlaşdırır. Bu məbləğ ötənilki 2,3 milyard avronu da geridə qoyur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru