“Fikirlərim məmurların xoşuna gəlmədiyinə görə pul buraxaraq...” – Yazıçıdan sərt sözlər

Bu gün, 11:42           
“Fikirlərim məmurların xoşuna gəlmədiyinə görə pul buraxaraq...” –
Müasir dövrdə cəmiyyətin sosial-mədəni inkişafında yalnız siyasətçilərin və hüquq-mühafizə orqanlarının deyil, ziyalıların, sənət adamlarının, ədəbiyyat nümayəndələrinin və sosial şəbəkələrdə tanınan fiqurların da üzərinə ciddi məsuliyyət düşür.

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən yazıçı-kulturoloq Aydın Xan Əbilov bildirib ki, ictimai nüfuza və böyük auditoriyaya sahib olan sənət adamlarının əksəriyyəti cəmiyyətdə baş verən ciddi hadisələrə münasibət bildirməkdən yayınır, bəziləri isə susmağa üstünlük verir:

“Əslində Azərbaycanda mədəniyyət və ədəbiyyat xadimləri, blogerlər də daxil olmaqla bir çox tanınmışlar baş verən kataklizmlərə, sosial və məişət səviyyəli problemlərə qarşı bəzən sərt mövqe ortaya qoyurlar. Özüm də bu məsələlərlə bağlı tez-tez sosial şəbəkələrdə, mediada və telekanallardakı sosial verilişlərdə çıxış edir, müxtəlif təkliflərlə çıxış edirəm”. Dominos pizza

Əbilov xüsusilə cəmiyyətdə narahatlıq doğuran erkən nikahlar, qohum evlilikləri, qadınlara qarşı şiddət, uşaqların və gənclərin zərərli vərdişlərə yönləndirilməsi, mənəvi deqradasiya kimi hallara qarşı dəfələrlə sərt çıxış etdiyini bildirib:

“Bunlarla bağlı Milli Məclisdə də qanunvericilik səviyyəsində addımlar atılıb, deputatlar mövqe bildiriblər. Ancaq sənət adamları da bu məsələlərə daha çox diqqət yetirməlidir. Qəzzada baş verən dəhşətli hadisələr, Ukrayna müharibəsi, bütövlükdə müharibələrə ayrılan milyardlarla vəsaitin elmə, təhsilə sərf olunmaması kimi mövzulara sənət adamlarından heç bir reaksiya gəlmir. Onların gündəmini, sadəcə, ‘həci’lər, bağ evləri, estetik əməliyyatlar və qalmaqallar təşkil edir. Ciddi hadisələrlə bağlı fikirlərini eşitmirik”.

O, bu passivliyin ziyalılar arasında da müşahidə olunduğunu vurğulayıb:

“Elmlər Akademiyasının akademiklərinin belə aktual problemlərlə bağlı açıqlamalarını görmürük. Halbuki ictimai fiqur olan hər bir şəxs yazıçı, alim, sənətçi xalqın onu yetişdirdiyini unutmamalıdır. Uşaq qətlləri, ailədaxili zorakılıq, dəniz və çaylarda boğulma halları, küçələrdəki antisanitariya, insan haqlarına hörmətsizlik kimi məsələlərə onlar səssiz qalmamalıdı. Əgər heç nə edə bilmirlərsə, ən azı sosial şəbəkələrdə mövqe ortaya qoya bilərlər. Qısa paltar geyinməklə, konsertdə lüt soyunmaqla, ona-buna söz atmaqla gündəmdə qalmaq düzgün deyil. Cəmiyyətdə ictimai qınaq formalaşdırmağı bacarmalıyıq”.

Yazıçı həmçinin qeyd edib ki, son illər səhnə adamlarının fikirlərinə qarşı məqsədli şəkildə qara “PR” kampaniyaları aparılır:

“Bəlkə də elə buna görə çoxu susmağa üstünlük verir. Amma mən geri çəkilmirəm. Bildirdiyim fikirlər bəzi məmurların xoşuna gəlmədiyinə görə, onlar pul buraxaraq mənə qarşı kampaniyalar aparırlar. Yenə də hesab edirəm ki, sənət adamları hər məsələdə reaksiya göstərməlidirlər. Axı bu xalqın pulları ilə ev alır, məşhurlaşırlar. Auditoriyaları genişdir. Nədən qorxurlar? İndi 1937-ci il deyil. Əgər həbs olunarsınızsa, xalq sizi müdafiə edəcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru