İçdiyimiz sudur, yoxsa zəqqum? - RƏSMİLƏR NƏ DEYİR?

11-11-2016, 21:53           

- Evinizdəki krandan gələn suyu içirsiniz?
Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov: “Bəli, içirəm”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov: “Bəli, içirəm, çünki evimdə heç vaxt bulanıq su gəlmir”.
ETSN-nin Ətraf mühit üzrə milli monitorinq departamentinin direktor müavini Mətanət Avazova: “Evimə su Oğuz-Qəbələ kəmərindən gəlir, buna görə də içirəm”.
“Azərsu”ASC rəsmisi Anar Cəbrayıllı: “Bəli, içirəm”.
Bəs biz niyə içə bilmirik?
Səbəbsiz deyil. Axı su bulanıqdırsa, lillidirsə, xlor dadı verirsə, necə içək? Bu bizim görüb, hiss etdiklərimiz. Bilmədiyimiz nələr var görəsən?
Qalanlarını da qoyun “Müfəttiş” araşdırsın.
Başlayaq olanlardan. Bu yaxınlarda Lənkəran rayonunun Daştatük kəndində kütləvi zəhərlənmə hadisəsi baş verdi. 56 nəfəri xəstəxanalıq edən səbəb isə içdikləri su olmuşdu. Belə ki, kənd sakinlərinin istifadə etdiyi bulaq suyuna yağış suları qarışmışdı. Bunun səbəbi isə köhnə su xəttinə sakinlərin yenisini qoşması idi, həmin xəttin isə üstü açıq olub. Bu da su mənbələrinin necə qorunması və evimizə gələn suyun keyfiyyətinə inam məsələsini gündəmə gətirdi.
Sağlamlıq üçün təhlükəli maddələr
Paytaxtın 10%-ni, eləcə də Biləsuvar, Salyan, Şirvan, Hacıqabul, Sabirabad və Saatlı rayonlarının sakinlərini su ilə təmin edən Kür çayında çirklilik hər gün bir az da artır.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hər ayda iki dəfə açıqladığı rəqəmlər də təsdiqləyir. Nazirliyin Ətraf mühit üzrə milli monitorinq departamentinin direktor müavini Mətanət Avazova deyir ki, Kür çayının suyu çirklənərək ölkəmizə daxil olur.
İçdiyimiz sudur, yoxsa zəqqum? - RƏSMİLƏR NƏ DEYİR?
Onun sözlərinə görə, yuxarı axında olan ölkələr - Ermənistan və Gürcüstan Kürə kommunal təsərrüfat suları axıdır:
“Çaylarımızda biogen maddələrin miqdarı normadan dəfələrlə çoxdur. Ağır metalların da miqdarının normadan çox olduğu qeydə alınıb. Bu da yəqin ki, yağışlarla birlikdə illərlə dağ-mədən sənayesində istifadə edilən poliqonlardan sular vasitəsilə metalların çaya axıdılması ilə əlaqədardır.
Kür və Arazda fenolların miqdarı 2-3 dəfə, Kürdə mis 4, sink 2 dəfə, Araz çayında mis 5, sink 3 dəfə çoxdur. Hər iki çayda biogen maddələr 2-3 dəfə çoxdur”.
M.Avazova vəziyyətin çətinliyinə diqqət çəkir və bildirir ki, çayın tərkibində hər bir maddə normada olmalıdır, 0.1 dəfə artım belə normanı üstələmək deməkdir. Bu formada suyun istifadəsi sağlamlıq üçün zərərlidir.
“Eləcə də, həmin sudan suvarmada istifadə edilməsi, həmçinin suda yaşayan canlılar üçün də təhlükəlidir. Artıq bir çox nadir balıq növləri Kür çayında qalmayıb. Daha Arazda 30 il əvvəl yaşayan xallı farellər yoxdu. Ekoloji baxımdan suyun keyfiyyəti qənaətbəxş deyil. Eksterimal vəziyyət deyil, lakin çirklənmə var”.
M.Ayvazova çaydan içməli su kimi istifadə edildiyi zaman təmizləndiyini və ondan sonra insan sağlamlığı üçün təhlükəli olmadığını vurğuladı. Ancaq təbii çirklənmə varsa, məsələn, yağışdan su bulanmış olur. Bu suyun keyfiyyətinə birbaşa təsir edir və aşağı düşür.
Çayların tərkibindəki maddələrdən detallı şəkildə xəbərdar olan M.Avazovadan evindəki krandan gələn suyu içib-içmədiyini öyrəndik:
“Bayıl qəsəbəsində yaşayıram, bizə su Qəbələ su kəmərindən gəlir. Ona görə də heç bir təmizləmə aparmadan krandan su götürüb içirəm”.
Bəs Kürdəki su bu qədər çirklidirsə, onu içməli hala gətirmək mümkündürmü?
Suyun keyfiyyətinə nəzarət edən Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bütün içməli su hövzələrində bakterioloji və kimyəvi müayinə aparıldığını deyir:

“Hər ay apardığımız tədqiqat və aldığımız məlumata əsasən, içməli suyun tərkibinin standartlara cavab verdiyini müəyyən edirik. Nümunələr ehtiyat su anbarları və stasionar məntəqələrdən götürülür. Ayda bir dəfə yoxlamalar aparılır. Suyun lilli olmasının keyfiyyətin aşağı olması ilə heç bir əlaqəsi yoxdur”.
Hazırda Azərbaycanda içməli suyun keyfiyyəti “QOST 2874-82” standartları əsasında tənzimlənir. Bu standartın qəbul tarixi isə Sovet dövrünə aiddir. Z.Kazımov köhnə standartla yoxlamanın effektinə aydınlıq gətirdi:
“Gözümüzü açandan suyun keyfiyyətini bu standartla yoxlayırıq. İçməli suya olan gigiyenik tələbələr əsasında sanitar kimyəvi və bakterioloji göstəricilər təyin edilir. Bu standartın dəyişməsinə ehtiyac olub-olmaması isə mənim səlahiyyətimdə deyil. Lakin apardığımız yoxlamalar Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğundur”.
Bəs su təmizlənirsə, su filtr şirkətlərinin sayı niyə artır? İlk ağla gələn onlara ehtiyacın olmasıdır. Düzdür, bu şirkətlərin əksəriyyətinin saxtakar olması barədə fikirlər var. Yaxşı, bu şirkətlər bir tərəfə, evdə adi pambıqla su süzərkən, ağ pambığın qaralmasının səbəbi nədir?
Yaxud da, bu qədər təmiz yoxlanılan suya lil, qum, pas hardan qarışır?
Bir neçə ay əvvəl “Azərsu” ASC-nin su təmizləyici qurğularında monitorinq apar Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüsenyov avadanlıqların və təmizləmə işlərinin standartlara uyğun olduğunu düşünür:

“Bizim təklifimiz əsasında su təmizləyici qurğularında monitorinq apardıq. Məlum oldu ki, “Azərsu”da ən müasir texniki qurğular qoyulub. İstehlakçılara təmizlənmiş su verilir. Lakin su infrasturukturu, borular həddən artıq köhnədir, əhali su hövzələrindən düzgün istifadə etmir, su boruları partladılır, ora yağış və çirkli sular axıdılır. Nəticədə problemlər yaranır, bu isə əhalinin problemidir. Bir sözlə, borulara təmiz su verilir, lakin infrasturukturun köhnəliyi baxımdan evlərə bir çox hallarda təmiz su gəlmir”.
E.Hüseynov hesab edir ki, evlərə gələn suyun rənginin dəyişməsi, lilli olması da borularla bağlıdır:
“Kənar suların qarışdırılması məsələsi də var, lakin əsas səbəb boruların köhnə olmasıdır. Bəzən də boruları təmir edəndən sonra suyu verəndə paslı su gəlir. Vətəndaşlar daşların, pasın kranın “setka”sına dolması ilə bağlı şikayətlər edirlər. Bunlar inkaredilməz faktlardır. Bu birmənalı boruların, dolayısı ilə “Azərsu”nun problemidir. Borular dəyişməlidir. Evimdə su filtri yoxdur, lakin mən krandan gələn suyu içirəm, çünki mənim mənzilimdə bulanıq gəlməsi müşahidə edilməyib. Əgər bulanıq su gəlsə, onu içmək bir tərəfə, əl yumaq belə olmaz. Normal su gələndə isə içmək olar. Suyun çirklisi kimi, çox təmizi də zərərdir. Mən “Azərsu”nu həmişə tənqid etmişəm, amma son müşahidələrimdən sonra yaxşı təmizləndiyini gördüm”.
Niyə xlor qoxusu var?
Nəhayət bütün bunlardan sonra içməli suyun keyfiyyətinə nəzarət edən qurum “Azərsu” ASC-nin də məsələdə mövqeyini öyrənməliyik. Qurumun rəsmisi Anar Cəbrayıllı suyun lilli olması, boruların lilli suya təsiri və təmizləmə prosesi barədə suallarımızı cavablandırdı.
Onun sözlərinə görə, suyun emalından tutumuş, anbarlarda toplanması və istehlakçılara çatdırılmasına qədər hər şey nəzarətdə saxlanılır:
“Oğuz-Qəbələ-Bakı və Şollar kəməri ilə Abşerona gətirdiyimiz sular artezian suyu olduğuna görə, təmizlənməsinə ehtiyac yoxdur. Ancaq Kür və Ceyranbatandan gələn göl və çay suyu olduğuna görə emalı mütləqdir və emal verilən kimi su ilkin olaraq xlorlanır. Sonra Kürdə 3, Ceyranbatanda isə 2 pilləli təmizləmə aparılır və təmiz su anbarlarına ötürülən su yenidən xlorlanır. Kür sutəmizləyici qurğularından Bakıya nəql olunan su Səngəçalda yenidən xlorlanır. Mərkəzi anbarlarda və mərkəzi nasos stansiyalarında xlor qalığına uyğun olaraq, bu proses yenidən davam etdirilir. Bu gün dünyada xlor ən yaxşı dezinfeksiyaedici vasitədir, xüsusən də, suyun uzaq məsafəyə verilişində daha effektlidir”.
Dünyada xlora alternativ olaraq, ultrabənövşəyi şüalar, azonla zərərsizləşdirmə üsulları da var. A.Cəbrayıllı bu üsulların ölkəmizdə tətbiqinə aydınlıq gətirdi. Bildirdi ki, bunlar daha yaxın məsafələr üçün nəzərdə tutulur:

“Bakıya isə su uzaq 150-260 km məsafələrdən gətirilir və bundan başqa, Abşeronda istismar olunan şəbəkənin bəzi hissələri uzun müddətdir istifadədədir, yəni nisbətən köhnədir. Bu şəbəkələri nəzərə alaraq, ən effektiv təmizləmə vasitəsi kimi xlordan istifadə edirik”.
Sudan xlor qoxusunun gəlməsinə aydınlıq gətirən “Azərsu” rəsmisi bildirib ki, ilin bütün fəsillərində suyu xlorlamaq məcburiyyətindədirlər, yay aylarında isə buna daha ciddi nəzatət olunur:
“Çünki həmin dövrdə bakteriyaların artımı və yayılması üçün münbit dövrüdür. Biz həmişə çalışırıq ki, suya xlor vurularkən Ümumdünya Səhiyyə Təşkilatının, DÜST standartlarına əməl edək ki, suda normadan artıq xlor olmasın və insanların səhhəti üçün təhlükə yaranmasın. Bizim qurğularda xlorlama prosesi avtomatik rejimdə aparılır, yəni insan müdaxiləsi olmur”.
Amma şikayətlər də var…
Bütün bu işlərə baxmayaraq, A.Cəbrayıllı şikayətlərin olduğunu qəbul edir. O bildirir ki, əsas şikayətlər elə xlorun iyi və suyun bulanıqlığı ilə bağlıdır:
“Araşdırma zamanı köhnə şəbəkələrdən qaynaqlanan bulanıqlıq qeydə alına bilər. Xətlərdə qəza olanda evlərə lilli su verilə bilər. Lilli su daha çox yeni tikililərdə qeydə alınır. Çünki bu binların çoxunda anbarlar vaxtında təmizlənmir. Amma kimyəvi və ya bakterioloji çirklənmələr aşkarlanmayıb. Qeyd edim ki, Kür çayında bulanıqlıq artanda biz suyu təmizləməkdə çətinlik çəkdiyimizə görə bu mənbənin işini müvəqqəti olaraq dayandırırıq. Suyun keyfiyyətinə dövlət nəzarətini Gigiyena və epidemiologiya mərkəzləri həyata keçirir. Yəni 2 qurum tərəfindən bu məsələ daim nəzarətdədir”.
A.Cəbrayıllı onu da vurguladı ki, bu ilin 9 ayında “Azərsu” ASC-nin mərkəzi laboratoriyasında 20 minə yaxın su nümunəsi yoxlanılıb. Paytaxta gələn suyun 53%-i Ceyranbatan təmziləyici qurğularının payına düşür. 23% Oğuz-Qəbələ su kəməri ilə gələn sudur. Xaçmaz kəməri Bakıya gələn suyun 14 faizini təşkil edir. Ən az isə Kürün payına düşür - 10%. Kürdə emal olunan suyun bir hissəsi Biləsuvar, Salyan, Şirvan, Hacıqabul, Sabirabad və Saatlı şəhərlərinə verilir.
Xətlərin köhnə olmasının suyun keyfiyyətinə təsiri iddiası ilə “Azərsu”rəsmisi razılaşmır. Bildirir ki, xətlər köhnə olsa belə, bu suyun keyfiyyətinə təsir etmir.
Araşdırmamızı oxudunuz. Bəs bundan sonra krandan gələn suyu içəcəksiniz?
Gülxar Şərif












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.