Alıcılar Rusiyadan üz döndərərsə... - Neft bazarında hansı təlatüm gözlənilir?
Bu gün, 12:59

ABŞ prezidenti Donald Tramp son çıxışlarının birində Hindistanı Rusiya neftini alıb satmaqda ittiham edib. O, bunun davam edəcəyi təqdirdə Dehlini tarifləri əhəmiyyətli dərəcədə artırmaqla təhdid edir. “Reuters” xəbər agentliyinin son məlumatına görə, Hindistanın ən böyük neft idxalçılarından biri Rusiyadan “qara qızıl” tədarükünü əvəz etmək üçün artıq ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və Kanadadakı ixracatçılarla müqavilələr imzalayıb. Buradan belə qənaətə gəlmək olar ki, Trampın təhdidləri artıq öz təsirini göstərməyə başlayıb.
Bəs, alıcılar Rusiya neftindən “üz döndərməyə” davam edərsə bu, “qara qızıl”ın qiymətinə və ümumi neft bazarına necə təsir göstərəcək?
Məsələ ilə bağlı Publika.az-a açıqlama verən enerji məsələləri üzrə ekspert Zəfər Vəliyevin sözlərinə görə, Hindistan ABŞ və Avropanın davamlı təzyiqləri səbəbindən Rusiyadan xam neft idxalını sonlandıra bilər:
“ABŞ prezidenti Donald Tramp Hindistanı böyük həcmdə Rusiya neftini almaqda və mənfəət üçün satmaqda ittiham edərək, ölkəni Ukrayna xalqının milli faciəsinə biganə yanaşmaqda günahlandırır. ABŞ-ın daimi təzyiqinə baxmayaraq, Hindistan 2024-cü ildə Rusiyadan 64 milyard dollar dəyərində 87,5 milyon ton xam neft, 5,1 milyon ton isə neft məhsulu idxal edib. Rusiya neftinin davamlı idxalı cari ildə də davam edib və bu yay mövsümündə Rusiyadan gündəlik idxal həcmləri 1,5 milyon bareldən yuxarı səviyyədə saxlanılıb.
Hindistan rəsmiləri Rusiyadan xam neft idxalını ölkənin enerji təhlükəsizliyi və qlobal neft bazarlarında qiymətlərin sabit və əlçatanlığı ilə əlaqələndirməyə çalışırlar. Buna baxmayaraq Hindistan ABŞ və Avropanın davamlı təzyiqlərinə görə Rusiyadan xam neft idxalını sonlandıra bilər. Bununla bağlı Hindistanın neft naziri Hardip Sinqx Puru bəyan edib ki, ölkəsi uzun müddətdir neft tədarükünü şaxələndirərək, təchizatçı ölkələrin sayını 27-dən 40-a çatdırıb”.
Ekspert qeyd etdi ki, Rusiya mənşəli xam neftin ixracına maneə olan qaydalar neft bazarlarında da öz mənfi təsirini göstərəcək:
“Xüsusən də “Urals” markalı neftin Hindistan və Asiya-Sakit okean enerji bazarlarına daxil olmasına qoyulan sərt qadağalar neft bazarlarına təsirsiz ötüşməyəcək. Təkcə 2024-cü ildə Hindistanın idxalında Rusiya neftinin iştirak payı 37 faiz təşkil edibsə, qısa zaman kəsiyində bu həcmləri alternativ mənbələr hesabına əvəzləmək olduqca çətindir.
Rusiya mənşəli xam neftin Hindistana tədarükünə son qoyularsa, bu ilk növbədə bazarda yüngül-ağır neft balansının pozulmasına, emal güclərində emal marjının aşağı düşməsinə səbəb ola bilər. Rusiyanın beynəlxalq ixrac qabiliyyətinin məhdudlaşması neft qiymətlərinə də təsirsiz ötüşməyəcək. Yaxın zamanda qiymətlərdə qismən sıçrayış hiss olunacaq”.
Neft sahəsi üzrə tanınmış ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, Rusiyadan idxal olunan neftin birdən-birə əvəzlənməsi mümkün deyil:
“Donald Trampın açıqlamalarından sonra Hindistanın müəyyən hazırlıqlar gördüyü sezilir. Rusiya gündəlik təxminən 5 milyon barel neft və neft məhsulu ixrac edir. Lakin bu həcmin birdən-birə əvəz olunması praktiki olaraq mümkünsüzdür. Trampın planlaşdırdığı ikinci dərəcəli sanksiyalar isə Rusiya neftini alan ölkələrə tətbiq ediləcək və 100 faizlik gömrük rüsumları ilə müşahidə olunacaq. Lakin real nəticədə bunun da Rusiya neftini bazardan tamamilə çıxarması qeyri-mümkündür.
Daha əvvəl İrana tətbiq edilən sanksiyalarda da eyni mənzərə müşahidə olunub. Reallıqda hətta ən sərt rejimlərdə belə qara bazar və qeyri-rəsmi yollarla ticarət davam edir. Rusiya kimi geniş coğrafiyaya sahib ölkənin Avropadan Uzaq Şərqə qədər geniş bir alıcı şəbəkəsi var və bu, onun neftinin qara bazarda dövriyyədə qalmasını təmin edir”.
Ekspert əlavə etdi ki, bu qədər neftin bazardan çıxarılması mümkün olarsa, qiymətlərdə kəskin artım olacaq:
“Artıq bir həftədir ki, neftin qiyməti 70 dolların üzərində qalır. İran-İsrail gərginliyindən əvvəlki 63 dollar səviyyəsinə geri qayıtmır. Bazardakı gərginlik artıq neftin qiymətini nisbətən yuxarı səviyyədə saxlayır. Trampın biznes yönümlü olması və Respublikaçılarla hasilatçı şirkətlər arasında olan əlaqələr fonunda ucuz neft heç zaman onlar üçün sərfəli sayılmayıb.
Ona görə də Trampın siyasətinin əsas məqsədi neftin qiymətini aşağı salmaq deyil, əksinə yeni siyasi manevrlərlə bazarda öz maraqlarını qorumaqdır. O, sanksiyalarla Rusiya neftinin qiymətini ucuzlaşdırmağa çalışır. Bu müstəvidə Hindistan bir qədər Rusiya neftindən uzaqlaşdırıla, eyni zamanda yenidən İranla enerji əməkdaşlığına cəlb oluna bilər. Bu isə Rusiyanın təsir dairəsinin daraldılması məqsədi daşıyır. Bu, İranla Rusiya arasında neft bazarında strateji ayrılığı dərinləşdirə bilər. Bu proses isə uzunmüddətli və strateji siyasi addımlar tələb edir”.