Rusiya Azərbaycanın qaz ötürmə marşrutunu VURDU: Kreml Bakı-Kiyev xəttinə “siqnal” göndərdi - VİDEO

Bu gün, 10:52           
Rusiya Azərbaycanın qaz ötürmə marşrutunu VURDU:
Rusiya ordusu Ukraynada Azərbaycanın qaz tədarükü üçün istifadə etdiyi mühüm enerji infrastrukturuna hava zərbəsi endirib.

Musavat.com xəbər verir ki, hücum, Odessa vilayətində yerləşən və Azərbaycan qazının Ukraynaya çatdırılmasında tranzit rolu oynayan “Orlovka” kompressor stansiyasını hədəfə alıb.

Məlumatı Rusiya və Ukrayna mənbələri təsdiqləyib. Hücum zamanı istifadə edilən silahların “Geran” tipli kamikadze dronları və qanadlı raketlər olduğu bildirilir. Zərbə nəticəsində stansiyada ciddi dağıntılar baş verib, qaz təchizatının bir hissəsi dayandırılıb.

Bu infrastruktur məhz Azərbaycan qazının Ukraynaya çatdırılması üçün nəzərdə tutulmuş Trans-Balkan marşrutunun bir hissəsidir. Bu marşrut Türkiyə, Bolqarıstan və Rumıniya ərazilərindən keçməklə Azərbaycan qazını Ukraynanın daxili bazarına ötürməyə imkan verir. Pilot layihə bir neçə həftə əvvəl işə salınıb və Ukrayna bu ixracatı enerji təhlükəsizliyinin artırılması istiqamətində strateji addım kimi qiymətləndirib.

Rusiya mediası bu hücumu təsadüfi deyil, simvolik xarakter daşıyan siyasi siqnal kimi təqdim edir. Moskvanın fikrincə, Bakı-Kiyev enerji əməkdaşlığı, xüsusən də “Kremlə xəbər verilmədən” həyata keçirilən bu tədarük zənciri Moskvanı narazı salıb. “MK.ru” nəşrinin yazdığına görə, bu zərbə ilə Rusiya “Azərbaycan yanlış marşrut seçdi” mesajı göndərmək istəyib.

Analitiklər bildirir ki, bu hücum Ukrayna-Azərbaycan enerji əlaqələrinə birbaşa təhlükə yaradıb. “Bu sadəcə enerji obyektinə zərbə deyil, həm də Bakı-Kiyev münasibətlərinə qarşı yönəlmiş açıq təzyiq aktıdır,” – deyə ekspertlər vurğulayır.

Xatırladaq ki, 2025-ci ilin əvvəlindən etibarən Ukrayna Rusiya ilə qaz tranziti müqaviləsini uzatmayıb. Beləliklə, Moskva üçün Avropaya qaz nəqli yolunda ənənəvi Ukrayna marşrutu bağlanıb. Bunun əvəzində Azərbaycan qazı Qərbə və Ukraynaya alternativ enerji mənbəyi kimi ön plana çıxıb. Lakin Rusiya görünür ki, bu alternativi qəbul etməyə hazır deyil və həmin infrastruktura təzyiq vasitəsilə münasibət bildirir.

Mövzunun diqqətçəkən cəhətlərindən biri də budur ki, hücum zamanı sıradan çıxarılan “Orlovka” stansiyası təkcə Ukrayna üçün deyil, həm də Trans-Balkan regionu üçün kritik əhəmiyyətə malikdir. Hücumun nəticələri təkcə Kiyevi deyil, Avropanın qaz siyasətini də çətin duruma sala bilər.

Azərbaycan tərəfi hələlik rəsmi olaraq bu məsələ ilə bağlı açıqlama verməyib. Lakin müşahidəçilər hesab edir ki, bu cür addımlar Azərbaycanla Rusiya arasında artan gərginliyin yeni fazaya keçdiyini göstərir. Hazırda Bakı Avropa və ABŞ-la enerji əməkdaşlığını genişləndirməyə çalışır, bunu isə Moskva öz maraqlarına zidd sayır və düşməncə qarşılayır.

Münaqişənin bu aspekti təkcə enerji təhlükəsizliyi deyil, həm də geopolitik nüfuz savaşının bir parçası kimi qiymətləndirilir. “Dəmir Yumruq” siyasəti ilə tanınan Azərbaycan bu hücumu hansı səviyyədə və hansı siyasi dillə cavablayacaq – yaxın günlərdə aydınlaşacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru