Moskva körpüləri yandırmaq istəmir: - Putin o sözlərlə nəyi demək istədi?

Bu gün, 12:42           
Moskva körpüləri yandırmaq istəmir: -
Rusiya prezidenti Vladimir Putin Pekində keçirilən sammit çərçivəsində Azərbaycanla bağlı gözlənilməz dərəcədə yumşaq və barışıq tonlu açıqlama verib.

Putin çıxışında deyib: “Münasibətlərdə hər zaman cari vəziyyətdən doğan suallar və problemlər olur. Amma bu gün prezident Əliyevlə salamlaşdıq, bir neçə kəlmə danışdıq. Əsaslı münasibətlər və qarşılıqlı maraqlar hər şeyi öz yerinə qoyacaq”.

Günün əvvəlində Kremlin təbliğatçıları çıxışlarında Bakı ilə əlaqələrin qopmaq ərəfəsində olduğunu, münasibətlərin isə “soyuq müharibə” həddinə çatdığını iddia edirdilər. Bu xəttin birbaşa Kremldən gəldiyini nəzərə alsaq, Putindən də sərt bəyanatlar gözlənilirdi. Lakin əksinə, Rusiya liderinin açıqlaması kifayət qədər diplomatik və barışıq mesajı daşıdı. Diqqətçəkən məqam ondan ibarətdir ki, dövlət başçısı İlham Əliyevlə təmas təşəbbüsü birbaşa Putinin özündən gəlib. Onun yumşaq tonu və ilk addımı atması, Kremlin təbliğatçılarının gün ərzində apardığı aqressiv kampaniyaya dolayı cavab kimi qiymətləndirilə bilər. Beləliklə, Putinin açıqlaması göstərdi ki, Moskva Azərbaycanla münasibətlərdə körpüləri tam yandırmaq niyyətində deyil.

Siyasi şərhçi Akif Nağı Musavat.com-a açıqlamasında bildirib ki, Azərbaycan və Rusiya qarşılıqlı münasibətlərdə əməkdaşlıqda maraqlıdırlar. Onun sözlərinə görə, Rusiyanın Azərbaycana ehtiyacı var:

“Azərbaycan və Rusiyanın münasibətləri əksər vaxtı yaxşı olub. Sadəcə olaraq Rusiya prezidenti istəyirdi ki, son hadisələrlə bağlı Azərbaycan tərəfi tələblərini xeyli yumşaltsın. Dövlətimiz isə öz tələblərindən geri çəkilmirdi və davamlı şəkildə öz mövqeyini müdafiə edirdi. Vəziyyət o yerə gəlib çatdı ki, prezidentimiz İlham Əliyev Ukraynanın müəyyən ərazilərinin Rusiya tərəfindən işğalı fikirlərini də dilə gətirdi və Rusiyada bu etirazla qarşılandı. Daha sonra isə Azərbaycanın Zəngəzur bölgəsinin bolşevik Rusiyası tərəfindən işğalını xatırlatdı və bu da Rusiyada xoş qarşılanmadı. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan göstərdi ki, öz haqlı mövqeyindən geri çəkilmək fikri yoxdur.

Vladimir Putinin hazırkı çıxışı isə onu göstərir ki, Rusiya prezidenti Azərbaycanın haqlı mövqeyi ilə tədricən hesablaşır. O, başa düşdü ki, ölkəmizə qarşı müəyyən təzyiqlər göstərməklə yumşalma baş tutmayacaq. Buna görə də bütün müstəvilərdə Azərbaycanla münasibətlərin bərpa edilməsinə çalışır. Hesab edirəm ki, bunun ardınca Rusiya tərəfindən digər addımlar atılacaq və barışıq üçün təşəbbüslər göstəriləcək. Bundan əvvəl də müəyyən addımlar atılmışdı, məsələn, Azərbaycanın birinci vitse-prezidentini Vladimir Putin təbrik etmişdi, Overçuk Azərbaycanla münasibətlərə dair açıqlamalar vermişdi. Yəni, onlar başa düşürlər ki, proses getməlidir. Əgər Rusiya Azərbaycanın mövqeyi ilə sona kimi hesablaşarsa, bu proses sürətlənəcək”.

Politoloq Qulamhüseyn Əlibəylinin fikrincə, Vladimir Putin artıq qəbul edir ki, Rusiya ilə münasibətləri normallaşdırmaq lazımdır və bu münasibətlərin pozulması Azərbaycan tərəfinin günahı deyil:

“Rusiya sanksiya altında olan ölkədir və çalışmalıdır ki, digər dövlətlərlə, xüsusən də qonşularla münasibətləri gərginləşdirməsin. Rusiya rəsmiləri buna qədər münasibətlərin gərginləşməsində xeyli irəli getdilər. Lakin indi Rusiya hökuməti münasibətlərin gərginləşməsində maraqlı deyil. Zənnimcə, Putin tədricən münasibətləri korlayan dairələrin qarşısını alacaq. Qonşu dövlətlərin bir-biri ilə gərgin münasibət sərgiləməsi qəbuledilməzdir”.

Politoloq Tofiq Abbasov deyir ki, Azərbaycan hökuməti və rəhbərliyi Rusiya ilə münasibətlərdə bütün vəziyyətlərdə təmkin göstərib. Onun sözlərinə görə, Rusiyada isə ölkəmizlə bağlı aqressiv münasibət sərgilənib:

“Çox lazımsız şərhlər verirlər ki, guya, Azərbaycanla Rusiya əzəli düşmən olublar, Rusiya buna göz yumurmuş və s. kimi cəfəng fikirlər.

Rusiya prezidentinin Çindəki açıqlamasına gəlincə isə deyə bilərəm ki, Vladimir Putin bundan başqa fikir səsləndirə də bilməzdi. Kadrlardan da gördük ki, bu, təsadüfü görüş idi və Putin heç fikirləşmədən dövlət başçımıza doğru döndü və ona əl uzatdı. Görünür, Putin özü də başa düşür ki, Azərbaycan liderinin heç bir günahı yoxdur və prosesləri təmkinlə tənzimləmək lazımdır. Rusiya çalışır ki, Azərbaycanla son körpülər yanmasın və buna görə də ilk addımı o atır. Qonşu ölkələrin ortaq maraqlardan gözlədiyi mənfəətlər var. Münasibətlər normallaşmalıdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru